İş adamı istirahət parkını zəbt edib - PROBLEM
Tofiq Məmmədov küçəsindəki park saxta sənədlərlə ələ keçirilib
10 Dekabr 2013 14:59 ProblemBakının mərkəzində acınacaqlı vəziyyət yaranıb. Hansısa bir məmur Bakıda bir küçənin sakinlərinin yeganə istirahət parkını zəbt edib. Bu barədə redaksiyamıza Səbael rayonunun Badamdar qəsəbəsinin sakinləri müraciət ediblər. Qəsəbənin Tofiq Məmmədov küçəsi 1 və 3 saylı binanın sakinləri məmur özbaşınalığından həddindən artıq acınacaqlı vəziyyətə düşüblər. İş o həddə çatıb bina sakinləri hətta yaşadıqları mənzillərə də gedə bilmir.
İki binanın istirahət parkı hasarlanıb
Sakinlərin şikayətinə görə, hər iki binanın həyətində uşaqların əylənməsi və bina sakinlərinin asudə vaxtlarını keçirməsi üçün yeganə park olub. Park bina sakinlərinin şəxsi vəsaitləri hesabına abadlaşdırılıb, ərazidə ağaclar əkilib, oturacaqlar və uşaqların əyləncəsi üçün yellənçəklər quraşdırılıb. Sakinlərin bu təşəbbüsü Səbail rayon İcra Hakimiyyəti tərəfindən də müsbət qarşıslanıb və onlara bu işdə dəstək də verilib. Amma sonradan paka hansısa məmur göz dikib. Sakinlərin dediyinə görə, təxminən bir neçə ay əvvəl bir qrup şəxs Səbael rayon İcra hakimiyyətinin işçiləri adı ilə əraziyə gələrək parkı abadlaşdırmaq istədiklərini bildiriblər. Deyiblər ki, guya park abadlaşdırılacaq, burada istirahət üçün daha normal şərait yaradılacaq. Amma sonradan məlum olub ki, həmin şəxslər heç də icra hakimiyyətinin adamları deyil. Sakinlərin araşdırmaları zanmanı məlum olub ki, bu şəxslər qəsəbədə hansısa iş adamının əlaltılarıdır və ərazi dağıdılaraq zəbt olunur. Sakinlər deyirlər ki, həmin iş adamı ərazidə hündürmərtəbəli bina inşa etdirmək istəyir: "Əvvəlcə dedilər ki. Buranı "Dəli Dağ" Tikinti Şirkətinin rəhbəri Ələddin adlı şəxs almaq istəyir. Amma indi məlum olub ki, həmin şəxs buranı özəlləşdirməmiş digər iş adamına-Ağa adlı şəxsə satıb. Həmin şəxs də parkı dağıdıb, ağacları kəsib, ərazini hasarlayıb. İş adamının əlaltıları ərazini gecə ilə hasarlayıblar. Səhər yuxudan durduq ki, park tam hasarlanıb, içərisi dağıdılıb. Səbail rayon İcra Hakimiyyətinə dərhal məlumat versək də, məsələ barədə heç kim tədbir görmədi. Həmin Ağa adlı şəxsin adamları deyir ki, ərazini sənədlə alıblar. Amma, əslində saxta sənədlər göstərilir bizə".
Sakinlər deyirlər ki, ərazidiə həmin Ağa adlı şəxs hündürmərtəbəli bina inşa etmək istəyir. Amma sakinlərə göstərilən sənəddə həmin ərazidə ona 600 kvadratmetrlik ərazidə fərdi yaşayış evinin tikintisinə icazə alınıb. Amma, bu şəxs həmin sənədin hündürmərtəbəli bina inşa etdirəcəyini deyir. Bu sənədin özü də saxtadır. Hansı yolla parkda ev tikməyə icazə verilib bilmirik. Səsimizi eşidən yoxdur".
Polis saxtakara arxa çıxır
Sakinlər deyirlər ki, onlar parkın zəbt olunmasına etiraz ediblər. Ağa adlı həmin şəxs əraziyə polis çağıraraq sakinlərin aksiyasının qarşısını alıb: "Polislər sanki Ağanın tabeçiliyindədir. Səbael rayon Polis İdarəsinin əməkdaşları əraziyə gələrək bizi amansızlıqla döydülər. Bir neçə nəfərə xəsarət yetirdilər. Qadın-kişi bilmədilər, hamını təhqir edib ərazidən uzaqlaşdırdılar. Polislər sakinlərlə elə amansız dacvrandıllar ki, elə bil qanunsuzluğu biz etmişik, həmin şəxs yox. Saxta sənədlə bizim parkımızı zəbt edən, binamızın girişini bağlayan şəxslər qalıb kənarda, bizi döyüb təhqir edirlər. Buna nə ad vermək olar? Bu qədər özbaşınalıq olmaz. Kim gücsüzdüsə, ona qarşı amansızlıq edirlər. Haqq-ədalət yaddan çıxıb, insan hüquqları tapdanır".
Sakinlər deyirlər ki, həmin şəxslər hətta hər iki binanın girişinə gedən yolu da bağlayaraq hasarlayıblar. Hazırda onlar öz mənzillərinə getmək üçün yol tapa bilmirlər.
Çarəsiz qalanm sakinlər məsələ ilə bağlı prezident İlham Əliyevə, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinə təcili teleqram vurub və üzləşdikləri özbaşınalıqlar barədə məlumat veriblər.
Samir Əli