Mingəçevirdə mühasirəyə alınan ərazidə Lütvəli Babayev izi - PROBLEM

Hasarlanan ərazinin sabiq icra başçısı tərəfindən satıldığı iddia edildi

Mingəçevir şəhərindəki Təbriz küçəsinin zəbt olunması barədə məlumat vermişdik.  Sakinlərin şikayəti əsasında hadisə yerində olarkən həqiqətən də həmin ərazinin başdan ayağa hasarlandığını, 60-70 ailənin mühasirədə saxlanıldığının şahidi olmuşduq və bu barədə oxuculara məlumat vermişdik.  Mühasirəyə alınan sakinlər ərazinin kimlər tərəfindən hasarlandığını bilmirlər. Onlar deyirlər ki, ərazi bir neçə il əvvəl Mingəçevirin həmin ərazisində yaşayan sakinlər naməlum şəxslər tərəfindən hədələnib və onlara ərazini tərk etmək tapşırılıb. Həmin şəxslərin kimliyi ərazidə məskunlaşan sakinlərə məlum olmasa da, onlar ayrı-ayrı məmurların adından istifadə edərək bu ərazinin boşaldılmasını tələb edib. Həmin vaxt sakinlərin etirazından sonra ailələri hədələyən bu şəxslər bir müddət yoxa çıxıb: "Hardasa 2006-cı il olardı. Bir qrup şəxs əraziyə gələrək Təbriz küçəsinin başlandığı yerdə ailələrlə söhbət edib ki, onlar buranı tərk etməlidirlər. Təxminən 2 ay bu söhbət davam etdi. Naməlum şəxslər əvvəlcə küçənin girişinin abadlaşdırılması adı ilə sakinləri oradan köçürmək istəyirdilər. Bizim isə bundan xəbərimiz yox idsi. Çünki əvvəlcə küçənin baş hissəsindən-magistral yolun kənarından söküntüyə başlamaq istəyirdilər. Orada yaşayan sakinlər isə bu barədə küçə sakinlərinə məlumat verməyiblər. Bunun da səbəbi var. Səbəb odur ki, həmin ailələrə birinci yalan vədlər veriblər ki, guya onları şəhərin mərkəzinə köçürürlər. Buna görə də həmin 10-15 ailə bu barədə heç kimə deməyib. Çünki, köçürülmə məsələsini ortaya atan naməlum şəxslər həmin ailələrə tapşırıq veriblər ki, bu barədə küçənin digər sakinləri bilməsin. Ailələr də bununla razılaşıb. Və bu barədə heç bir sakinə məlumat verməyiblər. Amma, iki aydan sonra məlum oldu ki, sakinlərə heç bir yerdə ev verilmir, onlara Mingəçevirlə Yevlax arasındakı boş sahədə torpaq sahəsi ayrılacaq, sakinlər isə ərazidə evləri öz hesablarına inşa edəcəklər. Bundan sonra sakinlər etiraza başlayıblar və məsələ barədə bizə məlumat veriblər".

Təbriz küçəsini köçürmək üçün yayılan düşünülmüş şayiələr

Sakinlər deyirlər ki, iki aydan sonra sakinlərin hamısının bu məsələyə etiraz etdiyini görən bu naməlum şəxslər məcburiyyət qarşısında qalıb başqa bəhanə axtarıblar. Və bu dəfə onlar Mingəçevir şəhər İcra hakimiyyətinin adından istifadə ediblər: "2006-cı ildə yenidən bizə təzyiqlər başlandı ki, ərazini boşaldaq. Biz isə etiraz etdik, heç kim evlərindən çıxmadı. Bunu görən həmin şəxslər Mingəçevirdə şayiələr yaymağa başladılar ki, guya bura təhlükəlidir. Gah dedilər ki, Kür çayı daşa bilər, sakinlər təhlükədə qala bilər, gah dedilər Mingəçevir  Dövlət Rayon Elektrik Stansiyasında (DRES) çatlar əmələ gəlib və bəndlər aşa bilər. 50 bəhanə gətirdilər. Amma, yenə də onların bəhanələri baş tutmadı. Heç kim evindən küçəyə çıxmadı. Nə də çıxmayacağıq. Niyə də çıxmalıyıq axı? Min bir zülmlə ev tikmişik, neçə illərdir burda yaşayırıq, indi kiminsə tamahına görə niyə evlərimizi tərk etməliyik? Nə adam kimi alıb pulumuzu vermirlər, nə də evimizdə yaşamağa qoymurlar".

