Suraxanıda qanunsuz metaləritmə sexi 65 ailəni məhv edir - PROBLEM
İradə Cavadova: “Sakinlər polisə müraciət edəndə, oradan "Siz bilirsiniz bu metal sexi kimə məxsusdur?" cavabını alırlar”
11 Dekabr 2013 16:06 ProblemBakının Suraxanı rayonunda bir qrup ailə sahibkar özbaşınalığından məhv olmaq üzrədir. Rayon ərazisində yaşayan 65 ailə hər an ölümlə üz-üzə qalıb. Bu barədə redaksiyamıza tanınmış hüquq müdafiəçisi İradə Cavadova müraciət edib. İradə xanım deyir ki, Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Mədən küçəsi 16-da yaşayan 65 ailənin hüquqları kobud halda pozulur. Sakinlər müraciətlərində yaşadıqları binaların həyətində yerləşən və məlumata əsasən 2 ildir fəaliyyət göstərən "Hüseyn Ltd" MMC-yə məxsus metaləritmə sexinin onların normal yaşayışını kobud şəkildə pozulduğunu bildirib. Hüquq müdafiəçisi bildirir ki, sakinlərin fəalları ilə görüş zamanı ona deyiblər ki, bina sakinlərindən səhhəti zəif olanların bəziləri boğucu tüstü iyinin təsirindən vəfat edib, bəzi insanlar isə evlərindən köçərək başqa yerdə kirayə yaşamağa məcbur olublar: "Digərlərinin bu imkanı olmadığından orada yaşamağa məcburdurlar. Sakinlər adı çəkilən sexin 24 saat fəaliyyət göstərdiyini və sexdə metal əridilməsi zamanı əmələ gələn qatı tüstü, his, yanıq iyi sakinlərin sağlamlığına ziyan vurduğunu, həmin qatı tüstü orada yaşayan insanların nəfəs borularına və ciyərlərinə gedərək onları zəhərlədiyini, bundan xüsusilə uşaqlar və xəstəliyi olan insanlar daha çox əziyyət çəkdiyi bildirdilər. Həmin qatı tüstüyə görə onlar mənzillərinin qapı və pəncərəsini yay - qış bağlamaq məcburiyyətindədir. Pəncərələr bağlı olduğu üçün və havadan tüstü, hiss iyi gəldiyi üçün sexin yerləşdiyi həyətin sakinləri təmiz havaya həsrət qalıb. Qatı tüstüdən və havaya hopan çirkdən sakinlərin evləri, həyətləri, eyvanları, qab-qacaqları bütünlüklə his içindədir".
Metal əridən müəssisə 4 təhlükəli neft quyusunu zəbt edib
İradə Cavadova deyir ki, metal əridilməsi prosesində istifadə edilən kimyəvi maddənin dözülməz iyindən və birbaşa təsirindən ev və mənzillərin sakinləri, xüsusilə körpə uşaqlar sağlamlığını itirir. Boğucu zəhərli tüstü iyinin təsirindən sakinlərin vəziyyətləri, həyat şəraitləri olduqca dözülməz hala düşüb. Müəssisədəki istehsalat prosesinin, metal daşıyan nəqliyyat vasitələrinin səs-küyü orada yaşayan insanların əsəb-sinir sisteminə də mənfi təsir göstərir: "Cox maraqlıdır ki, sexin ərazisində 4 neft buruğu mövcuddur. Bu isə orada yaşayan insanların həyatı üçün təhlükəlidir. Neft şirkətindən 500 metr aralıda yaşayan NZS sakinlərini məcburi köçürtdüyü halda burda nədən həmin sexin fəaliyyətinə icazə verir anlaşılan deyil".
Heç bir sənədi olmayan qanunsuz metaləritmə müəssisəsi
İ.Cavadova deyir ki, həmin şirkətlə bağlı məlumat da almaq mümkün deyil. Araşdırmalar zamanı həmin müəssisənin də qanunsuz fəaliyyət göstərməsi faktı üzə çıxıb. Amma, nədənsə aidiyyəti qurumlar bu saxtakarlıqlara göz yummaq məcburiyyətində qalıb: "Həmin müəssisə barəsində ətraflı məlumat almaq istədik və bu barədə əraziyə yollandıq. Özünü Eldar adı şəxs kimi tanıdıan bir nəfər MMC-nin VÖEN-nin olmadığını bildirib. Buna görə də, o müəssisənin rəhbəri haqqında məlumat verməkdən imtina etdi. Yuxarıda adıçəkilən müəssisənin VÖEN olmadan fəaliyyət göstərməsi onu düşünməyə əsas verir ki, həmin müəssisə qanunsuz fəaliyyət göstərir. Amma. Bu barədə heç bir qurum araşdırma aparmır. Bundan istifadə edən müəssisə rəhbərliyi də həmin ərazidə istədiyi özbaşınalıqları edir, sakinləri saymır".
Qanunsuz miqrantların işlədildiyi müəssisənin sahibi kimə güvənir?
İradə xanım müəssisə ilə bağlı daha bir qanunsuzluğun aşkarlandığını bildirir. Onun sözlərinə görə, bu faktı sakinlər aşkarlayıb. Sakinlər bildirib ki, müəssisədə Çin və Özbəkistandan gəlmiş miqrantların əməyindən istifadə olunur. Həmin miqrantların heç biri ilə əmək müqaviləsi də bağlanmayıb. Müəssisə rəhbəri qanunsuz miqrantları məcburi istismar etməklə onları qanunsuz işlədir, iş saatından artıq əlavə işlərə cəlb edir. Əgər müəssisə qanunsuz fəaliyyət göstərirsə, bu, əmək müqaviləsi olmadan fəaliyyət göstərməsini düşünməyə əsas verir. Bu isə qanuna ziddir və inzibati məsuliyyətə səbəb olur. Müəssisə öz qanunsuz fəaliyyəti ilə həm orada çalışan insanların, həm də müəssisənin yerləşdiyi küçədəki binalarda və evlərdə yaşayan sakinlərin hüquqlarını kobud şəkildə pozur".
Etiraz edən sakinlər polis tərəfindən hədələndi
Hüquq müdafiəçisi deyir ki, şikayətlə bağlı müvafiq dövlət strukturlarına (9 dövlət strukturunun rəhbərlərinə) məktublar göndərilib. Sakinlər özləri Suraxanı rayon Polis İdarəsinə müraciət edərək bu qanunsuzluq barədə tədbir görülməsini sitəyib. Lakin polis idarəsində onlara "Siz bilirsiniz bu metal sexi kimə məxsusdur?" kimi müəmmalı sual verilib və şikayətlərinə baxılmayıb: "İnsan hüquqları həm daxili, həm də beynəlxalq qanunvericiliklə qorunmalıdır . Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində insanların layiqli həyat şəraitinin və rifah səviyyəsinin təmin olunması, 37-ci maddəsində istirahət hüququna, 39-cu maddəsində sağlam ətraf mühitdə yaşamaq hüququna təminat verilir.
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyada hər bir kəsin yaşamaq, istirahət etmək hüququ təsbit edilib.
BMT-nin "İstehlakçıların hüquqlarının müdafiəsinə dair" 1985-ci il tarixli Rəhbər Prinsiplərində, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 19 sentyabr 1995-ci il tarixli Qanununda istehlakçılarınsağlamlığının və təhlükəsizliyinin müdafiəsi hüququ ön plana çəkilir.
Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamında Azərbaycan Respublikası insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürməsi qeyd edilib".
Samir Əli