Bərdə məhkəməsindən şikayət var
14 Fevral 2014 13:21 ProblemAzərbaycanda məhkəmə sistemində ardıcıl tədbirlər görülməsinə baxmayaraq bu gün bəzi hallarda vətəndaşlar süründürməçiliyə salınır. Bəzi məhkəmə hakimləri və icraçılar müəyyən maraqları naminə vətəndaşlara qarşı tərəf kimi çıxış edir, məhkəmə ədalətinə kölgə salırlar. Bu da sonda vətəndaşlarda Azərbaycan məhkəmələrinin ədalətli olması, obyektiv qərar çıxarmasına olan inamını azaldır.
Bərdə şəhəri Gəncə küçəsi ev 81-də yaşayan Şəkər Nadirova da bu cür süründürməçiliyə salınanlardandı. Redaksiyamıza müraciət edən adıçəkilən şəxs bildirir ki, 4 ildən çoxdur ki məhkəmə və məhkəmə icraçıları tərəfindən süründürülür: "Gəncə Apellyasiya Məhkəməsinin 01 fevral 2010-cu il tarixli 2 (104) -09/2010 saylı məhkəmə qətnaməsi üzrə icra sənədi 4 ildir ki, bizə məlum olmayan səbəbdən icra olunmur. Həmin icra işi üzrə borclu Quliyeva Gülayə Elman qızı mənim oğlum Quliyev Elvinə 8348 manat məbləğində tənasübsüzlük fərqi ödəməlidir. Eyni vaxtı mən öz tərəfimdən qətnamədə göstərilən hərəkətləri etməliyəm. Qeyd edirəm ki, 8348 manat Gülayə ödəməlidir, eyni vaxtda da evə köçmə hərəkəti yerinə yetirilməlidir. Çünki Bərdə şəhəri Gəncə küçəsi ev 81-də yerləşən "B" yaşayış evi yaşamağa yararsızdır".
Şəkər Nadirova deyir ki, hazırda Gülayə adlı həmin qadın müəyyən yollarla məhkəmələrə və icraçılara yol taparaq onun evini tam olaraq ələ keçirmək, ailəni isə buradan çıxarmaq istəyir. Bu qadın bu məqsədlə bir neçə şəxsdən istifadə edərək ailəni evsiz qoymağa çalışır: "Gülayə nəyin bahasına olursa-olsun hakimlərin və vəkili Eldar Qurbanovun himayədarlığı vasitəsilə mübahisəli evi tam əlinə keçirib, bütövlükdə yiyələnəcək, bizim ailəni isə küçəyə atacaq. Gülayə və vəkili Bərdə rayon məhkəməsində, sonra isə Gəncə Apellyasiya Məhkəməsində 8348 manat tənasübsüzlük pulunun guya iki bacıya atasından düşən vərəsəlik payı ilə əvəzləşdirmələrinə iddia qaldırdılar. Bu Azərbaycan qanununda yoxdur. Bu ancaq istəklə, yəni digər tərəfin razılığı ilə ola bilər. Bərdə və Gəncə Apellyasiya məhkəmələri bu iddia tələbini, yəni əvəzləşdirməni təmin etmədi, lakin eyni iş üzrə evə köçmə ilə bağlı 3-cü dəfə qətnamə (Gülayənin həmin evə köçürülməsinə dair əvvəl 2 dəfə qətnamə çıxarılıb və onlardan birincisi Gülayənin şəxsi istəyi nəticəsində 7 (yeddi) ildir icra olunmur) qəbul etdi".
Şikayətçi deyir ki, cavabdeh Gülayə Quliyeva dəfələrlə Ədliyyə Nazirliyində qəbula yazılaraq öz çirkin niyyətini həyata keçirməyə nail olmaq istəyib. Amma, hələ ki buna nail ola bilməyib. Amma, qadın son vaxtlar məhkəmə və digər yerlərdə qarşı tərəfə bildirib ki, o bu işi danışıb və məhkəməni ələ alıb: "Onun şikayəti ilə bağlı nazirliyin məsul işçisi Rəsul müəllim gəldi, işi araşdırdı. Onun evə köçmə ilə bağlı heç bir problem olmamasının şahidi oldu. Sadəcə o pul ödəmədən vəkili Eldar Qurbanovun himayədarlığı ilə evə tək yiyələnmək məqsədini güdür".
Məhkəmə qərarı niyə 4 ildir icra olunmur?
