Sumqayıtlılar istefa tələb edəcək

Küçələrdə gecələyən124 ailə mayın 1-də növbəti etiraz aksiyası keçirəcək

Sumqayıtda 100-dən artıq ailənin həyatı təhlükə qarşısındadır. Şəhərin 15-ci məhəlləsində yerləşən 7 saylı yataqxana neçə vaxtdır ki, tam qəza şəraitindədir. Bunu redaksiyamıza müraciət edən yataqxana sakinləri deyir. Sakinlərin sözlərinə görə, yataqxana binası hər an uça bilər. 5 mərtəbəli yaşayış binasında məskunlaşan 124 ailə hər gün səksəkədə yaşayır.Məsələ ilə bağlı adıçəkilən ünvanda müşahidə apararkən yataqxana binasının həqiqətən də bərbad və təhlükəli vəziyyətdə olduğunu gördüm. 5 mərtəbə bir giriş blokundan ibarət yataqxanada yaşamaq həddindən artıq təhlükəlidir. Binanın zirzəmisi birinci mərtəbənin döşəməsinə qədər çirkab suları ilə dolu idi. Hətta iş o həddə çatıb ki, yataqxananın zirzəmisi tam su ilə dolduğundan çirkab suları zirzəmidən küçəyə axır. Nəticədə ətraf üfunətə qərq olub. Yataqxananın pilləkənlərində də iri çatlar əmələ gəlib ki, bu çatlar hər an böyüyə bilər. Sakinlər pilləkənlərə dəmir parçaları bağlamaqla beton plitələrdən olan pilləkənlərdəki çatların qarşısını almağa çalışıb. Amma bu primtiv üsul beton çatların böyüməsinin qarşısını ala bilmir. Pilləkənlərlə yuxarı çıxmağa adam ehtiyat etsə də, yataqxana sakinləri bu yolu az qala gözüyumulu keçir. Çünki, sakinlər artıq buna öyrənib və çarəsizlikdən həyatlasrını təhlükəyə atır.

Kanalizasiyası zirzəmiyə axan yataqxana

Yataqxanada ikinci təhlükəli vəziyyət buranın su və kanalizasiya xətlərinin bərbad vəziyyətdə olmasıdır. Bu yataqxananın kanalizasiya xətti 1985-ci ildə çəkilib. Həmin vaxtdan sonra xətlərdə heç bir yeniləşmə olmayıb. Nəticədə 27 iı əvvəl çəkilən xətlər tam çürüyüb. Sakinlər deyirlər ki, yataqxananın təhlükəli vəziyyətə düşməsinə əsas səbəblərdən biri də elə həmin xətlərin çürüməsidir. Köhnə dəmir borularla çəkilən xətlər tam çürüdüyündən binaya gələn su xətti və kanalizasiya hamısı zirzəmiyə axır. Özü də bu xətlər birbaşa zirzəmiyə tökülmür. Xətlər yataqxana binasının divarlarının içərisi ilə çəkildiyindən çürümüş xətlərdən axan sular divarların arası ilə axaraq yataqxana divarlarında iri çatlar yaradıb. Bu da get-gedə böyüyür və yataqxananın uçmasına şərait yaradır. Sakinlərin dediyinə görə, yataqxanaya əvvəllər su axıra qədər verilirmiş. Artıq iki ildir ki, su xətti ikinci mərtəbəyə qədər zorla işləyir. Qalan mərtəbələrin su xətləri çürüdüyündən 3,4 və 5-ci mərtəbələrə su gedib çatmır. Sakinlər məcburiyyət qarşısında qalıb 2-ci mərtəbədən su daşımalı olur. Yuxarı mərtəbələrə verilən su isə yataqxana divarları ilə zirzəmiyə axır. Nəticədə birinci və ikinci mərtəbələrdəki otaqların tavanından su axır. Ailələr bununla bağlı dəfələrlə qabaqlayıcı tədbirlər görməyə çalışsalar da mümkün olmayıb. Hazırda həmin ailələr hər gün su daman yerdə oturub yatmalı olurlar.

