İntihar hallarının sayı artıb
Hadi Rəcəbli : “İntihara qalxanların içərisində yetkin, ağıllı adamlar daha çoxdur”
25 Aprel 2012 17:37 Problem" Televiziyalarda nümayiş olunan verilişlər, həmçinin, kömpüterdə, internetdə olan məsələlər insanlar arasında intiharların baş verməsinə gətirib çıxarır". Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. Komitə sədrinin dediyinə görə, burada düşündürücü və narahatedici məqamlardan biri də odur ki, intihara qalxanların içərisində yetkin, ağıllı adamlar daha çoxdur: " Bunun da səbəbi yenə internetin, kino-filmlərin , həddindən artıq emosionallığın üzərinə gəlib çıxır. İntiharların başqa səbəbləri də var. Bu, evdə uşaqların sayının az olmasıdır, bu, uşaqların ərköyün böyüməsidir, bu, emosional məqamların güclənməsidir, bu, valideynlərin uşaqlara az vaxt sərf etməsidir". H.Rəcəbli hesab edir ki, uşağının qayğıları ilə yaşayan valideynlər, ancaq uşaqların emosional hisləri ilə yaşamır: " Valideynlər daim onları nəzarətdə saxlamalıdır. Bugünlərdə qəzetlərin birində oxudum ki, bacısının xəbəri varmış qardaşı bir qız sevir, onların arasında nəsə münasibətlər var. Valideynlərdən də biri bilməliymiş onu. Oğlan da çox ziyalı, mədəni bir oğlan imiş. Ancaq o, intihara əl atır. Bu, əlbəttə, çox narahatedici bir məsələdir. Cəmiyyəti düşündürən məsələlərdən biri də elə budur". İntiharların çoxalmasının kökündə sosial problemlərin daha çox dayanması ilə bağlı versiyalara gəlincə, komitə sədri bunu istisna etmədiyini qeyd edib: " Bayaq yuxarıda adını cəkdiyim şəxs də kasıb adam deyilmiş, imkanlı, işi, hər şeyi olan adam imiş. Deməli, kasıblıq əsas səbəb deyil. Hər dəfə bundan qaçmaq lazımdır. Mən özüm elə kasıblıqla böyümüşəm , necə kasıblıq görmüşəm? Deyirlər, kasıblıq ailə dağıdır. Yalan söhbətdir. Mənə varlı qızı ərə gəlib və mən- kasıb oğlan onunla yaşayıb, varlı olmuşam. Yəni, dözüm olub. Onun dözümü hardasa mənə dəstək olub . Deməli, pul əsas şərt deyil".