Göyçayda fəlakətin fəsadları aradan qaldırılır

Göyçayda baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün tədbirlər davam etdirilir. Bu barədə "OLAYLAR"a Göyçay rayon icra başçısının birinci müavini Ramiz İbrahimov məlumat verib. Onun sözlərinə görə, iyulun 9-da baş verən təbii fəlakət nəticəsində rayonun 3 kəndi ciddi zərər çəkib. Kəndlərdə 100-dən artıq ev və həyətyanı sahələri sel basıb, mənzillərin zirzəmiləri dolub: "Həmin kəndlər Qaraməryəm, Şahsoltanlı və Yekəxana kəndləridir. Hazırda fəsadların aradan qaldırılması üçün tədbirlər davam etdirilir, Fövqəladə Hallar Komissiyası ərazidə dəymiş ziyanı müəyyənləşdirir. Hadisə nəticəsində Bakı-Qazax yolunun  Qaraməryəm kəndindən keçən hissəsində güclü külək nəticəsində böyük bir ağac qırılıb yola düşüb, kəndə gedən elektrik xətləri qırılıb və yol bir saatdan artıq bağlı qalıb. Artıq yolda hərəkət bərpa olunub, kəndlərə elektrik enerjisinin verilməsi təmin edilib. Hazırda komissiya fəlakət nəticəsində rayona dəymiş ümumi ziyanı müəyyənləşdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31