“Binə” yenə yandı, sahibkarlar ayağa qalxdı, Kəbirə Məmmədova isə qaçdı
Mağaza sahibləri “Sədərək” Ticarət Mərkəzinə üz tutur
26 Dekabr 2013 19:04 ProblemBakıda fəaliyyət göstərən və ildə ən azı 4 dəfə yandırılan "Binə" Ticarət Mərkəzi yenidən yandı. Yenə həmişə olduğu kimi ticarət mərkəzinin 4, 5 və 6-cı sıralarındakı mağazalar od alıb. Hadisə nəticəsində 50-dən artıq mağaza tamamilə yanıb. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə nəticəsində ticarət mərkəzində sahibkarlara məxsus 45 mağaza tam yanıb. Mağaza içərisindəki mallarla birlikdə, eləcə də, yaxınlıqda dayanmış "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi, "QAZEL" markalı yük avtomobilinin banı, "FORD" markalı mikroavtobusun mühərrik hissəsi yanıb. Yanğın zamanı yüksək temperaturdan yaxınlıqdakı digər mağazanın şüşələri partlayıb. Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 00:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
"Binə" sahibkarları bir həftə imiş hədəfə alınıb
Bu rəsmi məlumat idi. Məsələ ilə bağlı hadisə yerində olarkən sahibkarlarla söhbət zamanı məlum olub ki, ticarət mərkəzi bilərəkdən yandırılıb. Bu sahibkarların iddiasıdır. Sakinlər deyirlər ki, həmin sıralar artıq bir ildə 4-cü dəfədir ki, yandırılır. Hər dəfə də bir bəhanə edirlər. Amma hələ heç kmim əsil günahkarları tapmayıb.
Sahibkarlardan biri deyir ki, bazarın həmin hissəindəki sahibkarlar bir həftədən artıqdır ki, bazar rəhbərliyi tərəfindən hədələbnir: "Bilirdik ki, nəsə olacaq. Cünki, hər dəfə belə hədələr olanda nəsə olur. Biurinci dəfə deyil ki, başa düşməyək. Ötən həftə 4, 5 və 6-cı sıralardakı sahibkarlar ticarət mərkəzinin rəhbərinə etiraz etmişdilər. O da dərhal mühafizəçilərinə tapşırmışdı ki, sahibkarları susdursun. Keçən həftə sahibkarlarla mühafizəçilər arasında qarşıdurma da olmuşdu. Kəbirə Məmmədovanın adamları sahibkarları polislə hədələdilər".
Hava soyuyan kimi işıqpulu qalxır, bazar yanır
Sahibkarlar deyirlər ki, sahibkarların etirazına səbəb "Binə" Ticarət Mərkəzində həmin üç sıranın sahibkarlarının obyektlərində elektrik enerjisi haqqının bahalaşması olub: "Hər il soyuq aylarda Kəbirə Məmmədovanın adamları işıqpulunu qaldırır. Biz də buna etiraz etdik. Keçən il də belə oldu, narazılıq edən kimi, bizim sıralarda yanğın oldu, bu il də eyni hadisə. Bu artıq vərdiş halını alıb. Kim etiraz edirsə, onun yerini yandırırlar, mallarını oğurlayırlar, nə bilim, dükanın qarşısını yalandan qazırlar ki, alver edə bilməyək. Şikayət etməyə yerimiz də yoxdu, etiraz edib yolu bağlayırıq, bizi iğtişaşçı adı ilə həbs edirlər. Keçən dəfə etiraz edəndə 30-dan artıq sahibkarı həbs etdilər, məhkəməyə qədər gedib çıxdıq. Bu biabırçılıqdır. Pulumuzu verib yer almışıq, qanuni mülkümüzə görə Kəbirə Məmmədovaya icarə haqqı ödəyirik. Heç bir ticarət mərkəzində belə biabırçılıq yoxdur. Tanıdığın onlarla sahibkar yaxınlığımızdakı "Sədərək" Ticarət Mərkəzində işləyir. Orada nə bu qədər icarə haqqı var, nə işıq pulu. "Sədərək"də sayğac quraşdırılıb, kim nə qədər işıq yandırırsa, o qədər də pul ödəyir. Daha bizi kimi soyulmur. Kəbirə Məmmədova bizi əməlli başlı qarət edir. Heç kim də bu məsələyə müdaxilə