Cərimələr nədən ötrüdü? - AKTUAL
İctimai və hüquqi maarifləndirmə aparılmalıdır
10 Fevral 2014 14:44 ProblemAzərbaycanda maariflənmə zəif getsə də, bu gün ölkənin aparıcı küçələrində Yol Patrul Xidmətinin əməkdaşılarının insanlara yaxınlaşaraq onlara qəbz təqdim etdiyini görə bilərik. 18 manatlıq cərimə qəbzi. Nəyə görə, deyə sual etdikdə isə, deyirlər ki, yolu səhv keçmisən. Bəs, görəsən qayda-qanundan xəbəri olmayan birisini cərimələmək nə dərəcədə düzgündü? Deyirlər ki, qanunları bilməmək cəzadan xilas olmaq demək deyil. Həmişəki kimi bu məsələdə də sıravi şəxslər təqsirləndirilir. Bəs, görəsən hansı telekanalda, media qurumunda cərimələr, qayda-qanunlarla bağlı maarifləndirici məlumatlar verilir. Bu gün Yevlaxdan gələn Əli kişi internetə belə daxil ola bilmir. O zaman bütün-günü mal-qara otaran Əli kişi başına nə çarə qılmalıdı? 8 ayda bir dəfə Bakıda hərbi xidmətdə qulluq edən övladına baş çəkmək üçün gələn ata cibindəki son pulunu da cərimə üçün təqdim etməli olur. Ölkəmizdə qanunlarla bağlı tələbkarlıq güclüdür. Amma təəssüflər olsun ki, insanların qanun və onun tələblərindən xəbəri yoxdu. Bəlkə də təbliğatın gücləndirilməməsinin səbəbi cərimələrin artırılmasına şərait yaratmaqdı. Amma əvvəl-axır yol hərəkət qaydaları ilə bağlı qanunun tələblərini öyrənməli olacağıq. Necə? Hərəmiz bir dəfə cərimələndikdə bu bizə dərs olacaq. Sosioloq Mehman Kərimov da bizim fikirlərimizlə razıdı. Onun sözlərinə görə, Azərbaycanda hüquqi maarifləndirmə aparılmır. Sosioloq qeyd edir ki, insanlar qanunları bilmədiyi üçün onun tələblərini pozurlar. M.Kərimov qeyd edir ki, qanunların tez-tez dəyişdirilməsi, daha da sərtləşdirilməsi insanları çaş baş salır: "Müxtəlif tip cərimələrlə bağlı ictimai və hüquqi maarfiləndirmə aparılmalıdı. Daha sonra bu məsələ hüquqi müstəviyə gətirilməlidi. Xalqımızın mədəni səviyyəsi kifayət qədər yüksəkdi. Sadəcə olaraq hüquqi maarifləndirmə zəif aparılır. Qayda-qanunları bilməyən şəxslər qanunun tələblərindən yayınırlar. Çünki bundan xəbərləri yoxdu. Qanunlar tez-tez dəyişir, daha da sərtləşir. İnsanlar da bilmədən, qeyri-şüuri səviyyədə davranışlarını nizamlaya bilməyib qanunların tələblərini pozurlar". Qanunlar və onun tələbləri ilə bağlı maarifləndirmə kampaniyalarının təşkil edilmədiyini deyən ekspert bu cür təbliğatla məşğul ola biləcək kadrların yoxluğundan gileylənir: "Yol hərəkət qaydaları, eləcə də digər cərimələrlə bağlı maarifləndirmə kampaniyaları təşkil edilmədiyi üçün cərimələmələrin təşkili ilə razılaşmıram. Ümumiyyətlə maariflənməni təşkil edə biləcək kadr korpusu yoxdu. Cəmiyyətimizin dərin hüquqi maariflənməyə ehtiyacı var. Bu baxımdan düşünürəm ki, Azərbaycanda kifayət qədər boşluq var".
Nigar Məhərrəm