“Azərsu” Səbail sakinlərini susuzdan qırmaq istəyir ŞİKAYƏT

Onlarla ailə 4 ildir su üzünə həsrət qalıb

Paytaxtın Səbail rayonunda vətəndaşlar su üzünə həsrət qalıb. Bu barədə "OLAYLAR"a rayonun Yüzbəy Mürsəlov küçəsi, 112, 114, 116 saylı evlərin sakinləri məlumat verib. Sakinlərin dediyinə görə, artıq 4 ildən çoxdur ki, bu ərazidəki evlərin suyu əsassız olaraq kəsilir; "4 ildir ki, yaz və yay aylarında bizim suyumuzu kəsirlər. Heç bir evin suya borcu yoxdur. Vaxtında su pulunu ödəyirik. Hətta suyumuz gəlməyəndə də sakinlər su pulu ödəyirlər. Amma, Yasamal rayon Su İdarəsi bilərəkdən ailələri susuz qoyur. Nə borularda qəza olur, nə su qıtlığı yaranmayıb. İdarə əməkdaşları bilə-bilə suyu bağlayıb digər ərazilərə verir. Dəfələrlə su idarəsinə müraciət etsək də, faydası olmayıb. Hər dəfə bir bəhanə ilə bizi geri qaytarırlar. Biz 4 ildir ki, yaz-yay aylarında su üzünə həsrət qalmışıq. Aidiyyəti qurumlar məsuliyyəti bir-birinin üzərinə atmaqla özlərini təmizə çıxarırlar". Sakinlərin dediyinə görə, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə dəfələrlə müraciət etsələr də qurum sakinlərin problemlərinə məhəl qoymur. Hazırda sakinlər bu yayı da susuz qalmaq məcburiyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31