Şikayətçi deyir ki, Gülayə Quliyeva məhkəmə qərarının icrasını heç bir səbəb olmadan dayandırıb və hazırda Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarı icra olunmur. Səbəb barədə isə iddiaçılara heç bir məlumat verilmir. Məhkəmə icraçıları hər dəfə bir bəhanə edərək icranı dayandırır, yubadır və icra etmək istəmir: "Bizim xəbərimiz, iştirakımız olmadan Gülayə icranı dayandırdı, qərardadı qəbul etdirdi. Biz biləndən sonra şikayət verdik, qərardad ləğv edildi, məhkəmənin icra məmurları isə tələbkar kimi hüquqlarımızı pozaraq yalnız Gülayənin icraya maneə törətdiyini nəzərə alaraq qətnamənin icrası ilə bağlı icraat işini əsassız olaraq məhkəməyə qaytardılar. Bu isə Azərbaycanın məhkəmə tarixində görünməmiş biabırçılıqdır. İcraçılar Azərbaycan qanunlarını saymır, qərarları öz qanunları ilə icra edirlər".
İddiaçı deyir ki, Gülayənin bu prosesdə yeganə məqsədi tənasübsüzlük fərqini ödəmədən bütövlükdə evi ələ keçirməkdi. Hələ ki bu pulu ödəməyən cavabdehə heç kim "gözün üstə qaşın var" demir. Əksinə məhkəmə icraçıları cavabdehin tərəfini saxlamaqla iddiaçıya hədə-qorxu gəlirlər: "Dəfələrlə məhkəmənin icra bölməsindən Gülayəyə olan xəbərdarlığa, çağırışlara baxmayaraq o, icradan imtina edir. Sonda Gülayənin 17000 (on yeddi min) manatlıq əmlakı ola-ola məhkəmə qətnaməsinin icrası təmin edilmədi, icra işi qaytarıldı məhkəməyə".
Məhkəmə icraçıları günahkarı səbəbkar kimi qoruyur
Şəkər Nadirova iddia edir ki, cavabdeh şəxs məhkəmə icraçılarına arxalanaraq hətta iddiaçıları söyüb təhqir də etməkdən çəkinmir: "Gülayə dəfələrlə bizi məhkəmələrdə hədələyib, vəkili Eldar Qurbanovun əli uzun olduğunu və yüksək vəzifələrdə, Nazirlikdə adamları olduğunu bildirib və hər məhkəmədə bizi Ali Məhkəmədə "baxarsınız, hər şeyi pul həll edir. Sizi ailəlikcə çölə tökəcəyəm. Mənim əlim uzundur, Eldar Qurbanov kimi vəkilim var" deyir. Mən hər şeyə inanıram, çünki bir uçuq evə tam yiyələnməkdən ötrü 3 aylıq ölən atanın meyidinin başını bədənindən ayırtdırıb cəzasız qalan qız övladı, hər şeyə qadirdir. Maraqlıdır, bilmək istəyirəm, Ədliyyə Nazirliyinin Baş İcra bölməsi və onun yerli qurumları və hakimlər qanunla işləyirlər, yoxsa kiminsə şəxsi istəyini yerinə yetirirlər?"
Məhkəmə eyni predmet üzrə 3 qətnamə qəbul edib
Şikayətçi deyir ki, Gülayə Quliyeva hər cəhdlə onları evdən çıxarmağa çalışır, hətta məhkəmələrə də təzyiqlər edir: "Bərdə və Gəncə Apellyasiya məhkəmələri əvəzləşdirmə hissəsində qanuni qətnamə qəbul etdi. Hiyləsi baş tutmayan Gülayə kassasiya şikayəti verib. Əvəzləşdirmə məsələsini də əvvəlki işlər kimi Ali Məhkəmənin hakimlərinin əli ilə həll etməyə çalışır. Biz də kassasiya şikayəti vermişik Ali Məhkəməyə. Çünki o hissədə qanun pozuntusu var. Eyni iş üzrə məhkəmədə nə sübut oluna bilməz, nə də mübahisələndirilə bilməz. Təəssüf ki, eyni predmet üzrə, yəni Gülayənin evə köçürülməsinə dair 3-cü qətnamə qəbul edildi".
Şəkər Nadirova deyir ki, iş üzrə növbəti məhkəmə prosesi martın 6-da saat 1020-yə hakim İlqar Xələfovun sədrliyi ilə Ali Məhkəmədə keçiriləcək.
Samir