Yataqxana iki hissəyə bölünüb, icra başçısı isə hələ təhlükə görmür

Yataqxanada olarkən daha dəhşətli bir faktla rastlaşdım. Yataqxananın giriş blokundakı iri çatlar o qədər böyüyüb ki, artıq blok yataqxananı iki yerə bölmək üzrədir. Yataqxananın giriş blokunun uçmaması üçün binada daha bir primitiv üsuldan istifadə olunub. Blokdakı iri çatlar ağır dəmirlərlə bir birinə bərkidilib ki, uçmasın. Sakinlər deyirlər ki, bu dəmirlər iki il öncə vurulub. Amma buna baxmayaraq ailələr hər gün burda təhlükə və səksəkədədir. Yataqxana sanki hər an uçacaq kimi görsənir. Yataqxanadakı vəziyyətlə maraqlananda isə adam bu şəraitə deməyə ad tapmır. Təsəvvür edin, yataqxanaya daxil olanda ilk öncə birinci mərtəbədə iri suçovullarla rastlaşdıq. Amma sakinlər buna da vərdiş ediblər deyə bizə ürək-dirək verdilər. Bildirdilər ki, onlar nəinki mərtəbələrdə, hətta qaldıqları otaqlarda da siçovul və siçanlarla birlikdə yaşayır. İkinci mərtəbənin hamamı mətbəxlə birlikdə idi. Sakinlər dedilər ki, 5 mərtəbəli yataqxananın  bütün mərtəbələrində bu vəziyyətdir. Mətbəxə kanalizasiyanın çirkab iyindən daxil olmaq mümkün deyil. Sakinlər nə qədər təmizləsələr də, çirkab suları yenə axır. Yuxarı mərtəbələrin kanalizasiya xətləri çürüdüyündən çirkablar aşağı mərtəbələrin hamam, mətbəx və hətta yaşayış otaqlarına qədər gəlib çıxır. Bir sözlə, bura tam xəstəlik və insan həyatı üçün real ölümdür. Lakin başqa yerə getmək imkanı olmayan biçarə ailələr son sığınacaq yeri kimi buranı seçib və bu biabırçılığa dözmək məcburiyyətindədirlər. Sakinlər deyirlər ki, bu binada təxminən 30 faiz məcburi köçkün məskunlaşır. Qalanlar yerli sakinlər və başqa rayonlardan gələnlərdir. Onların sözlərinə görə, yataqxanaya əksər ailələr 25-30 il əvvəl köçüblər və hələ də burada yaşayırlar. Artıq bir neçə ildir ki, bina qəzalı vəziyyətdədir. Məsələ ilə bağlı bütün aidiyyəti orqanlara müraciət olunsa da, binada heç bir təmir işləri aparılmayıb. Nəticədə yataqxana bərbad və təhlükəli vəziyyətə düşüb. Sakinlər deyirlər ki, iki il öncə binanın giriş bloku təhlükəli vəziyyətə düşəndə icra hakimiyyətindən gəlib baxıb gediblər. Bir müddətdən sonra isə qurumun müvafiq departamenti binanı dəmirlə bərkidib ki, çatlar böyüməsin. Ondan sonra binaya nə gələn var, nə də gedən.

"Evrovision"da Azərbaycanı Sumqayıt təmsil edəcək, yoxsa Eldar Əzizov?

Bu il isə yataqxana binası daha da təhlükəli vəziyyətə düşdüyündən  sakinlər yenidən icra hakimiyyətinə müraciət edib: "Fövqəladə Hallar Nazirliyi binaya baxış keçirdi və həqiqətən də təsdiqlədilər ki, yataqxana təhlükəlidir, sökülməlidir. Bu barəıdə icra hakimiyyətinə də məlumat verdilər. Amma icra hakimiyyəti hələ də bir tədbir görmür. Eldar Əzizov təzə icra başçısı gələndə sakinlərlə görüşüb, özünü işgüzar adam kimi göstərməyə başladı. O vaxt bizim yataqxananın sakinləri də onunla görüşüb binanın vəziyyəti barədə məlumat verdik. Eldar Əzizov elə danışmışdı ki,  dedik bir-iki günə bizi burdan köçürəcək, binanı yenidən əsaslı təmir etdirəcək. Amma, elə təzə meri gördüyümüz də o oldu. Həmin vaxtdan sonra haçan müraciət edirik, qəbuluna düşə bilmirik. Nə vaxt gedirik, icra hakimiyyətindən deyirlər ki, Eldar Əzizov Sumqayıtda təmir işləri ilə maraqlanır, Sumqayıtı "Evrovision"a hazırlayır. Biz başa düşə bilmirik, "Evrovision"da Azərbaycanı Sumqayıt təmsil edəcək, yoxsa Eldar Əzizov? İnsanların həyatı ilə oynayır bu. Eldar Əzizov bura icra başçısı təyin olunandan bu günə qədər bir nəfər də olsun sakin qəbul etməyib. Elə görüntü yaratmaq üçün telekanalları çağırıb öz adamları ilə görüşür, imkansıza fikir vermir. Artıq bezmişik. Belə yaşamaq olmaz. Eldar Əzizov bizi nə yerinə sayır? Bunun məqsədi insanlara işgəncə verməkdir.

Sakinlər məsələ ilə bağlı ikinci dəfə etiraz aksiyasına hazırlaşırlar

Yataqxana sakinləri deyirlər ki, bu dəfə onlar etiraz aksiyasını Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında keçirəcəklər. Artıq aksiyaya hazırlıq işləri gedir və aidiyyəti qurumlar da bu barədə məlumatlandırılıb: "Aprelin 23-də aksiyanı yataqxananın yanında keçirdik. Polislər aksiyanı dağıtdılar. Eldar Əzizov da bizi müxalifətçi adlandırdı. Amma o bilsin ki, biz hüquqlarımızı axıradək tələb edəcəyik. Polislə bizi dayandıra bilməyəcəklər. Mayın 1-də icra hakimiyyətinin qüarşısında aksiya keçirəcəyik. Bütün hamı bu barədə məlumatlıdır. Bizə belə icra başçısı lazım deyil. Eldar Əzizov ya Sumqayıtdan istefa verməlidir, ya da əhalinin problemlərilə maraqlanmalıdır. Bizə belə icra başçısı lazım deyil. Sabah bu yataqxana uçsa, ailələrin əksəriyyəti altında qalacaq. Hər gün Allaha yalvarırıq ki, heç olmasa yataqxana gündüzlər uçsun ki, günorta saatlarında sakinlərin əksəriyyəti işdə olurlar. Amma burda hansısa bir hadisə olsa məsuliyyət birbaşa Eldar Əzizovun üzərindədir. Bu barədə aidiyyəti qurumlara da müraciət edib məlumat vermişik".

Samir 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31