Boşanmalarda artım məsələsi ciddiləşir

Qadın Böhran Mərkəzinə hər gün boşanmaya görə müraciətlər olur. Bu barədə "OLAYLAR"a məlumat verən mərkəzin rəhbəri M.Əzizova bildirdi ki, boşanma ilə bağlı müraciət edənlər müxtəlif səbəblər irəli sürür.  Zorakılıq, bir-biri ilə ünsiyyət qura bilməmək problemləri olur: "Ailədə böhran dönəmləri olduqda bu ər-arvad arasında konfliktlərə çevrilir. Avropada bu krizis dövrünü çox gözəl bilirlər. Xüsusi ailə psixoloqları var və bu dövrü rahat keçə bilmək üçün onlara müraciət edirlər. Bizdə təəssüf ki, ailə psixoluqu institutu inkişaf etməyib. Psixoloqlar çox azdır. Regionlarda demək olar ki, yoxdur. Bəzən bu krizis dövründən keçə bilmirlər və bu da boşanmaya gətirib çıxarır". M.Əzizova bildirdi ki, müraciət edən elə ailələr olur ki, onu saxlamaq olur, amma əksi də olur: "Son dövrlərdə ailələri qorumaq üçün mübarizə aparıldığını, ailəyə ciddi yanaşmaq məsələsini görmürəm.  Elə ailələr olur ki, iki insan bir-birini sevir. Həqiqətən ailəyə görə mübarizə aparırlar. Ortada sevgi, hörmət olduğunu görürsən. Belə ailələri görəndə onlara kömək etməyə çalışırıq. Amma bəzən görürsən ki. adi bir münaqişə üzündən böyük problem çıxaranlar olur. Qadın deyir ki, sevmirəm. Atam məcbur edib, qohum olduğu üçün ailə qurmuşam və c. Ortada nəinki sevgi, heç hörmət də yoxdur".

M.Əzizova vurğuladı ki,  boşanmalarla bağlı müraciətlərdə artım var və bu çox ciddi bir problemə çevrilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31