Abşeron Telekommunikasiya Qovşağı abunəçiləri süründürməklə məşğuldu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2003-cü ildən Azərbaycanda bütün ərazilərdə mənzillərin telefon xətləri ilə təmin olunmasına başlayıb. Bu Azərbaycan prezidentinin 16.01.2013-cü l tarixli Sərəncamı ilə 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı idi. Bu məqsədlə Azərbaycanda hər bir evdə telefon və sürətli internetin olması üçün nazirlik bu layihəyə başladı və proses hələ də davam etdirilir.

Amma, bu proses bəzi ərazilərdə bəzi məmurlar tərəfindən ləngidilir, abunəçi olmaq istəyən vətəndaşlar süründürülür, illərlə get-gələ salınır və bezdirilir. Nəticədə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi layihələr  yubanır. Həmin əlaqədar məmurlar nazirliyə yalan məlumatlar verərək guya ki, istənilən ərazidə mənzillərdə telefon və yüksək sürətli internet xəttinin olduğunu bildirir, yerlərdə isə bu layihələrdən müəyyən maraqları üçün istifadə edir, əhalini bezdirir. Bu da birbaşa əhalini nazirlikdən, narazı salır.  2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə əlaqədar mən də Abşeron rayonu, Saray qəsəbəsi 3 ünvanındakı mənzilimə telefon xətti çəkdirmək qərarına gəldim və bu barədə  "Aztelekom" İstehsalat Birliyinə müraciət etdim. Birlik rəhbərliyindən mənə bildirdilər ki, bu barədə qurumun Abşeron Telekommunikasiya Qovşağına müraciət edim. Mən də adıçəkilən quruma müraciət etdim. Qovşaqdan bildirdilər ki, bu barədə yaxın günlərdə araşdırma aparılandan sonra mənə məlumat veriləcək və mənzilə telefon xətti çəkiləcək. Bu təxminən 1 il əvvəl olub. Müraciətdən 2 ay keçsə də, Abşeron Telekommunikasiya Qovşağına etdiyim müraciətdən heç bir xəbər çıxmadı və mən yenidən həmin quruma müraciət edərək nəticəni öyrənmək istədim. Qovşaqdan bildirdilər ki, mənim müraciətim nəzərə alınsa da, təşkilatın bu işi həyata keçirməyə gücü yoxdur. Yəni, bunun üçün mənzil sahibi xərc ödəməlidir. Xərc isə bundan ibarətdir. Abşeron Telekommunikasiya Qovşağının telefon çəkməsi üçün lazım olan bütün avadanlıqları, kabelləri, xətt dirəklərini və telefon blokunu mən şəxsi vəsaitimlə almalıyam, bu materiallar alınandan sonra Abşeron Telekommunikasiya Qovşağına məlumat verməliyəm və həmin materialları onlara təqdim etməliyəm. Yalnız bundan sonra qovşaq mənim mənzilimə telefon xətti çəkilməsinə icazə verməlidir. Bunu mənə qovşağın əraziyə baxış keçirmək üçün gələn sahə mühəndisi və mantyoru bildirdi. Sual verdim ki, bəs necə olur ki, nazirlik bu materialların dövlət vəsaiti hesabına ödənildiyini deyir. Həmin şəxslər isə "Xeyr! Biz yalnız tender yolu ilə telefon xətləri çəkəcəyimiz halda həmin materialları pulsuz veririk. Qalan vaxtlarda, fərdi evlərə çəkilən telefon xəttinə görə bütün xərcləri mənzil sahibi ödəməlidir".

Abşeron Telekommunikasiya Qovşağının nümayəndələrinin bu cavabından sonra mən məcburiyyət qarşısında qalıb Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə müraciət etdim. Nazirlikdən bildirdilər ki, fərdi yaşayış evinə çəkiləcək telefon xətti üçün mənzil sahibi heç bir vəsait ödəmir. Mənzil sahibi sadəcə aidiyyəti ərazi üzrə yerləşən qovşağa müraciət edir, oradan telefon xətti üçün texniki şərt alır və bununla da mənzil telefon xətti ilə təmin edilir.

Qovşaqdan mənə verilən cavabı nazirliyə çatdırandan sonra rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov və nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov bu məsələ ilə maraqlandılar. Hadisədən bir gün sonra mobil telefonuma zəng gəldi. Zəng vuran şəxs Abşeron Telekommunikasiya Qovşağından idi. Özünü Sahib müəllim kimi təqdim edən şəxs məsələ ilə maraqlandı və bildirdi ki, ona nazirlikdən tapşırıq gəlib ki, mənim mənzilim telefonla təmin edilsin. Düzü sevindim. Zəng vuran şəxs hətta bu barədə məni bir az qınadı da. Bildirdi ki, bəs gərək bu barədə nazirliyə məlumat verib onları narahat etməyəydim: "Qardaş, sən niyə nazirliyə zəng edib onları narahat etmisən? Elə bundan ötrü mənim yanıma gələrdin, sənə nə lazımdı kömək edərdik. Burda nə qədər çətin iş var ki? Sən ünvanı de, sabah sənin problemin həll olunacaq".

Həmin şəxsə yenidən ünvanı xatırlatdım və sağollaşdım. Qovşaqdan zəng vuran bu şəxsin kimliyini bilməsəm də, qurumda söz sahibi olan adam kimi danışması məni bir az arxayınlaşdırdı. Səhəri gün telefonuma daha bir nömrədən zəng gəldi. Bu dəfə isə zəng vuran şəxs özünü Sakit müəllim kimi təqdim edərək bir də ünvanı soruşdular, təxmini hansı ərazi olduğunu xatırlatmağımı xahiş etdi. Hər yolunu başa saldım bu şəxsə də. Son sözü o oldu ki, səhəri gün əraziyə mantyor göndəriləcək və mənzilə telefon çəkilişinə başlanacaq. Amma, hələ də gözləyirəm.

İki ay da gözlədim. Mənə sonuncu zəng vuran şəxsə-Sahib müəllimə zəng vurub maraqlananda qəribə cavab aldım. Sakit müəllim əvvəlcə dedi ki, qurumun telefon çəkməyə imkanı yoxdur, materiallar gələndən sonra idarədə bu barədə qərar qəbul olunacaq. Sakit müəllimə xatırladanda ki, mənim evimə telefon xətti çəkilməsi üçün nazirlikdən göstəriş verilib, o həmin vaxt sözünü dəyişdi və "narahat olmayin, yaxın vaxtlarda sizing evə terlefon çəkiləcək" dedi. Hətta bildirdi ki, mənə nazirlikdən bu barədə soruşsalar deyim ki, problem həllini tapıb və telefon xətti çəkilib.

Həmin vaxtdan 9 ay da keçib. Amma Abşeron Telekommunikasiya  Qovşağından hələ bir xəbər yoxdur. Artıq son vaxtlar qovşağa zəng edəndə dəstəyi də qaldırmırlar. Məlumdur ki, qurum rəhbərliyi telefon xətti çəkmək istəmir. Yəni ona abonenetlərinin sayının artmağı deyil, başqa şey maraqlıdır. Nazirlikdən gələn zənglər də qurum rəhbərliyini narahat etmirsə, demək bu prosesdə başqa maraqlar var. Hər halda hələ də gözləyirəm.

İnanıram ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu yazıdan sonra məsələnin ciddi araşdırılmasına başlayacaq və şəxsən cənab nazir Əli Abbasov bu cür məsuliyyətsiz məmurlar barədə tədbir görəcək.

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31