Bakı-Qazax yolu ölüm tələsinə çevrilib

Məhv olan 8 ailənin məsuliyyəti kimindi?

Azərbaycanda yol polisi əməkdaşlarının özbaşınalığı, sürücülərin əsassız təqib edilmələri ilə bağlı yazmaqdan, problemi ictimai müzakirəyə çıxarmaqdan yorulmuşuq. Amma, heç bir faydası yoxdur ki, yoxdur. Hər dəfə bu özbaşınalıqlar bir faciə, bir bədbəxtçilik və bir problem yaradır. Daxili İşlər Nazirliyi ictimai qınaqlardan sonra bəzi hallarda tədbirlər görsə də, bu cür özbaşınalıqlara son qoyulmur. Nəticədə isə özbaşınalığın pik nəticəsi, faciələr baş verir.
Yol polisinin növbəti özbaşınalığı isə bu dəfə daha ağır faciə ilə nəticələndi. Söhbət 3 gün öncə-dekabrın 28-də Bakı-Şamaxı yolunda baş verən dəhşətli yol qəzasından gedir. Yol polisinin özbaşınalığı, sürücünü qanunsuz təqib etməsi nə az, nə çox, 9 ailəni yasa batırdı. Hadisə nəticəsində 8 nəfər faciəli halda dünyasını dəyisdi.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumata nəzər salaq. Məlumatda bildirilir ki, dekabrın 28-də saat 15 radələrində Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri "VAZ-2107" markalı avtomobillər toqquşub. N. Qasımov və sərnişinləri - Bakı şəhər sakinləri Güloğlan Əliyev, Əfran Bəndiyev hadisə yerində, İ. Hacıəliyev və sərnişinləri - Ağsu rayon sakinləri Tutu Nuriyeva, Səməndər Xəlilov, Valeh Mədətov və Gülşən Nuriyeva xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişiblər. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Nazirlik məlumatı yayıb, amma hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat verməyib. Amma. hadisə şahidlərinin verdiyi açıqlamaya görə, hadisə Bakı-Qazax yoluna təhkim olan, hər gün bu yolda onlarla sürücünü qanunsuz təqib edən, onlara qarşı qanunsuz cərimələr tətbiq edəcəyi ilə hədələyib sürücülərdən rüşvətlər alan yol polislərinin növbəti özbaşınalığı nəticəsində baş verib. Belə ki, həmin yolda xidmət keçən yol polisləri, daha doğrusu 2 yol polisi əməkdaşı Respublika Dövlət Yol Polisinə məxsus "BMW" markalı avtomobillə "VAZ 2107" markalı avtomobili qanunsuz təqib edib. Yol polisinin onu şərləyib rüşvət alacağından ehtiyatlanan avtomobil sürücüsü də yol polisinə təslim olmayıb və sürəti artırıb. Bu hadisə xoşuna gəlməyən yol polisləri də onu yolda qovmağa başlayıb. Nəticədə idarəetməni itirən sürücü qarşı tərəfdə hərəkət edən digər "VAZ 2107" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində nə az, nə çox 8 nəfərin həyatına son qoyulub. Hadisə baş verən an isə yol polisləri avtomobili  ilə birlikdə hadisə yerindən uzaqlaşıb və əraziyə başqa yol polisləri təhqiqat adı ilə gəlib və hamı kimi yol polisləri də guya şoka düşüb. Avtoqəzada 8 nəfər həlak olub.
Yol polisləri bu dəfə də məsuliyyətdən yayına biləcəkmi?

Yol polisləri hazırda məsuliyyətdən yayınmaq üçün bəhanələr və çıxış yolları axtarır, müəyyən yollarla hadisənin günahını üzərindən atmaq istəyir. Amma, yaxşı ki, hadisədə həlak olan günahsız 8 nəfərin ailəsi dərhal hərəkətə keçib və hadisənin yol polislərinin günahı üzündən baş verməsini qabardıb. Əvvəlcə yol polisləri hadisənin onların günahı üzündən baş vermədiyini iddia etsə də, mərhumların qohumlarının dirənişi onları çıxılmaz vəziyyətdə qoyub. Dekabrın 29-da hadisədə həlak olan şəxslərin 50-dən artıq qohumu həmin yolda etiraz aksiyası keçirib. Mərhumun qohumları Bakı-Qazax yoluna nəzarət edən mərkəzi postda yolu bağlamağa cəhd ediblər. Nəticədə bir saata yaxın yol bağlı qalıb və Daxili İşlər Nazirliyinin rəhbər işçiləri hadisə yerinə yollanmalı olublar. Nazirlik əməkdaşları mərhumların qohumları ilə görüşsələr də, aksiya iştirakçıları geri çəkilməyib və hadisədə günahı olan şəxslərin, yəni yol polislərinin cəzalandırılmasını tələb edib. Məcburiyyət qarşısında qalan nazirlik işçiləri onları Daxili İşlər Nazirliyinə qəbula çağırıb və yalnız bundan sonra aksiyaçılar yolda hərəkətin bərpasına icazə veriblər. Məlumata görə, nazirlik əməkdaşları həmin şəxslərin daxili işlər naziri Ramil Usubovla görüşünü təşkil edəcəklərinə söz veriblər.

