Jurnalisti tora salıb avtomobilini oğurladılar - PROBLEM

Dövlət Yol Polisi əməkdaşlarının qanunsuz hərəkətləri barədə dəfələrlə məlumatlar dərc olunub, ictimaiyyətə lazımi faktlar açıqlanıb. Amma, Daxili İşlər Nazirliyinin bu sahədə təkmilləşdirmə işləri aparmasına baxmayaraq hələ də bəzi yol polisləri sürücülərə qarşı qanunsuzluqlar etməkdən əl çəkmir. Daxili İşlər Nazirliyinin illik hesabatlarına görə hər il bir neçə yol polisinin qanunsuzluq etdiyi üçün cəzalandırılmasına, daxili işlər orqanlarından xaric edilməsinə baxmayaraq, bəzi yol polisləri hələ də bu niyyətlərindən əl çəkmirlər. Qanunsuz təqiblər, sürücülərin əsassız cərimələnməsi, müəyyən olunmamış ərazilərdə şəxsi və DYP avtomobilləri ilə özbaşına pusqu qurmaları və sair hallar artıq sürücüləri demək olar ki, çoxdan bezdirib. Nazirliyin səyinə baxmayaraq bu neqativliklərin qarşısnı hələ də tam almaq mümkün deyil.

Yol polislərinin qanunsuzluqlar etdiyi, vəzifəsindən sui-istifadə hallarına yol verdiyi proseslərdən biri Bakı şəhərində daha çox dəbdədir. Bu avtomobillərin "Dayanma-durma" nişanının olmadığı ərazilərdə dayanarkən cərimə meydançalarına aparılmasıdır. Bu proses həqiqətən də Bakı sürücüləri üçün bir bəladır. Əslində bu sahədə təkcə yol polislərini qınamaq düzgün deyil. Ona görə ki, sürücülər artıq neçə illərdir  bilir ki, müəyyən olunmamış ərazilərdə avtomobil saxlamaq qanunsuzluqdur. Amma, düzdü, bəzi hallarda elə sürücülər var ki, bilərəkdən bu qanunsuzluğa yol verir, müəyyən olunmamış yerlərdə avtomobillər saxlayır. Bu da paytaxtda avtomobillərin normal hərəkətinə mane olur. Amma, bu prosesdən sui-istifadə edən yol polisləri də az deyil. Bu cür yol polisləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sürücülər arasında ayrı-seçkilik salır, onlara qarşı haqsızlıqlar edirlər.

Bu cür hadisələrdən biri də jurnalist  Ədil Ədilzadənin başına gəlib. Necə deyərlər, jurnalistin avtomobili oğurlanıb. Amma, iş orasındadır ki, onun avtomobili gözü önündə oğurlanıb.

Hökümət evinin yanında yol polisinin sürücü tələsi

Dediyinə görə, fevralın 25-də avtomobilini Bakıda Hökümət Evinin arxasındakı küçədə saxlayıb. Həmin ərazidə avtomobil saxlamağın qadağan olunması barədə heç bir işarənin olmadığını deyən Ə. Ədilzadə bildirir ki, hətta ərazidə dayanacaq gözətçisi də olub və sürücüyə avtomobil saxlamaq üçün yer də təklif edib. Amma, sən demə, bu şəxs dayanacaq nəzarətçisi olmaqla yanaşı həm də yol polislərinə "çörək verən" imiş. Elə hər şey də bundan sonra başlayıb. Ədil Ədilzadə deyir ki, avtomobili park edib yaxınlıqdakı binaya daxil olanda bir daha avtomobilinə baxan zaman qəribə hadisə ilə rastlaşıb: "Mən avtomobildən 20 metr aralanmamış əraziyə evakuator gəldi. Şübhələndim və arxaya baxanda gördüm ki, mənim avtomobilimi aparmaq istəyirlər. Dərhal geri qayıtdım və avtomobilimə yaxınlaşanda bir nəfər mülki geyimli şəxs avtomobilimin təkərlərini evakuatorun zəncirləri ilə bağlayırdı. Avtomobili nə məqsədlə apardığını soruşanda bildirdilər ki, guya burada avtomobil saxlamaq qadağandır. Sual verdim ki, axı burda təkcə mənim avtomobilim dayanmayıb, 10-dan çox avtomobil var. Evakuator sürücüsü bildirdi ki, həmin avtomobillərin sahiblərini tanıyırlar və ona görə də o avtomobilləri aparmırlar. Belə çıxır ki, bunlar yalnız kənar şəxslərin, yəni tanımadıqları sürücülərin avtomobillərini oğurlayırlar. Mən etiraz edəndə evakuator sürücüsü kiminləsə telefon əlaqəsi quraraq "rəis avtomobilin sahibi gəlib çıxıb, özü də yaxşı oğlandı, xahiş edir ki, aparmayaq avtomobilini. Nə deyirsən buraxaq?" dedi. Qarşı tərəfdən isə həmin rəis"avtomobili gətirin, burda hörmət edərəm ona" deyib telefonu qapatdı. Və maşını apardılar".