etmir. Kimə deyirsən, deyir ki, bura Kəbirə Məmmədovanın mülkiyyətidir və sahibkarın işinə müdaxilə edə bilmirik. Yaxşı, bəs biz nəyik? Biz sahibkar deyilik? Bizə niyə o şərait yaradılmır. Axı bu dükanlara da biz pul vermişik. Kəbirə Məmmədova bu bazarı bizim pulumuzkla tikib, öz pulu ilə yox. Hamıdan əvvəlcədən pul yığıb bazarı tikib, sonra da dükanları satıb bizə. İndi də bizdən ayda 3000 manat icarə haqqı alır. Bu nə puludur. Belə icarə haqqı alan idisə bizim 100 minlərlə pulumuzu niyə alırdı? Sahibkar var ki, bir mağazanı 120 min manata alıb. Mən 2 kiçik mağazaya 110 min manat vermişəm. Bəs bizim sənədlərimiz, mülkiyyət aktımız hanı? Burda təmiz özbaşınalıqdır. Kim nə istəyir onu da edir. Daha doğrusu, Kəbirə Məmmədova istədiyi qanunu qoyur, istədiyi adamdan istədiyi qədər pul alır. Şəxsən mən hər ay Kəbirənin adamlarına 250 manat işıqpulu verirəm. Amma, hansı ki, sayğac qoyulsa, mənim iki mağazamda 40 manatdan artıq elektrik enerjisi istifadə olunmur. Amma, 250 manat alırlar. Bir lampa normal vəziyyətdə sutka ərzində işləsə ayda cəmi 4 manat edir. Amma, bizdən bir lampaya 20 manat alırlar. Kondisionerə 50-70 manat".
"Hamımız "Sədərəy"ə köçəcəyik"
Sahibkarlar deyirlər ki, artıq onlar ticarət mərkəzində işləmək istəmirlər. Əksər sahibkarlar ticarət mərkəzindən çıxıb. Qalanları isə bu hadisədən sonra bazarı tərk etmək qərarındadırlar: "Keçən dəfə qazdan zəhərlənmə olanda 20-dən artıq sahibkar mağazalarını bağlayıb "Sədərək" Ticarət Mərkəzinə köçdü. İndi də orada normal işləyirlər. Heç kim də bir söz demir. Mallarını buradakından da yaxşı satırlar, qazancları da çox olur. Amma, biz qalmışıq. Gah qazdan boğurlar, gah malımız oğurlanır, gah mağazamız yanır, gah arabaları gətirib saxlayırlar dükanların qarşısında guya ki, mal boşaldırlar. Bir sözlə imkan vermirlər ki, malımızı sataq. Ayın da axırı olmamış Əzrayil kimi çökürlər boğazımıza. İcarə pulu, işıq pulu nə bilim nə".
Bazar yanan kimi Kəbirə Məmmədova qaçıb gizlənir
Sahibkarlar deyirlər ki, gecədən bazarda yanğın olub, artıq bir sutkaya yaxın vaxt keçməsinə baxmayaraq Kəbirə Məmmədova əraziyə gəlməyib. Bazar yanandan sonra Kəbirə Məmmədova ümumiyyətlə, bazara gəlməyib: "Hər gün otağında olurdu. Amma, bu gün ümumiyyətlə bura ayağı dəyməyib, Elə bil yanan bunun bazarı deyil. Belə olan kimi Kəbirə Məmmədova qaçır gizlənir, onun yerinə camaatı müavini Dilşad Əmirova və onun hüquqşünası qəbul edir. Onlar da heç nə söz vermirlər. Kəbirə Məmmədiova bazar yananda heç nə iirmir. Çünki, ən azından bazar sığ\ortalanıb, ona dəymiş ziyan ödənilir. Amma, bizim yanan mallarımıza heç kim cavabdeh deyil. Bu dəfə həır sahibkara 150 min manatdan artıq ziyan dəyib. Keçən dəfə də külli miqdarda ziyan dəymişdi, heç kim ödəmədi".
Çarəsiz qalan sahibkarlar dekabrın 26-da ərazidə etiraz asksiyası keçirəcəklər. Sahibkarlar bildirilər ki, toqquşma olsa da, geri çəkilməcəklər: "Ya öləcəyik, ya da bizə dəymiş ziyan ödəniləcək. Ayda 1000-2000 manat qazanmırıq, ildə iki dəfə 60-100 min manatlıq malımızı yandırırlar. Kəbirə Məmmədovaya bazarın yanması sərf edir, amma bizə yox. Çünki, o sığortadan pulunu alır, biz kimdən tələb edək?"
Samir Əli