Qadınları fahişəliyə itələyən səbəblər - AKTUAL
“Ən böyük cəzanı kişilər almalıdır”
8 Oktyabr 2013 20:27 ProblemQızların pis yola düşməsində ataların çox böyük günahı var
Hər hansı bir cinayət hadisəsi törədən şəxs həmin ölkənin qanunlarına görə cəzasını da almalıdır. İstisna hallar baş vermirsə əgər. Amma bəzi yazılmamış qanunlar da var ki, bu zaman cinayətə sövq edənlərə gözün üstə qaşın var deyən olmur. Məsələn, fahişəlik edən qadınlar cəzalalandırılır, damğalanır, amma onları addım-addım bu cinayətə yaxınlaşdıran kişilər-atalar, qardaşlar, həyat yoldaşları və yaxud da sadəcə qarşı cinsin nümayəndəsi qismində çıxış edənlər isə tamamilə cəzasız qalırlar. Bu yazılmayan qanunların acısını isə yalnız qadınlar və onların övladları, dolayısı ilə cəmiyyət çəkir.
Xarici ölkələrdə fahişəlik
Sosial Qayğı və Tədqiqatlar Mərkəzinin rəhbəri Gülnar Nəzərovanın sözlərinə görə, ödənişli cinsi xidmət olan fahişəlik qədim peşə növüdür. İstər inkişaf etmiş, istər iqtisadi baxımdan zəif olan ölkələrdə fahişəlik problemi mövcuddur. Hər bir ölkədə məsələyə həmin ölkənin qanunvericiliyinə müvafiq olaraq yanaşılır. Almaniya, Niderland və s. ölkələrdə fahişəlik leqallaşdırılıb. Həmin ölkələrdə bu peşəylə məşğul olanlar vergi verərək fəaliyyət göstərirlər. Lakin elə ölkələr də var (məs. İran), orada fahişəliyə görə ölüm hökmü mövcuddur. G.Nəzərovanın fikrincə, fahişəliyin yaranmasında başlıca olaraq iqtisadi problemlər, daha sonra isə insanların məcburi fahişəliyə cəlb edilməsi faktı dayanır. Şəxsin natamam ailədə böyüməsi də bəzən buna gətirib çıxarır. Daha bir məsələ isə gənc qızların sevdikləri şəxs tərəfindən aldadılaraq cinsi istismar edilməsi ilə bağlıdır: "Sonuncu qeyd etdiyim nümunə daha çox islamdinli ölkələrdə müşaiyət olunur. Belə ki, bakirəliyini itirmiş qız çox vaxt ailə qura bilmir. Valideynlər isə aldadılaraq istismar edilən övladlarının hüquqlarını müdafiə etmək yerinə, ondan imtina edirlər. Nəticədə əsl gunahkar cəzasız qaldığı halda, aldanan tərəf cəzalandırılır. Yaşadığı ümidsizliklə yanaşı, valideynləri tərəfindən gördüyü laqeydlik isə onu "uçuruma" aparmaqda əsas olur. Bu isə onun intihar, zərərli vərdişlərdən istifadə və cinsi xidmət göstərməsinə gətirib çıxara bilər.
Qeyd etdiyim hər bir halın sonrakı aqibəti demək olar ki, oxşardır. Hansısa problemin və ya gücün təsiri ilə bu işlə məşğul olan şəxslər bir müddətdən sonra bu həyata vərdiş edir və onları cəmiyyətə adaptasiya etmək olduqca çətin olur. Düzdür, qeyd etdiklərim hər bir şəxsə aid deyil, lakin ümumi statistika bunu göstərir".
Heç bir insan dünyaya fahişə olaraq gəlmir
Ekspert bildirdi ki, ümumi yanaşıldıqda bu peşəyə vərdiş edənlər bir çox hallarda bunu əsasən asan qazanc yolu hesab edirlər. Lakin məsələyə fərdi yanaşanda fərqli səbəblər ortaya çıxır: "Ən azından nəzərə alsaq ki, heç bir insan dünyaya fahişə olaraq gəlmir. Bu prosesdə onu əhatə edən mühitin rolu çox böyükdür. Uğursuz reabilitasiya prosesi isə şəxsin yenidən eyni bəlaya yuvarlanmasına gətirib çıxarır.
Bəs, bu insanların sonrakı taleyi necə olmalıdır? Hər kəsin uzaq gəzdiyi bu şəxslərdən biz də uzaq gəzərək bu cəmiyyəti nə dərəcə "təmizləyə" bilərik? Bu insanları müdafiə mexanizmi necə olmalıdır? Onları cəzalandırmaqla problem nə dərəcə ortadan qalxacaq? Ən əsası isə cinsi xidmətdən yararlanan kişilərə nə üçün bu cəza şamil edilmir?
