Füzuli sakinlərinin Şakir Hacıyev bəlası - PROBLEM
Şəhərin icra nümayəndəsi külli miqdarda mənimsəmə və talançılıqda ittiham olunur
24 Yanvar 2014 15:50 ProblemRedaksiyamıza Füzuli rayon sakinlərinin adından şikayət məktubu daxil olub. Şikayət ərizəsi Füzuli şəhər icra nümayəndəsi Şakir Hacıyevin özbaşınalıqları, misilsiz rüşvətxorluq və korrupsiya əməllərindən bəhs edir. Faktların nə dərəcədə doğru və ya yalan olduğunu deyə bilməsək də, müraciətdə həqiqətən adıçəkilən məmura qarşı ciddi ittihamlar irəli sürülüb. Şikayət məktubu rayonun 450 nəfərlik sakininin imzası və rayon sakini Rüstəm Hətəmovun adı ilə yazılıb. Müraciətdə bildirilir ki, Şakir Hacıyev adlı həmin şəxs uzun illərdir ki, rayonun əmlakını talayır, sahubkarları şərləyib onlardan külli miqdarda rüşvət alır. Hətta iş o yerə çatıb ki, bu şəxs erməni işğalından azad olunan əraziləri belə satmaqdan, mənimsəməkdən çəkinmir.
Məcburi köçkünlər dövlətin verdiyi çörəkpulu üzünə həsrət qalıb
Keçək konkret ittihamlara. Rüstəm Hətəmov bildirir ki, Şakir Hacıyev hətta onların məcburi köçkün kimi aldıqları çörəkpullarına da göz dikib. Həmin pullar Şakir Hacıyev tərəfindən götürülür, bir neçə ay gecikdiriləndən sonra hissə-hissə ödənilir: "Çörək pullarımız haqsız olaraq kəsilir, övladlarımıza adi arayışları ala bilmirik. Hər şeyə təmənnalı yanaşılır. Qaçqın, köçkün əhalinin qocası, xəstəsi, imkansızı var. Çörək pulu kimi verilən vəsait kasıb ailələrin dolanışığına köməkdir. Füzuli şəhəri üzrə icra nümayəndəsi Şakir Hacıyev isə müxtəlif bəhanələrlə bizi bu köməkdən məhrum edir, camaat narazılıqla ayağa qalxır".
Rüstəm Hətəmov deyir ki, Şakir Hacıyevin əməllərinə etiraz olaraq bir qrup məcburi köçkün etiraz aksiyası keçirib. Amma, bunun da bir nəticəsi olmayıb: "Hələ keçən illərdə yüzlərlə Füzuli rayon sakini olan məcburi köçkün Şakir Hacıyevin əməllərindən bezib mitinqə çıxaraq onun hərəkətlərinə son qoyulmasını tələb etmişdilər. Günlərlə etiraz aksiyası keçirilməsinə baxmayaraq bu problem çözülmədi və Şakir Hacıyevin əməlləri barədə ölçü götürülmədi. Əhalini nə qədər bezikdirmək olar".
Saxta yolla vəzifə tutan məmur kimə arxalanır?
Şikayətçi Şakir Hacıyevin kim olduğunu və hansı yollarla hakimiyyətə gəldiyini yazır. Bildirir ki, o, 1993-cü ildə saxta yolla hakimiyyətə gəlib. O ilk olaraq saxta yolla Füzuli rayon İcra hakimiyyəti başçısının müavini təyin olunub. Bu saxtakarlıq hətta onun əmək kitabçasında imza və möhürlə təsdiq olunub: "Bu şəxsin əmək kitabçasında saxtakarlıq açıq-aydın görsənir. Araşdıran olsa, faktlar üzə çıxar. Şakir Hacıyev rayonun Hova (Üç bulaq) kəndində işləyəndə xeyli mal-qaranı, maşın-traktoru mənimsəmişdir. Daha sonra onu qoyunçuluq sovxozuna direktor təyin etdilər. O zamankı qarışıqlıqdan istifadə edən direktor Şakir Hacıyev 3000 baş qoyunu, sovxozun əmlakını və maşın traktor parkını tamamilə mənimsəyib talan etdi. Bu cinayətdən də çox asanlıqla yayınan Şakir Hacıyev icra başçısının müavini kimi uzun illər çox fitnə-fəsadlar törətdi. Xüsusilə, Nəbi Muxtarov icra başçısı təyin olunandan sonra Şakir Hacıyev onunla birləşərək rayonda böyük talançılıq işi apardılar. Xüsusi imtiyaza malik olan Şakir Hacıyev müntəzəm olaraq yoxlamalar apartdırır. Müsəssisə sahiblərini, fermerləri qorxudaraq pullarını alırlar. Nəbi Muxtarovla birləşən Şakir Hacıyev özəlləşmə komissiyasının sədri Məcnun Namazəliyev vasitəsilə rayonda işğaldan qalan əmlakı özəlləşmə adı ilə satıb taladılar. Füzuli rayonunun bir hissəsi ermənilər tərəfindən işğal olunub, bunu bütün Azərbaycan bilir. Qalan hissəsini isə Şakir Hacıyev zəbt edib".
İşğaldan azad olunan torpaqları mənimsəyən məmur özünə varidat toplayıb
Şikayətçi deyir ki, Şakir Hacıyev Füzuli rayonunu talaması hesabına özünə dəbdəbəli şərait yaradıb, külli miqdarda var-dövlət toplayıb. Hətta, bunlar azmış kimi rayonda hektarlarla torpaq sahələrini, dövlət əmlaklarını rəhmətə getmiş qohumlarının adına saxta yollarla rəsmiləşdirərək özününküləşdirib: "Bakıda villaları, çoxlu bahalı maşınları, Horadis qəsəbəsində oteli var. Bundan başqa o, 20 il bundan qabaq ölmüş bibilərinin, xalalarının adına Haramı və Şpartı düzlərində yüzlərlə hektar torpaq sahələrini rəsmiləşdirib. Hansı ki, həmin şəxslər 90-cı illərdə rəhmətə gedib. Şakir Hacıyev isə həmin torpaq sahələrini ölmüş şəxslərin adına sənədləşdirib ələ keçirib. Şakir Hacıyevin hazırda 30 000(otuz min)-dən çox qoyunu, mal-qara sürüsü, əkin-biçin sahələri var. Belə varlanmış insan əlbəttə ki, qara camaatın halına heç vaxt yanmaz".
Şikayətçi iddia edir ki, Şakir Hacıyevin ümumiyyətlə Füzuli rayonuna aidiyyəti yoxdur və hazırda da bu rayonda qeydiyyatda deyil. Amma, hansı yollasa o bu rayonda yüksək vəzifə tutur: "Özü Füzuli şəhər sakini olmayan Şakir Hacıyev Füzuli şəhər üzrə nümayəndəsi təyin olunandan sonra ehtiyac içində yaşayan məcburi əhalinin qara günləri başlanıb. Buna nə nədər dözmək olar? Bu barədə dəfələrlə rayon icra hakimiyyətinə, Prezident Administrasiyasına müraciət olunub. Xalqa qarşı olmazın mənfi münasibətlər göstərən bəd əməlli bu insanın barəsində ümidvarıq ki, ciddi tədbir görüləcəkdir".
Samir