10 YP 778- in özbaşınalığı, 8 ailəyə gətirilən dəhşətli faciə

Bax budur Bakı-Qazax avtomobil yolunda baş verən özbaşınalıqlar. Bu yolda sürücülərin təqib olunması nəticəsində faciəli hadisələrin baş verməsi ilk dəfə deyil. Bu artıq dəfələrlə baş verib, onlarla sərnişin və ya sürücü ya dünyasını dəyişib, ya da ağır xəsarətlər alıb. Amma, sonda Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşın əvəzinə öz işçisini, yol polisini müdafiə edib və onu məsuliyyətdən yayındırıb. Nəticədə isə faciənin əsl səbəbləri gizli qalıb. Hadisə şahidləri isə həmişə susdurulub.
Həlak olanların yaxınları artıq hadisəyə səbəb olan yol polisinin avtomobilinin dövlət nömrə nişanını da bilir. Mərhumun qohumları deyir ki, hadisə zamanı "VAZ 2107" markalı avtomobili qovan yol polisləri 10 YP 778 dövlət nömrə nişanlı "BMW" markalı avtomobildə olublar. Yol polisləri avtomobili təxminən 4 kilometrə qədər qovub və nəticədə bu cür qəza törədilib. Hadisə baş verəndən sonra isə həmin yol polisləri dərhal hadisə yerindən uzaqlaşıb və əraziyə köməkçi qüvvə çağırıblar. Yəni, başqa yol polisi. Həmin yol polisləri də hadisədə yol polisinin günahını ört-basdır etmək üçün əllərindən gələni etməyə çalışıb.

Mərəzə postundakı serjant İlkin Kərimovun faciə törətməsi niyə ört-basdır edildi?

Bu arada daha bir hadisəni xatırlatmaq istəyirəm. Bu il avqustun 8-də həmin yolda  daha bir ağır yol qəzası baş vermişdi. Yolun Mərəzə rayonu ərazisindəki yol polisi postuna məxsus 10 YP 784 dövlət nömrə nişanlı avtomobildə yol polis serjantı İlkin Kərimov adlı şəxs  Şəki şəhərindən Bakı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobili qovub. Mərəzə postundan başlanan təqib təxminən 5 kilometrə qədər, Nərimankənd ərazisinə qədər davam edib. Əlacsız qalan "Mercedes" markalı avtomobilin sürücüsü yol polisi avtomobili ilə toqquşmamaq üçün qarşı tərəfin hərəkət zolağına çıxıb. Nəticədə qarşıdan gələn "VAZ" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində "VAZ" markalı avtomobildə olan 53 yaşlı qadın sərnişin dərhal hadisə yerində həlak olub, avtomobilin sürücüsü 20 gün koma vəziyyətində qaldı, "Mercedes"markalı avtomobilin sürücüsü və 3 sərnişin ağır xəsarət almışdı. Həmin vaxt da qəza hadisəsinin baş verdiyini görən günahkar yol polisi-yol polis serjantı İlkin Kərimov hadisə yerindən qaçıb yenidən əraziyə gələrək guya hadisədən xəbərsiz olduğunu iddia etmişdi. Məsələ ilə bağlı heç bir araşdırma aparılmadı və Daxili İşlər Nazirliyinin Respublika Dövlət Yol Polisi İdarəsi hadisəni "Mercedes" markalı avtomobilin sürücüsünün boynuna yıxdı. Və nəticədə nə baş verdiyini demək istəmirəm. Günahkar yol polisi olan İlkin Kərimov isə müəyyən dairələrdəki adamlarının sayəsində məsuliyyətdən yayındırıldı. Həmişə olduğu kimi, bu dəfə də yol polisi "sudan quru" çıxmağı bacardı.

Bakı-Qazax yolundakı yol polisləri kimə arxalanır?

Bəli, budur yol polisinin özbaşınalıqları. Bakı-Qazax yolunda baş verən qanun pozuntuları, yol polislərinin bu yolda kimlərəsə güvənib qanunsuzluq etməsi artıq bu yoldan istifadə edən sürücü və sərnişinlərin əsəblərini tarımladıb. Amma, nədənsə bu yol polislərinin özbaşına hərəkətləri Respulika Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılmır. Nəticə isə göz qabağındadır. Bir yol polisinin qanunsuz təqibi 8 nəfərin həyatına son qoydu. Hər gün bu cür hadisələr baş versə də, Baş idarə nədənsə məsələyə biganə yanaşır.

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31