170 gəlmir ki, gəlmir...

“Avtobusda ustalıq da edirik...”

Bakı sakinlərinin "əzəli" problemlərindən biri də ictimai nəqliyyat problemidir. Marşrut avtobuslarının gec-gec işləməsi, həddindən artıq basabas olması demək olar ki, insanları boğaza yığıb. Hələ bu bəs eləmir kimi də bəzən marşrut xətlərində yararsız avtobuslara rast gəlmək mümkündür. Əslində insanlar məcburən həmin yararsız avtobuslara minməklə həyatlarını təhlükəyə atırlar. Bu gün isə konkert olaraq hədəfimiz 170 saylı marşrut avtobusudur. Qeyd edək ki, 170 saylı avtobus Memar Əcəmi - Binəqədi xətti üzrə hərəkət edir. 170 saylı avtobusla bağlı dəfələrlə oxucularımız tərəfindən şikayətlər eşitmişik və bu şikayətlər indi də davam etməkdədir. Oxucularımız bizimlə əlaqə saxlayaraq qeyd edirlər ki, son 1 ay əzrində 170 saylı avtobuslar demək olar ki, öz istəkləri ilə işləyirlər. Oxucumuz bildirir ki, bəzən yarım saat dayanacaqda gözləsək də 170 gəlmir ki, gəlmir. Gələn zaman da o qədər dolu olur ki, sərnişinlər hətta bir ayaq üstə gedirlər.

Oxucularımızdan biri qeyd edir ki, bir neçə gün əvvəl axşam işdən evə qayıdarkən Memar Əcəmi metro stansiyasının yanında 170 saylı avtobusu uzun müddət gözlədikdən sonra nəhayət ki, gəldi və evə getmək üçün avtobusa mindim. Avtobus sürücüsü bildirdi ki, avtobus yarım saatdan sonra gedəcək. Oxucu bildirir ki, 1 saatdan sonra da getsəydi məcburən gözləyəcəkdim və sonra qeyd edir ki, 10 dəqiqə avtobusda gözlədikdən sonra sürücü bildirdi ki, avtobus xarabdır gedəsi olmadıq. Oxucu bildirir ki, dəfələrlə bu cür hadisələr baş verir.

"170 saylı avtobusun sürücüləri çox məsuliyyətsizdirlər. Avtobusu elə sürürlər ki, sanki sərnişin daşımırlar, başqa nəsə daşıyırlar. Avtobus gedən zamanda yolda xarab olub dayanmasa şükür edirik ki, bu gün avtobus normal qaydada gedə bildi. Avtobusların vəziyyəti çox pisdir" deyə oxucularımızdan biri bildirib.

Digər oxucumuzu isə 170 saylı avtobusların əksəriyyətinin oturacaqlarının sökülməsindən şikayətlənir: "Avtobusların heç oturacaqları da yoxdur. Hər şey bərbad vəziyyətdədir. Yaşlı, xəstə insanlar avtobusa minən zaman məcburən ayaqüstə gedirlər".

Tələbə olan bir oxucumuz avtobusların ucbatından dərsə gecikməyindən şikayətlənir: "Avtobusların bu cür işləməsi səbəbindən hər gün dərsə gecikir. Dərsə tez-tez gecikdiyimdən artıq audutoriyaya daxil olanda utanıram, müəllimlərin üzünə baxa bilmirəm. Axı, tələbə hər gün dərsə gecikə bilməz".

170 saylı avtobusdan mütəmadi olaraq istifadə edən Əhməd Seyidov (ad şərtidir) adlı şəxs isə bildirir ki, avtobusa sərnişin kimi minirik, sonra məcburən ustalıq da edirik. Avtobusun qapıları tamamilə yararsız haldadır. Bəzən qapı açıq şəkildə getməyə məcbur oluruq. Bu isə təhlükəlidir. Yaxud da sürücünün xahişi ilə bir neçə nəfərlə birlikdə "əlləşib-çalışıb" qapını düzəltməyə çalışırıq. Bu avtobusun problemlərini danışmaqla bitməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31