Bərdədə 120 ailə nədən şikayət edir - PROBLEM

Sakinlərin istirahət parkı yol polisinə satılıb

Bərdədə 120 ailə məmur özbaşınalığından fəryad edir. Bu barədə redaksiyamıza Bərdə şəhəri,  H.Əliyev prospekti 112A və 112B saylı (60+40) 100 mənzilli 5 mərtəbəli binanın və ətrafdakı həyətyanı torpaq sahələri olan 20 evin sakinləri adından Mehtiyev Ehtibar Əhməd oğlu, Hüseynov Elşad Cəmil oğlu müraciət ediblər.

Müraciətdə bildirilir ki, həmin ərazidə 120 ailəyə məxsus ümumi həyət məmurlar tərəfindən heç bir əsas olmadan zəbt edilib. Həyət sakinlər tərəfindən qorunub-saxlansa da, Bərdə rayon Mənzil İstismar Sahəsinin rəisi həmin ərazini satıb: "Məmurlar ərazini abadlaşdırmaq, 100-lərlə azyaşlı uşağın və qocaların asudə vaxtlarını keçirmək üçün şərait yaratmaq, yəni park və yaşıllıq salmaq əvəzinə faktiki parkı satırlar. Bu günlərdə Bərdə rayon Mənzil-İstismar sahəsinin rəisi Rauf müəllim bizim xəbərimiz olmadan bir nəfər Ehtiram adlı Dövlət Yol Polisi Xidmətinin əməkdaşına qeyd olunan ərazidən ona həyətyanı torpaq sahəsinin ayrılmasını bəhanə gətirib həmin torpaq ərazisini ölçüb verib. Sonra isə Bərdə rayon Təhsil Şöbəsinin işçiləri şöbə müsiri Rzaqulu müəllimin rəhbərliyi altında orada olan ağacları kəsib yerində park salmalarını bildiriblər.  Lakin 07 dekabr 2013-cü ildə Ehtiram Rauf müəllimlə birlikdə gəlib traktor salıb ərazini qazıb. Qazıntı işləri aparanda sakinlərə məlum olub ki, Ehtiram özünə ev tikir". DYP işçisinin ev tikməsi üçün ərazidə qazıntı apardığını görən sakinlər etiraz aksiyası keçiriblər. Nəticədə Mənzil-İstismar sahəsinin rəisi və Ehtiram müvəqqəti olaraq işlərini dayandırmaq məcburiyyətində qalıb. Amma buna baxmayaraq həmin şəxslər sakinlərə qarşı təzyiqlər etməyə başlayıblar. Sakinlər deyirlər ki, torpaq sahəsini zəbt edən yol polisi əraziyə gələrək sakinlərə, hətta qadınlara da əl qaldırıb: "Hətta Ehtiram 08 dekabr 2013-cü ildə əraziyə gəlib və ona etiraz edən sakinlərdən biri olan İsmayılova Almaz Həsənalı qızını vurub yerə yıxıb. Məmurlar isə sakinlər əvəzinə ona arxa çıxıblar". Çarəsiz qalan sakinlər bu özbaşınalıqların qarşısını almaq məqsədilə prezident İlham Əliyevə müraciət edərək hüquqlarının bərpası və cavabdeh şəxslərin cəzasına çatmasını xahiş edib. Müraciətdə deyilir: "Cənab prezident! Sizdən xahiş edirik, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 8-ci maddəsi ilə müəyyən edilmiş "Şəhərsalma və tikinti fəaliyyəti obyektlərində, xüsusən insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş sosial minimumlar təmin edilməlidir" müddəasına əməl olunması üçün bu məsələni araşdırıb qarşısını alasınız, Ehtiram adlı şəxsə bizim məhəllənin istirahət zonasından həyətyanı torpaq sahəsinin ayrılmasına dair sənədlərin ləğv olunmasına, həmin sənədləri hazırlayan məmurlar, yeri ölçüb verən Bərdə rayon Mənzil-İstismar sahəsinin rəisi Rauf müəllim və yaşıllığı məhv edən vəzifəli şəxslər haqqında cəza tədbirləri görülməsinə dair sərəncam verəsiniz. Axı Ulu Öndərimiz Heydər Əliyev demişdir: "Hər kəs yaşadığı ərazidə ağac əkməlidir. Əgər kimsə ağacın bir budağını kəsərsə, mənim qolumu kəsmiş olur!"

Azərbaycan dövləti Sizin apardığınız daxili siyasətin nəticəsində insanların qayğısına qalır, vətəndaşlarına firavan və dinc yaşamaları üçün bütün mümkün tədbirləri, o cümlədən onların mədəni istirahət etmələri üçün xüsusi yerlərin yenidən salınması, mövcüd olanların isə bərpa olunması tədbirlərini külli vəsait xərcləməklə həyata keçirir. Hətta qəbul olunmuş qanunlarla, o cümlədən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.2.2-ci maddəsi ilə də nəzərdə tutulur ki,Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılmasıdır".

Sakinlər həmçinin məsələ ilə bağlı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə və digər aidiyyəti qurumlara da müraciət ediblər.

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31