Mingəçevirdə hektarlarla ərazini zəbt edən qurumun adı məlum oldu

Təbriz küçəsini “Azərenerji” hasarlayıb

Mingəçevir şəhəri Təbriz küçəsində, Kür çayının sağ sahili adlanan ərazinin  zəbt edilməsi məsələsi təsdiqini tapıb. "OLAYLAR"ın araşdırmaları zamanı ərazini zəbt edən qurumun adı bəlli olub. Məlum olub ki, ərazi "Azərenerji"Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qanunsuz hasarlanıb. Ərazinin hasarlanması üçün heç bir qurumdan rəsmi icazə almayan "Azərenerji" özbaşına olaraq həmin ərazidə 100 hektardan artıq sahəni 5 metrdən artıq hündürlüyü olan hasara alıb. Nəticədə boş torpaq sahələri ilə yanaşı, ərazidəki yaşayış sahəsi də hasarın içərisində qalıb, 60-70 fərdi yaşayış evi mühasirəyə alınıb, həmin ailələrin Kür çayı ilə əlaqəsi kəsilib.

"Azərenerji" ərazinin Mingəçevir Dövlət Regional Elektrik Stansiyasına(DRES) aid olduğunu iddia edərək hasarlayıb. Amma, araşdırmalar zamanı məlum olub ki, həmin ərazinin Mingəçevir DRES-in təhkim zolağına aidiyyəti yoxdur.  Bu ərazi Mingəçevir şəhər bələdiyyəsinə aiddir və "Azərenerji" heç bir əsas olmadan bu sahəni zəbt edib. Çünki, həmin ərazidə yaşayan ailələrə məxsus fərdi yaşayış evləri tam qanuni sənədlər əsasında inşa edilib və evlərin tikildiyi torpaq sahələri fərdi yaşayış evləri üçün nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31