Hüseynqulu Bağırov: "Qasırğa nəticəsində bəzi şəhərlərdə qoca ağacların aşması qeydə alınıb"

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkə ərazisində dünən müşahidə olunan güclü küləkli hava şəraitinin ətraf mühitə göstərdiyi təsiri açıqlayıb. Trend-in məlumatına görə, nazir jurnalistlərə bildirib ki, qasırğa nəticəsində bəzi şəhərlərdə qoca ağacların aşması qeydə alınıb. Bunu təbii hal sayan nazirin sözlərinə görə, təbii hadisələr nəticəsində seçim olur: "Zəiflər təbiətdən gedir, daha güclüləri isə təbiətdə qalır, uyğunlaşır. Bu da təbii prosesdir". H.Bağırov bildirib ki, yaz vaxtı gündüzlər isti olanda, sonradan isə temperatur enəndə və hava soyuyanda soyuq və isti hava axınlarının toqquşması nəticəsində qasırğalar baş verir.

Onun sözlərinə görə, artıq neçə illərdir ki, Azərbaycanda mart-aprel ayında bir neçə zonada - Gədəbəydə, Daşkəsəndə, Astarada, Yardımlıda belə hallar qeydə alınıb: "Bu proses ağacların üst tərəfində başlayır. Belə qasırğalar şar formasında ildırımın mövcudluğuna, yanğınlara və s. gətirib çıxarır. Bu da təbii hadisədir".

Qeyd edək ki, dünən ölkə ərazisində güclü küləklə müşahidə olunan hava şəraiti hökm sürüb. Bəzi rayonlarda güclü külək fəsadlar törədib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31