“Binə”də 5 milyon manatlıq malları yanan sahibkarlar etiraz aksiyası keçirəcək
26 Dekabr 2013 16:58 Problem"Binə" Ticarət Mərkəzində baş verən yanğın zamanı külli miqdarda ziyan dəyən 40 nəfərdən artıq sahibkar dəymiş ziyanın ödənilməsini tələb edir. Bu barədə "OLAYLAR"a ticarət mərkəzində malları yanan sahibkarlar məlumat verib. Sahibklarların sözlərinə görə, hadisə nəticəsində sahibkarlara 5 milyon manatdan artıq ziyan dəyib: "Hər sahibkarın ən azı 100 min manatlıq malı yanıb. Elə sahibkar var ki,150 min manatlıq malı yanıb. İki gündü burdayıq, Kəbirə Məmmədovanı tapa bilmirik. Bizim qarşımıza çıxıb bir söz deyən yoxdu. Yenə müavini Dilşad Əmirova qəbul elədi. Yalandan deyirlər ki, dəymiş ziyan hesablanacaq və ödəniləcək. Amma, iki gündü heç kim gəlib hesablamır. Yenə keçən dəfəki kimi aldadacaqlar. Keçən dəfə də dedilər ki, dəymiş ziyan ödəniləcək. Amma heç kimə bir qəpik də pul vermədilər. İndi də həmçinin. Elə aldatdıqlarına görə də Kəbirə Məmmədova bizim gözümüzə görünmür. Yenə müavini və hüquqşünası salıblar ortaya ki, bizə vəd verib yalandan aldatsınlar".
Sahibkarlar deyirlər ki, dekabrın 27-dək hesablama aparılmasa və ya dəymiş ziyan ödənilməsə onlar etiraz aksiyası keçirmək barədə qərar verəcəklər.