Mingəçevirin Təbriz küçəsini Etibar Pirverdiyev zəbt edibmiş
Sakinlərin araşdırması maraqlı faktlar ortaya çıxarıb
11 Aprel 2014 16:13 ProblemMingəçevir şəhərində, Təbriz küçəsinin bir hissəsində əhalinin yaşadığı 100 hektardan artıq ərazinin zəbt edilməsi faktı ortaya çıxıb. Bu barədə "OLAYLAR"a həmin küçədə hasarlanmış ərazidə yaşayan sakinlər məlumat verib. Sakinlərin dediyinə görə, ərazinin "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev tərəfindən zəbt olunması məlum olub. Sakinlərin araşdırması zamanı müəyyən edilib ki, ərazi heç bir sənəd olmadan hasarlanıb və torpaq sahəsi qanunsuz tutulub: "Əvvəl deyirdilər ki, guya ərazi Şimal Dövlət Regional Elektrik Stansiyasının (DRES) təhkim zolağıdır. Biz bu barədə araşdırma apardıq və sənəd tələb etdik. Məlum oldu ki, ərazinin hasarlanması barədə heç bir sənəd yoxdur və sahənin hasarlanmasını Etibar Pirverdiyev tapşırıb". Sakinlər məsələ ilə bağlı araşdırmaların davam etdirilddiyini bildirir.
Qeyd edək ki, həmin ərazi bir neçə ay əvvəldən hasarlanmağa başlayıb. 100 hektardan artıq olduğu deyilən bu sahə 5 metr hündürlüyündə hasara alınıb və ərazidə yaşayan 70 ev blokada şəraitində qalıb. Həmin ailələrin Kür çayına çıxışı da bağlanıb.