Azərbaycanda qurdlu sosiska qalmaqalı ilə bağlı AÇIQLAMA

"Şikayətçi dünən komitəyə dəvət olundu. O, ANS-də çalışan Azər Məmmədovun yoldaşıdır. Sosiskanı səhər yeməyi üçün yoldaşına bişirərəkən belə xoşagəlməz halla rastlaşdığını bildirdi".

Milli.Az xəbər verir ki, bunu Modern.az saytına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib: "Həm də sevindiricidir ki, bu, media nümayəndəsinin başına gəlib. Digər bir insan belə halla qarşılaşdığı təqdirdə məsələ bu qədər ictimailəşməyə də bilərdi. Yalnız düşünürəm ki, şikayətçi nəticəyə nail olduqdan sonra bunu ictimailəşdirsəydi, daha yaxşı olardı. Hər halda şikayətçi dilinə qurd sözünü gətirmədi belə. "Qurd" sözü ilk dəfə Facebook sosial şəbəkəsində səsləndi. Müəyyən olundu ki, sosiskanın içərisindəki yad cisim qaralmış kağız parçasıdır. İkinci tərəfdən, bu sosiskanın tərkibi yoxlanmaq üçün laboratoriyaya təqdim olunub. Yalnız laboratoriya nəticəsindən sonra bilinəcək ki, həqiqətən "Səhliyalı" şirkətinin məhsuludur, ya yox. Sosiskanın içərisindən qurd çıxması iddiası sadəcə bəzi jurnalistlərin uydurmasıdır. Bu, yerli məhsulumuza qarşı məqsədli təxribatdır".

Komitə rəsmisi bildirib ki, həmin yad cismin sosiskanın içərisinə necə düşməsi üçün şirkətdə qurulan təhlükəsizlik kameraları araşdırılır:

""Səhliyalı" şirkətində hazırlanma prosesi avtomatlaşdırılmış qaydada, yüksək texnologiyalara əsasən həyata keçirilir. Yəni heç bir insan müdaxiləsi mümkün deyil. Ora yad cismin düşməsi isə hər hansı bir müdaxilənin nəticəsində ola bilər.

Əgər məhsulun həqiqətən həmin şirkətə məxsus olması sübuta yetirilərsə, müvafiq qurumlar tərəfindən ölçü götürüləcək. Ehtimallar araşdırılır. Nəticəsi ictimaiyyətə çatdırılacaq. Bir daha vurğulamaq istəyirəm ki, bu Azərbaycan istehlakçısını yerli məhsulu almaqdan çəkindirmək üçün atılan bir addımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31