Sabunçuda 13 övlad atasının torpağı və evi əlindən alınıb - PROBLEM

Həsən Camalov prezidentə icra başçısının özbaşınalıqları barədə şikayət etdi

Bakıda 13 övlad atası olan kişinin torpaq sahəsi zəbt edilib. Bu barədə redaksiyamıza zərərçəkən Camalov Həsən Sərkər oğlu məlumat verib. Şikayətçi bildirir ki, Bakıxanov qəs, Sülh küç, 14/2 ünvanda yerləşən, ailəsinə məxsus 400 kv.m torpaq sahəsi Sabunçu  rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq zəbt olunub. Şikayətçi torpaq sahəsinin zəbt edilməsində icra başçısını ittiham edir. Bildirir ki, torpaq sahəsi "Bərgüşad" MMC tərəfindən zəbt edilsə də, sonradan həmin ərazini icra başçısı Adil Vəliyevin aldığı müəyyən edilib: "Bu il dekabrın 13-də məsələ ilə bağlı Sabunçu icra başçısının qəbulunda oldum və torpaq sahəmin zəbt olunduğunu bildirdim. Elə zənn edirdim ki, icra başçısı məsələdən xəbərsizdir və bu barədə tədbir görəcək. Amma, hər şey düşündüklərimin əksinə oldu. İcra başçısı Adil Vəliyev bütün işçilərinin gözü qarşısında mənim tam qanuni olan sənədlərimi qərəzli olaraq qeyri-qanuni elan etdi. Bildirdi ki, guya torpaq sahəsi qanunsuz zəbt edilib. Mənim qanuni sənədlərimi icra başçısı saxta adlandırdı. Məlum oldu ki, bizim torpaq sahəmizi şadlıq sarayı inşa etdirməkdən ötrü icra başçısı özü zəbt edibmiş. Ən acınacaqlı məqam isə, bizim evimizi qəzalı və yaşanmaz hala salan Bərgüşad-Ş MMC-nin arxasından elə Adil Vəliyevin özü çıxdı".

Şikayətçi deyir ki, icra başçısı məsələnin qəlizləşdiyini görüb onu dilə tutmağa çalışıb. Adil Vəliyev əvvəlcə ailə başçısını bu yoldan çəkinməyə çağırıb. Bildirib ki, ona əvəzində başqa ərazidən torpaq sahəsi verəcək: "Mənə dedi ki, Hacı, sən gəl evini bizimlə, yəni o şirkətlə razılaş sat, bu işlər xırda işlərdir, sənə başqa yerdən torpaq da ayıraram". Dünya gözlərimdə qaraldı. Məlum oldu ki, indiyə qədər mənim balalarımı ölüm təhlükəsi altında yaşadan icra başçısı Adil Vəliyevin özü imiş, torpaq sahəmizi də bizə basqı etməkdən ötrü zəbt edib. Mən hər zaman şübhələnirdim, çünki bu günə qədər etdiyim saysız şikayətlərim heç bir fayda verməyib. Amma bu sözləri başçının öz ağzından eşitdikdən sonra ayaqlarım yerdən üzüldü. Çünki görüşün ən əvvəlində müraciətimi - "Cənab başçı, siz Sabunçu rayonunda Prezident İlham Əliyevi təmsil edirsiniz, Onun nümayəndəsisiniz. Sizin dediyiniz hər bir sözü prezident İlham Əliyevin sözü olaraq qəbul edirəm" deyə başladım. Qəbul otağını tabeçiliyində olan məmurların gözü qarşısında bazar meydanına çevirdi. "Sənə bu qədər dollar təklif olunur, manatla bu qədər edir, sən niyə razılaşmırsan. Sənin evin bu qədər kvadratdır, sən bu qədər istəyirsən, bu doğru deyil". Bir icra başçısının vətəndaşla danışığı beləmi olmalıdır? Mən torpağımdan ötrü qəbuluna gəldim, icra başçısı Adil Vəliyev isə şəxsən, mənimlə ev bazarlığı etdi və ən acınacaqlısı RİH işçilərinin gözü qarşısında. Bu işçilərdən xalq nə gözləsin bundan sonra?"

Şikayətçi deyir ki, Adil Vəliyev onu artıq qəbul da etmir və şikayətlərinin heç bir faydası olmur. Çarəsiz qalan Həsən Camalov qəzetimiz vasitəsilə prezident İlham Əliyevə müraciət edir: "Cənab prezident, sizdən çox xahiş edirəm məni və 13 övladımı bu haqsızlıqdan, Adil Vəliyevin tələsindən xilas edin. Bizim sizdən başqa şikayət edəcəyimiz daha heç kim yoxdur. İcra başçısı Adil Vəliyev abadlıq adı altında haqq-nahaq bizim evimizi, torpağımızı əlimizdən alır, adını da "prezidentin göstərişi" qoyur. 13 övlad böyüdənin malını əlindən alacağına, canını alsa daha yaxşıdır. Cənab prezident, bizim haqqımızı qoruyun. Bizi bu bəladan qurtarın."
 

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31