Badamdarda 25 ailə ölümlə hədələnir - PROBLEM

Tofiq Məmmədov küçəsinin sakinləri ailələrinin təhlükəsizliyi üçün MTN-ə müraciət etdi

Bakının mərkəzində-Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçədsi 1 və 3 saylı binanın qarşısındakı istirahət və əyləncə parkı uğrunda savaş davam edir. Bu barədə redaksiyamıza Səbail rayonunun Badamdar qəsəbəsinin sakinləri müraciət ediblər. Parkın sökülməsinə etiraz edən bina sakinləri indi daha bir təhdidlə üzləşiblər. Bu dəfə sakinləri iş adamları deyil, icra hakimiyyətinin məmurları ölümlə hədələyir.

Xatırladaq ki, hər iki binanın həyətində uşaqların əylənməsi və bina sakinlərinin asudə vaxtlarını keçirməsi üçün yeganə park var. Park bina sakinlərinin şəxsi vəsaitləri hesabına abadlaşdırılıb, ərazidə ağaclar əkilib, oturacaqlar və uşaqların əyləncəsi üçün yellənçəklər quraşdırılıb. Sakinlərin bu təşəbbüsü Səbail rayon İcra Hakimiyyəti tərəfindən də müsbət qarşılanıb və onlara bu işdə dəstək də verilib. Amma sonradan parka hansısa məmur göz dikib. Bir neçə ay əvvəl bir qrup şəxs Səbail rayon İcra Hakimiyyətinin işçiləri adı ilə əraziyə gələrək parkı abadlaşdırmaq istədiklərini bildiriblər. Deyiblər ki, guya park abadlaşdırılacaq, burada istirahət üçün daha normal şərait yaradılacaq. Amma, sonradan məlum olub ki, həmin şəxslər heç də icra hakimiyyətinin adamları deyil. Sakinlərin araşdırmaları zamanı məlum olub ki, bu şəxslər qəsəbədə hansısa iş adamının əlaltılarıdır və ərazi dağıdılaraq zəbt olunur. Park əvvəlcə "Dəli Dağ" Tikinti Şirkətinin rəhbəri Ələddin adlı şəxs tərəfindən zəbt olunsa da, sakinlər onun ərazidə tikinti aparmasına mane oldu. Bir müddət sonra isə məlum olub ki, həmin şəxs buranı özəlləşdirməmiş digər iş adamına-Ağa adlı şəxsə satıb. Ağa adflı digər iş adanmı da parkı dağıdıb, ağacları kəsib, ərazini hasarlayıb. Məlum olub ki, Ağa adlı şəxs sakinləri aldatmaq üçün onlara saxta sənəd təqdim edib. Yəni, bu şəxs saxta möhürlə "təsdiqlənmiş" ərazidə 600 kvadratmetrlik ərazidə fərdi yaşayış evi inşa etmək barədə sənədi sakinlərə göstərsə də, sonradan həmin sənədin saxtalığı üzə çıxmışdı və bununla da sakinlər həmin şəxsi ərazidən uzaqlaşdıra biliblər.

Dekabrın 18-də isə əraziyə yeni iddiaçı çıxıb. Məlum olub ki, Ağa adlı həmin iş adamına himayədarlıq edən şəxs Səbael rayon İcra Hakimiyyətinin adından istifadə edib. Sakinlərin sözlərinə görə, dekabrın 18-də əraziyə 90 FC 107 dövlət nömrə nişanlı, qara rəngli "Prado" markalı avtomobillə gələn Əli adlı şəxs sakinləri hədələməyə başlayıb. Həmin şəxs bildirib ki, o guya Səbail rayon İcra Hakimiyyətinin işçisidir. Əli sakinləri hədələyərək onları ərazi iddiasından əl çəkməyə çağırıb. Bildirib ki, guya həmin ərazi satılıb və sakinlər həmin park barədə şikayət etməməlidirlər: "Bizi bir neçə dəfə hədələyib ki, əgər iddiadan əl çəkməsəniz ailə üzvlərinizi oğurlatdıracam, qadınlarınızı şantaj etdirəcəm və sair. Əli adlı bu şəxsin kim olduğu, harda işlədiyi məlum deyil. Nə vəzifəsi bilinir, nə işi. Yalnız sakinləri təhqir etməklə, hədələməklə məşğuldur. Ərazi saxta sənədlərlə satılsa da, Əli həmin sənədlərin qanuni olduğunu idda edir".

Sakinlər deyirlər ki, dekabrın 18-i axşamdan başlayaraq həmin Əli adlı şəxs sakinləri sms vasitəsilə də təhdid etməyə başlayıb. O bina sakinlərinin mobil telefonlarını öyrənib onlara hədə dolu sms-lər yazır, parkdan əl çəkmələrini tələb edir: "Birinə yazır ki, "qəlib boynunu qıraram", o biri qonşuya sazıb ki, ailəsini şantaj edəcək, digərinə yazıb ki "Bir də park davası çıxarsan, səni öldürəcəm". Bu cür hədə dolu mesajlar yazan bu şəxs artıq iki gündür ki 26 ailəni qorxu altında saxlayır. Artıq 1 və 3 saylı binanın sakinləri qorxudan nə işə gedə bilirlər, nə də hansısa bir problemlərini həll edə bilirlər. Sakinlər Əli adlı həmin şəxsin hədələrindən ehtiyatlanırlar. Çünki dəfələrklə bu şəxs binanın həyətinə gələrək idarə etdiyi avtomobili bina sakinlərinin üstünə sürərək onları vurmaq istəyib. Amma, onun bu cəhdləri hələ ki baş tutmayıb".

Çarəsiz qalan sakinlər həyatlarının təhlükəsizliyi və onlara qarşı göndərilən hədə mesajları barədə milli təhlükəsizlik naziri Eldar Mahmudov və daxili işlər naziri Ramil Usubova müraciət ediblər. Sakinlər hər iki nazirdən ailələrinin təhlükəsizliyinin nəzarətə götürülməsini, onlara qarşı bu cür ölüm hədələri edən şəxslərin məsuliyyətə cəlb edilməsini istəyiblər. Hazırda ərazidəki 25 ailə iki gündür ki, həyatlarına təhlükə olmasından ehtiyatlanaraq mənzillərindən çölə çıxa bilmirlər.

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31