"Azercell" abonentini qəzəbləndirdi
29 Aprel 2014 13:08 ProblemAzərbaycanın tanınmış mobil rabitə operatoru müştərisinin qəzəbinə tuş gəlib. Milli.Az-ın daimi oxucularından biri yazır ki, uzun müddətdir "Azercell" abonentidir. Son zamanlar onun beynəlxalq danışıqlarla bağlı problemi yaranıb. Dəfələrlə ölkə xaricinə zəng etsə də, qarşı tərəflə danışa bilmir. Nəticədə isə danışmadığı dəqiqələr üçün pul ödəmiş olur.
Azercell Telekom MMC-nin mətbuat xidmətindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Azercell abunəçiləri arasında beynəlxalq zənglər zamanı belə bir problemin mövcudluğu qeydə alınmayıb: "Konkret olaraq sizə müraciət edən abunəçinin şikayətini nəzərdən keçirmək və mövcud vəziyyətlə bağlı dəqiq cavab vermək üçün bizə, əlbəttə ki, həmin abunəçinin nömrəsi gərəkli olacaq. Xahiş edirik, həmin məlumatı təqdim edəsiniz".