Adından Füzuli şəhər icra nümayəndəsi barədə şikayət yazılan şəxs danışdı
Rüstəm Hətəmov: “Sizin elektron poçtunuza Şakir Hacıyev barədə daxil olan məlumatdan xəbərim yoxdur”
30 Yanvar 2014 17:04 ProblemRedaksiyamızın elektron poçt ünvanına bir neçə gün əvvəl Füzuli rayonundan olan rayon sakini Rüstəm Hətəmovun adından 450 nəfər məcburi köçkün imzası ilə şikayət ərizəsi daxil olmuşdu. Müraciətdə Füzuli şəhər icra nümayəndəsi Şakir Hacıyevin özbaşınalıq etməsi, məcburi köçkünlərin dövlət tərəfindən təyin edilən kompensasiya, çörəkpullarını mənimsəməsi, dövlət əmlakını talamaqla var-dövlət toplaması və digər ciddi faktlar göstərilmişdi. Şikayət ərizəsi ilə bağlı qəzetimizdə yazı dərc ediləndən sonra redaksiyamıza ikinci ərizə daxil oldu. Bu ərizə də Rüstəm Hətəmovun adından yazılıb, amma bu dəfəki ərizə birinci şiikayət məktubunda göstərilən faktları təkzib edir. 1990-cı il təvəllüdlü Rüstəm Hətəmov(özü olduğunu təsdiq etmək üçün ərizə ilə yanaşı şəxsiyyət vəsiqəsinin surətini də təqdim edib)bildirir ki, birinci şikayət ərizəsindən xəbərsizdir: "Yazıb sizə bildirirəm ki, mən Hətəmov Rüstəm adından sizin elektron poçtunuza Şakir Hacıyev barədə daxil olan məlumatdan xəbərim yoxdur. Məlumatın kim tərəfındən göndərilməsini araşdırmağınızı xahiş edirəm. Əks təqdirdə məhkəməyə müraciət edəcəm".
Hörmətli Rüstəm Hətəmova bildirmək istəyirik ki, biz media orqanı olaraq həmin şikayət məktubunun kim tərəfindən göndərilməsini araşdırmaq səlahiyyətində deyilik. Bunun üçün aidiyyəti dövlət orqanları var və bu iş onların səlahiyyətindədir. Rüstəm Hətəmov və barəsində ciddi ittihamlar yazılan Şakir Hacıyev bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edib müraciətin kim və ya kimlər tərəfindən tərtib edilib redaksiyalara göndərildiyini öyrənə bilər və faktlar yalan olduğu halda hüquqlarını tələb edə bilərlər. Cənab Hətəmovun məhkəmə hədələrinə gəlincə isə, biz buna etiraz etmirik və bununla bağlı o hüquqlarının bərpası üçün istədiyi addımı ata bilər. Biz sadəcə məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc edirik.