Ailə qətllərinin səbəbi nədir? - AKTUAL

Son vaxtlar Azərbaycanda ailə qətllərinin sayı artmaqdadır. Artıq demək olar ki, hər gün ailə münaqişəsinin qətllərlə sonuclanmasının şahidi oluruq. Hər gün bu acı xəbər ictimaiyyət arasında dolaşır. Artıq iş o həddə çatıb ki, ailə qətllərini də adi, sıradan bir hadisə kimi qəbul etmək məcburiyyətində qalırıq. Artıq bu faciə gündəlik həyatımızda eşidəcəyimiz iki xəbərdən birinə çevrilib. "Ər-arvadını qətlə yetirdi", "Ər həyat yoldaşının başını kəsdi", Gənc qadın həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirildi" və sair bu kimi xəbərlər hər gün səslənir.

Maraqlıdır,  bu cür hallar nədən baş verir? Bu cür qətllər bəzi hallarda qadının kişiyə xəyanətindən baş versə də, bu baş verən qətllərin hamısı deyil. Müxtəlif səbəblərdən və ya müəmmalı səbəblərdən qətl hadisələri baş verir. Bu və ya digər suallarla bağlı məsələyə münasibət bildirən tanınmış hüquq müdafiəçisi Namizəd Səfərov da bu qətllərin müxtəlif səbəblərdən baş verdiyini deyir. Onun sözlərinə görə, Azərbaycanda baş verən ər-arvad qətllərinin cəmi 5 faizi xəyanətə görədir: "İstənilən cəmiyyətdə cinayət faktlarının artımı cəmiyyətdəki problemlərin, qanunsuzluq və özbaşınalığın göstəricisi kimi təzahür edir. Əhalinin bir qismi işsiz -gücsüz və sərgərdan həyat tərzi keçirir, sosial problemlərdən əziyyət çəkir. Bütün bunlar insanın psixoloji durumuna mənfi təsir göstərir. İnsanlar məişət qayğılarını tənzimləyə bilmirlər. Bu mənfi, neqativ ğöstəricilər daha çox ailə münasibətlərində özünü büruzə verir".

Namizəd Səfərov deyir ki, bu cür qətllər adətən sosial durumu yaxşı olmayan ailələrdə baş verir: "Ailə başçıları, yəni həm kişi, həm də qadın ailənin, uşaqların tələbatını ödəyə bilmirlər. Kişi işləmir, ailəyə qazanc gətirmir. Qadın da bu problemi hər gün qabardır və kişini evə qazanc gətirə bilməməkdə ittiham edir. Nəticədə münaqişə yaranır. Əsəblərin daraldığı bir şəraitdə bu münaqışələr qarşılıqlı zorakılıqlara səbəb olmaqla bir sıra hallarda ölüm və ya digər ağır nəticələrlə başa çatır. Halbuki,ailə başçısi işləmək, ailəni dolandırmaq istəyində olmaya bilməz. Hansı ailə başçısı istəməz ki, bir yerdə işləyib ailəsini dolandırmaq imkanı əldə etsin. Sadəcə iş tapmaq mümkün deyildir. İşləməyən ailələrə, uşaqlara maddi yardım və sosial müavinətlər ödənilmir. Bəzi ailələrə ödənilən cuzi sosial yardım isə onların çörək puluna belə kifayət etmir".

Hüquq müdafiəçisi iddia edir ki, bu cür qətl hadisələri baş verəndə istintaq işi obyektiv və kökündən araşdırıb səbəblərini tapmır: "Bu qətl hadisələrini qeydə almaq, istintaqını aparmaq, səbəbləri aydınlaşdırmaq heç kimin marağında deyil. Birini tutub uzun müddətə həbsə salmaqla işini bitmiş hesab edirlər. Bununla problemi həll etmək olmaz. Ailələrdə baş verən münaqişələrin başlıca və ən mühüm səbəbi ailədaxili problemlər və ailəni dolandırmaqda maddi çətinliklərdən yaranan çıxılmaz vəziyyətlərdir".

Namizəd Səfərov deyir ki, ailə münaqişələri və ölüm hadisələrinin 95 %-i məhz maddi çətinliklər və bundan doğan sosial problemlərlə bağlıdır: "Yuxarıda qeyd etdiyim kimi digər səbəblər bu ölüm faktlarının yalnız 5 %-ə qədərini təşkil edir. Özü də yalnız qadının yox, həm də kişinin ailəyə xəyanəti hallarında. Yəni ər-arvadın bir-birlərinə sırf qısqanclıq zəminində törənir. Bunun yalnız cuzi bir hissəsi qadınların təqsirindən törənir. Azərbaycan qadınlarının ailəyə, ərinə xəyanəti çox təsadüfi hallarda baş verir. Bax, kişilərin xəyanəti isə bu daha intensiv baş verən hadisədir. Bu sadəcə qısqanclıq zəminində baş verir.Kişi elə düşünür ki,həyat yoldaşı ona xəyanət edir.Əksər hallarda bu qısqanclıqdan doğan həqiqətdən uzaq şübhə olur. Bəli,başlıca səbəbi budur.Aılələr əsil yoxsulluq və səfalət içərisində yaşayırlar.Banklara və ya kiməsə borcu olmayan adam yoxdur. Bu gün məhkəmələrdə baxılan mülki işlərin 60 %-i bankların vətəndaşlara qarşı və vətəndaşların bir-birlərinə qarşı olan pul iddiaları ilə bağlıdır".

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31