“Binə” Ticarət Mərkəzi yenidən ayağa qalxır - PROBLEM

Bazarın sökülməsini eşidən sahibkarlar mağazalarını satır

"Binə" Ticarət Mərkəzi ətrafında yenidən qalmaqal yaranıb. Bu barədə redaksiyamıza ticarət mərkəzindəki sahibkarlar məlumat verib. Sahibkarlar deyirlər ki, ticarət mərkəzində yenə də mağaza sahiblərinə qarşı təxribat hazırlanır. Bazar rəhbərliyinin göstərişi ilə sahibkarlara yenidən təzyiqlər başlanıb. Təzyiqlərin səbəbi isə sahibkarların ticarət mərkəzini tərk etməsidir. Mağaza sahibləri bildirilər ki, onlara artıq bu ticarət mərkəzində alver etmək sərf etmir. Çünki, ticarət mərkəzi yaxın vaxtlarda söküləcək: "Ticarət mərkəzinin yarısı söküləcək. Bu barədə hamıya xəbərdarlıq edilib. Amma, bazar rəhbərliyi bunun yalan olduğunu deyir ki, biz bazarı tərk etməyək. Amma, əslində bu neçə vaxtdı müzakirə olunur. Bazarın 1-ci sırasından 6-cı sırasına qədər olan ərazi söküləcək. Çünki, həmin ərazidən dairəvi yol keçəcək. Burda da ən yaxşı alver gedən ərazi 4, 5 və 6-cı sıralardır. Bu sıralar dağıldısa daha "Binə"yə heç kim gəlməyəcək. Biz də buna görə, bazarı indidən tərk edib özümüzə yer tapmaq istəyirik.  Amma, imkan vermirlər. Hər cəhdlə çalışırlar ki, bizi burda saxlasınlar, acından öldürsünlər. Hər gün bir cür təzyiqlər edirlər. Gah deyirlər ki, kim çıxsa mağazası əlindən alınacaq, gah deyirlər narahat olmayın, yol başqa yerdən keçəcək. O gün gəlib deyirlər ki, guya Kəbirə Məmmədova yuxarılarla danışıb, yolun sxemini dəyişdirib, guya yol "Binə" nin sag tərəfindən keçəcək. Bir-iki nəfər də çaşqınlıq yayıb ki, guya yol "Binə"dən yox, "Sədərək"dən keçəcək. Amma, bilirik ki, bu bəhanələrdir. Bizi burda saxlamaq istəyirlər ki, bazarı tərk etməyək. Hamı bilir ki, bu layihə "Binə" Ticarət mərkəzinin bir hissəsindən keçəcək və 7 sıra dağıdılacaq". 

Kəbirə Məmmədovanın "Sədərək" qorxusu

Sahibkarlar deyirlər ki, ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova mağaza sahiblərinin "Sədərək" Ticarət Mərkəzinə köçəcəyindən narahatdı. Ona görə də, buna imkan vermək istəmir. Bazar rəhbəri min-bir cəhdlə sahibkarların "Sədərəy"ə köçməsinə mane olmağa çalışır: " Kəbirə Məmmədova bilir ki, burda ən normal şəraiti olan, etibarlı yer "Sədərək" Ticarət Mərkəzidir. Bilir ki, onsuz da "Binə"dəki mağaza sahiblərinin əksəriyyəti bazar yanandan sonra "Sədərəy"ə köçüblər. Çünki ora nə yanmır, nə sahibkarlara maneçilik törədilmir, nə də əlavə haqq alınmır. Mağaza alıb rahat və təhlükəsiz alver edirsən. Həm də "Sədərəy"in alveri "Binə"dən qat-qat güclüdür. Bütün Dağıstan, Rusiya və digər ölkələrdən alverçilər birbaşa ora gəlirlər. Kəbirə Məmmədova da bundan narahatdır ki, bazar bu dəfə sökülsə, hamı "Sədərəy"ə axışacaq. Ona görə də, buna mane olmaq istəyir. Amma, heç bir faydası yoxdur. Onsuz da biz köçməliyik. Burda nə normal alverimiz var, nə də rahatlığımız. Neçə dəfələrlə bu bazar bilərəkdən yandırılıb, sahibkarlara təzyiqlər olunub, həbslər olub. Artıq sahibkarlar beziblər. Bir ildə qazandığımız bir dəfə bazar yananda ikiqat çıxır. Nə kompensasiya verirlər, nə də heç nə. İndi burda bir mağazalara görə ilişib qalmışıq. Əgər mağazalara pul verməsəydik, indi bu bazarda heç kim qalmazdı". 

"Binə"dən köçmək istəyən sahibkarlara niyə maneçilik törədilir?

Mağaza sahibləri deyir ki, sahibkarların bazarı tərk edəcəyinə əmin olan Kəbirə Məmmədova indi də sahibkarları başqa adla qorxudur. Artıq son günlər bazarı tərk etmək istəyən sahibkarlara söz çatdırırlar: "Kəbirə Məmmədovanın adamları arabir  gəlib bizə eşitdirirlər ki, bazardan çıxan sahibkar mağazasından əl çəkməlidir. Ya həmin şəxslərin mağazaları yandırılacaq, ya da əllərindən alınacaq, mağaza sahibinə heç bir kompensasiya ödənilməyəcək. İndi də belə bəhanələrlə bizi qorxudurlar. Amma, nə desən edər bunlar. Bazarda sahibkarlar bir dəfə etiraz elədi, bazarda qazdan boğulma oldu, 100-dən artıq satıcı və sahibkar zəhərləndi, bir müddət sonra işıq puluna görə 4, 5 və 6-cı sıralardakı mağaza sahibləri etiraz etdilər, iki gündən sonra həmin sıralarda yanğın oldu, hər sahibkara 100 min manatdan artıq ziyan dəydi, mallar  yandı. Ondan əvvəl sayğac quraşdırılmasını tələb etdik, yenə bazarı yandırdılar. Artıq bu bazar 10 dəfə yanıb. Heç birində də bizə bir manat da olsa kompensasiya ödənilmədi. Hər bazar yananda biz etiraz edəndən sonra 1 ay yerpulu almadılar, vəssalam. 100-150 min manat ziyan çəkən sahibkara 2 min manat "güzəşt" olundu. Sonuncu dəfə heç onu da güzəşt etmədilər. Yenə də elə olacaq. Bunlar bizi hədələyirlər ki, bazar yenə yanacaq. Hər şey gözləmək olar bunlardan. İndi deyirlər ki, guya kim ki mağazasını tərk edib "Sədərəy"ə getmir, ərazi söküləndə ona ikiqat kompensasiya ödəniləcək. Amma, bilirik ki, yalan vəddir. Birqat kompensasiyamızı versinlər, qalanını istəmirik".

Sakinlər deyirlər ki, məsələ ilə bağlı yaxın günlərdə qərar veriləcək. Əgər "Binə" Ticarət Mərkəzinin rəhbərliyi onların bazarı tərk etməsinə imkan verməsə, mağaza sahibləri yenidən aksiyalar keçirəcəklər. 

Samir  
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31