Cərimə meydançasının rəisi: "Məndən qanun tələb etmə, yanarsan"

Şikayətçi deyir ki, avtomobili Qaqarin körpüsünün yanındakı cərimə  meydançasına aparıblar və o da avtomobilin arxasınca həmin meydançaya yollanıb: "Soruşdum, həmin rəisin otağını göstərdilər və qəbulunda oldum. Rəis deyilən bu şəxs yol polisi baş leytenantı idi. Avtomobilimin dövlət nömrə nişanını ona deyəndən sonra mənə bir kağıza imza etdirdi ki, guya bu cərimə aktıdır. Amma, aktda heç bir rəsmi möhür yox idi. Kağızı imzalayandan sonra o mənə avtomobilin cəriməsinin 40 manat olduğunu dedi. Bildirdi ki, cəriməni yerində ödəsəm, maşını apara bilərəm, əks halda isə avtomobil mənə qaytarılmayacaq. Mən həmin məbləği banka ödəmək istədiyimi deyəndə isə  o mənə iki ədəd əzilmiş vəziyyətdə olan qəbzə oxşar kağız təqdim etdi. Kağızda avtomobilimin nömrəsi və mənim ad və soyadım yazılmışdı. Həmin rəisdən banka ödəmək üçün yazılan qanuni qəbzi tələb edəndə isə o" bizdə olan budur, götürürsən götür, götürmürsən özün bilərsən. Bizdə rəsmi qəbz olmur, belə yazırıq, xoşundu al apar banka ödə" dedi və mənimlə kobud danışdı. Məcburiyyət qarşısında qalıb həmin "rəis"ə 40 manatı ödədim. O isə yenə qanunsuzluğa yol verdi və mənə üzərinə "ödənilib" yazılmış kağız parçası verdi və "get maşınını çıxar, məndən qanun tələb eləmə, yanarsan" dedi. Həmin kağız parçası, sən demə, cərimə meydançasında qapıçıya vermək üçün imiş. Kağızın üzərində yenə də heç bir möhür zad yox idi. Həmin kağız parçasını qapıçıya verib avtomobilimi cərimə meydançasından çıxardım. Amma hələ də mənə məlum deyil ki, bu ödənilən pullar hansı əsasla hara ödənilir. Ödənilirmi, yoxsa mənimsənilirmi? Bu sualı mən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, cənab Ramiz Zeynalova vermək istəyirəm və bildirmək istəyirəm ki, hazırda Bakıda sürücüləri bu cür tora salıb onları soyan yol polisləri hələ də qalmaqdadır. Və cənab generaldan xahiş edirəm ki, bu cür özbaşına yol polisləri barədə konkret tədbirlər görsün. Əks halda bu cür yol polisləri Azərbaycanın təkcə yol polisi sisteminə deyil, daxili işlər orqanı sisteminə ləkədir".

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31