Mingəçevir sakinləri: "Bizi Lütvəli Babayev bu vəziyyətə saldı"

Sakinlər ərazinin satıldığını iddia edir. Bildirirlər ki, ərazinin satılmasında Mingəçevirin sabiq icra başçısının əli var. Hətta bu işdə sabiq icra başçısının da adı hallanıb: "Bu işdə Mingeçevirin keçmiş icra başçısının əli var. Çünki, 2005-ci ildə o Mingəçevirə icra başçısı təyin olunandan sonra bu ərazinin zəbt olunması gündəmə gəlib. İcra başçısı Lütvəli Babayev bu rayona gələndən bir-iki ay sonra gəlib bu əraziyə baxış keçirdilər. Həmin baxışdan sonra ərazinin zəbt edilməsi söhbəti ortaya çıxdı. Və bu günə qədər də davam edir. O vaxtlar sakinlər məsələ ilə bağlı bir neçə dəfə Lütvəli Babayevə müraciət edərək məsələnin araşdırılmasını və sakinləri qəbul etməsini istəmişdi. Amma, icra başçısı bu məsələ ilə maraqlanmadı. Dəfələrlə sakinlər icra hakimiyyətindən qovuldular. Başçı heç bir sakini qəbul etmədi. Əraziyə gələnlər də hamısı deyirdilər ki, Lütvəli Babayev bu ərazini hansısa dostuna həvalə edib. Amma, onda demirdilər ki, icra başçısı bu ərazini satıb. Deyirdilər ki, guya icra başçısı ərazinin abadlaşdırılması üçün həmin şəxsə verib. Yəni, guya ki, icra başçısının hansısa yaxın adamı sakinlərin yaşadıqları bu ərazini  abadlaşdıracaq və ərazi çirkablardan təmizlənəcək. Sonradan isə məlum oldu ki, heç kim buranı bizim üçün təmizləmək istəmir, buranı zəbt edib Kür qırağı ərazi kimi satmaq istəyir. Bizim köçürülmə  məsələmiz ortaya çıxanda hər şey məlum oldu. Bizə həmin vaxt güclü təzyiqlər oldu, ərazini hasarlamaq istədilər, imkan vermədik. Amma bu il yenidən bu proses başlanıb.  İndi artıq hasarlayırlar. Yəqin ki, o vaxt bu ərazini Lütvəli Babayev satıb ki, indi də maneəsiz buranı hasarlaya bilirlər.  O vaxt biz etiraz edəndə icra hakimiyyətinin adamları bizi hədələyirdi və Lütvəli Babayevlə qorxudurdular. Deyirdilər ki, etiraz edənlər barədə Lütvəli Babayev cinayət işi başladacaq, həbs etdirəcək və sair. O vaxt çox cəhd etdilər, sakinlərə heç nə edə bilmədilər. İndi Lütvəli Babayev burdan çıxıb, bilir ki, etiraz etsək də onluq heç bir problem olmayacaq, ona görə buranı hasarlayırlar. Yəqin ki Lütvəli Babayev o vaxt buranı kiməsə satıb ki, indi heç kim müdaxilə edə bilmir".

Lütvəli Babayevin keçmiş əməlləri barədə prezidentə müraciət hazırlanır

Sakinlər deyirlər ki, onlar hazırda bu barədə prezident İlham Əliyevə müraciət etmək niyyətindədirlər. Artıq bu barədə həmin mühasirəyə alınan 50-60 evin sakinləri məsləhətləşmələr aparır: "Bizim bir çıxış yolumuz var ki, prezident İlham Əliyevə müraciət edək və bizi bu bəladan qurtarsın. Lütvəli Babayev özü burdan çıxıb gedib, bizi salıb bəlaya. O indi başqa rayona rəhbərlik edir, biz isə mühasirədə yaşayırıq. 5 metrlik hasarın içərisində heç türmə də olmur. Niyə bizi bu vəziyyətə salıblar? Günahımız nədir? Niyə öz evlərimizdən çıxmalıyıq? Biz Azərbaycan vətəndaşları və Mingəçevir sakinləriyik. Nə qaçqın deyilik, nə də məcburi köçkün".

Samir Əli

Bakı-Mingəçevir-Bakı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31