Bakıda bu yolda maşınların diski əyilir, təkəri cırılır: “Təmir olunacaq”- Amma nə vaxt?
12:24 ProblemSon günlər Azərbaycanda müşahidə olunan intensiv leysan yağışları paytaxt Bakı və ətraf ərazilərdə ciddi problemlərə yol açıb. Xüsusilə yol infrastrukturu bu yağıntıların təsirindən ciddi zərər görüb. Paytaxtın müxtəlif istiqamətlərində yolların deformasiyaya uğraması, çuxurların yaranması və nəqliyyatın hərəkətində çətinliklərin artması sürücülərin narazılığına səbəb olub.
Bu problemlərin ən qabarıq şəkildə hiss olunduğu ərazilərdən biri də Zabrat dairəsindən şəhər istiqamətində uzanan əsas yoldur. Sürücülərin sözlərinə görə, artıq 15 gündür ki, həmin yol bərbad vəziyyətdədir və hərəkət üçün demək olar ki, yararsız hala düşüb. Leysan yağışlarının ardından yol örtüyündə yaranan dərin çuxurlar nəinki nəqliyyatın hərəkətini çətinləşdirir, eyni zamanda avtomobillərə ciddi ziyan vurur.
Musavat.com-a müraciət edən sürücülər bildirirlər ki, vəziyyət günü-gündən daha da pisləşir. Onların sözlərinə görə, yolun demək olar ki, hər bir neçə metrində iri çuxurlar əmələ gəlib. Bu isə avtomobillərin təkərlərinin sıradan çıxmasına, disklərin əyilməsinə və digər texniki nasazlıqlara səbəb olur.
"Hər gün bu yoldan istifadə edirik və demək olar ki, hər dəfə maşınımız ziyan görür. Mənim avtomobilimin diski artıq çuxura düşməkdən əyilib, təkərlərim isə bir neçə dəfə cırılıb. Bu, təkcə mənim problemim deyil, demək olar ki, bu yoldan keçən bütün sürücülər eyni vəziyyətlə üzləşir",- Sürücülərdən biri vəziyyəti belə təsvir edir.
Digər sürücülər də qeyd edir ki, problemin bu qədər uzun müddət davam etməsi təəccüb doğurur. Onların sözlərinə görə, artıq iki həftədən çox vaxt keçməsinə baxmayaraq, ərazidə heç bir təmir işləri aparılmır.
Mövcud vəziyyət həm sürücülər, həm də sərnişinlər üçün təhlükə yaradır. Qəfil yaranan çuxurlar qəza riskini artırır, xüsusilə gecə saatlarında və ya yağışlı havalarda bu risk daha da yüksəlir. Eyni zamanda, avtomobillərə dəyən maddi ziyan sürücülərin əlavə xərclərlə üzləşməsinə səbəb olur. Sürücülər aidiyyəti qurumlardan problemin tez bir zamanda həll olunmasını, yolun əsaslı şəkildə təmir edilməsini istəyirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Musavat.com-a açıqlamasında bildirib ki, həmin ərazi agentliyin balansındadır və mərhələli şəkildə təmir olunacaq: "Həmin yolun təmir olunması planlamada var. Paytaxtda 90 min kvadrat metr sahədə təmir işləri icra olunub. Bu ay da davam edir. Yağışlı havalara görə ləngimələr oldu. Yaxın günlərdə yağışdan sonra problem yaranmış bütün yollarda təmir işləri aparılacaq".
Şahanə Rəhimli