Fransada görünməmiş hadisə: Milyonlarla insanın məlumatı ələ keçirildi
12:10 ProblemFransada dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücum ölkədə genişmiqyaslı təhlükəsizlik böhranına səbəb olub. Milli şəxsiyyət vəsiqəsi, pasport və immiqrasiya sənədlərinin dövriyyəsinə məsul olan Milli Təhlükəsiz Sənədlər Agentliyi (ANTS) xakerlərin hədəfinə tuş gəlib.
Olaylar xarici mediaya istinadən xəbər verir ki, kiberhücum nəticəsində 19 milyon vətəndaşın fərdi məlumatlarının kopyalandığı iddia edilib.
Məlumata görə, ölkənin Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənən insident nəticəsində vətəndaşların adları, doğum tarixləri və yerləri, poçt və e-poçt ünvanları, həmçinin telefon nömrələri və sistem şifrələri xakerlərin əlinə keçib. Qeyd olunub ki, xakerlərdən biri qurumun rəsmi bəyanatından öncə forumların birində 19 milyonluq nəhəng məlumat bazasına sahib olduğunu elan edib.
Hücumun "ants.gouv.fr" portalındakı həm fərdi, həm də peşəkar hesabları zədələdiyi bildirilib. Lakin rəsmi qurumlar vətəndaşları sakitləşdirməyə çalışaraq bəyan ediblər ki, sistemə yüklənən rəsmi sənədlər və digər daha kritik sənədlər bu hücumdan təsirlənməyib. Həmçinin bildirilib ki, kopyalanan məlumatlarla istifadəçi hesablarına birbaşa daxil olmaq texniki cəhətdən mümkün deyil.
Hazırda Fransa hüquq-mühafizə orqanları hücumun mənbəyini və arxasında duran qruplaşmanı müəyyən etmək üçün genişmiqyaslı araşdırmalara başlayıb. Səlahiyyətli şəxslər vətəndaşları ayıq-sayıq olmağa çağırıb. Bildirilib ki, xakerlər ələ keçirdikləri əlaqə vasitələri ilə "fişinq" (phishing) və müxtəlif fırıldaqçılıq üsullarına əl ata bilərlər. Bu səbəbdən şübhəli mesaj və zənglərə qarşı ehtiyatlı davranmaq tövsiyə olunur.