Yollarda at oynadan sürücülər - AKTUAL

"Bakıda daha iki sərnişin avtobusu qəzaya uğradı. Ölən və yaralananlar var", "Ötən gecə baş verən qəza nəticəsində bir ailə məhv olub"...Mütəmadi olaraq radio-televiziya, informasiya portallarından əldə etdiyimiz bir xəbər...Hətta səhərin gözü açılmamış küçələrdə qan su yerinə axıdılır. İşə gəlib "bismillah" etməmiş əldə etdiyimiz ilk məlumatlar da yol "terror"ları haqda olur. Əlbəttdə ki, bundan sonra pozitiv ruha köklənmək çətin olur. Artıq yol qəzaları adiləşib. Öncələr hərdən bir bu haqda xəbər eşidirdiksə bu gün ən azı 5-6 belə xəbər əldə edirik. Sözsüz ki, bu məsələdə sürücü ehtiyatsızlığının mühüm rolu var. Kimisi sükan arxasında söyüş söyə-söyə, telefonla danışa-danışa, kimisi də yüksək gücdə musiqiyə səs verərək insanları mənzil başına aparır. Bu mənzil bəzən də son mənzil də ola bilir. Həyatımızı etibar etdiyimiz, hər gün gündəlik olaraq istifadə etdiyimiz ictimai nəqliyyat bizim üçün kabus rolunu oynayır. Bəzən baş verən situasiyalar bizi "görəsən mənzil başına sağ-salamat çata biləcəyikmi?" deyə düşünməyə də vadar edir. Gün ərzində yol terrorunda ölənlərin sayı artmaqda davam edir. Kim bilir sabah bizi də belə faciə gözləyir, ya yox. Hər gün hər hansı tanışımız, yaxınımızın yol qəzasına düşdüyünü eşidərək ölümü özümüz üçün daha da adiləşdiririk. Yol qaydalarını düzgün bilməmək, sürücülərin sürücülük mədəniyyətlərinin aşağı olması yollarda insan ölümlərnin sayını artırır. Yollardakı vəziyyət, avbtobuslardakı sıxlıq sərnişinləri cana yığıb. Desək ki, bu gün bir çox sürücülər sərnişinlə meyvə-tərəvəzi bir-birindən ayırd edə bilmir, yanılmarıq. İnsanları üst-üstə yığan, addımbaşı sərnişin götürən sürücünün ani ehtiyatsızlığı bu qədər insanın taleyini məhv etmiş olur. Dəfələrlə belə halların şahidi olmuşuq. Avtobus onunla paralel hərəkət edən sürücü ilə yarışa girərək qabağa düşüb daha çox sərnişin yığmağa can atır. Və ya yol qaydalarına düzgün əməl etsə də ehtiyatı gözləmir. Nəticədə arxa işığın yanmaması qəzaya səbəb olur.  Cari ilin ilk yarısında respublikada baş verən yol qəzalarında 556 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, yanvar ayının 1-dən iyul ayının 1-ə qədər respublika da 1366 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 556 nəfər ölüb, 1452 nəfər yaralanıb. Piyadaların vurulması ilə nəticələnən 525 yol qəzası baş verib. Nəticədə 89 nəfər ölüb, 388 nəfər yaralanıb. Cari ilin 6 ayında paytaxtda 490 yol qəzası baş verib. Nəticədə 160 nəfər ölüb, 506 nəfər yaralanıb. K. Əliyev, həmçinin qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə respublika ərazisində baş verən yol qəzalarının sayı 6%, qəzalarda ölüm sayı 27% yaralı sayı isə 6% artıb. K. Əliyev paytaxt ərazisində baş verən qəzaların ötən ilin müvafiq dövrü ilə müqayisəsini də qeyd edib. Belə ki, baş verən qəzalar 2.6% azalıb, 22 % ölüm sayı və 9% yaralı sayı artıb.

Nigar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31