Qeyd etməliyəm ki, qadınlar cinsi xidmət göstərdikdə məsuliyyətə cəlb olunduğu halda, kişilər bu xidmətdən yararlanır, lakin cəzadan azad olunurlar. Hətta kişilər cəzalandırılsa da, cəmiyyətdə fahişəlik edən qadına olan münasibətlə, bu xidmətdən faydalanan kişiyə olan münasibət eyni deyil. Hətta, deyərdim kişiyə həmişə bəraət qazandırılır, hesab edilir ki, kişinin bunu etməsi normaldır. Bu məsələ ilə bağlı kişiyə münasibət dəyişmədiyi halda, fahişəlik edən qadın həmin cəmiyyətin "üzqarası" hesab edilir".
Müsahibim hesab edir ki, əslində qadınlara qarşı ayrı-seçkiliyin müşayiət olunduğu, kişilərin "hegemon" olduğu bütün ölkələrdə oxşar problemlərlə qarşılaşırıq. Qadınlara qarşı bu cür yanaşma təbii ki, qanunvericilikdə də öz əksini tapır. Amma bir çox hallarda qanun qadınlara da kişilərlə eyni hüquqlar versə də praktikada bu, öz əksini tapmır. Belə çıxır ki, stereotiplər cəmiyyəti daha çox idarə edir, nəinki qanunlar...
G.Nəzərova leqal və ya qeyri-leqal olmasından asılı olmayaraq, bu sahədə xidmət göstərənlərin daim olacağını vurğulayır. Onun fikrincə, məsələnin leqallaşdırılması, bir sıra məsələləri həll edə bilər: "Əvvəla fahişəlik xidməti göstərənlər müəyyən məbləğdə vergiyə cəlb olunacaq, bu isə bəzilərini bu "asan" qazanc yolundan uzaqlaşdıracaq. Digər bir məsələ isə ondan ibarətdir ki, həmin şəxslərə nəzarət daha ciddi olacaq, bu isə xəstəliklərin qarşısını almağa təsir edəcək.
İstənilən halda, problemlə mübarizə kompleks yanaşma, düzgün strategiya və obyektivlik tələb edir. Əks halda, heç bir müsbət nəticədən söhbət gedə bilməz".
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin "Din və Maarifçilk" Mərkəzinin rəhbəri Əntiqə Qurbanova isə bildirdi ki, fahişəliyə gedənlərin bir sıra səbəbləri olur. Könüllü, məcburiyyət ucbatından gedənlər də var. İqtisadi çətinlik ucbatından qadınların bu yola düşməsinin cəmiyyət üçün ağır yara olduğunu deyən Ə.Qurbanova qadınları fahişəliyə itələyən səbəblər arasında kişilərin rolundan danışdı: "Kişi çıxıb gedir və qadın üç uşaqla qalır. Uşaqlarını dolandıra bilmir. Ər aliment vermir və yaxud heç boşanmayıblar, ər çıxıb başqa bir ölkəyə gedir. Arvad burda on illərlə başsız qalır və qadın maddi yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün yox, heç olmasa acından ölməmək üçün bu yola düşür. Qadınların maddi durumundan istifadə edib, onları fahişəliyə cəlb edənlər də çoxdur. Qadının br tikə çörəyə ehtiyacı var. Sığınacaq kimi yer tapırlar və insafsız insanlar da bundan özlərinin qazanc məqsədilə istifadə edirlər. İstismar etdikləri qadına isə qəpik-quruş verirlər".
Zahiri bər-bəzəyə aldanıb fahişəliyə gedənlər
Ə.Qurbanovanın sözlərinə görə, bəzən zahiri bər-bəzəyə, şirin sözlərə aldanaraq bu işə cəlb olunanlar da olur.
Ekspertin sözlərinə görə, ilk növbədə problemi doğuran səbəblər araşdırılmalıdır: "Azərbaycanda-bizim xalqımız dünyadakı bütün millətlərdən daha artıq səviyyədə əxlaqını qorumaq istəyən, əxlaqına-namusuna sahib olmaq istəyən millətdir. Təəssüf ki, bu gün həmin dəyərlər aşılanıb. 1991-ci ildən sonra sərhədlər açıldı, hər tərəfdən bizə gəldilər, eləcə də bizlər başqa ölkələrə gedik. Bir qrup qadınlar gedib başqa ölkələrin zahiri bər-bəzəyinə aldandılar. Bəzi qadınlar buna görə pis yola düşdülər. Amma qadınlar öz-özlərinə bu yola düşməyiblər. Fahişəlik edən qadınların tərəf müqabilləri də var. Deməli ən böyük cəzanı kişilər almalıdır. Xüsusən də bu imkanlı kişilərə aiddir. Çox təəssüf edirəm ki, çoxarvadlılıq haqqında çəza mexanizmi tamamilə yumşaldıldı. Bizim ağrılı problemlərimiz kənarda qaldı. Nikahdankənar evlilik cinayət hesab olunurdu. Biz müstəqil olduqdan sonra çox təəssüf ki, Cinayət Məcəlləsinin yumşaldılması zamanı ölüm hadisəsi ilə paralel nikahdankənar evlilk məsələsi də əksini tapdı. Hətta ölüm hökmünün ləğvi bundan sonra oldu. Mən deyərdim ki, nikahdankənar evlilik cinayəti ölüm hökmünə bərabər cinayət işidir. Ona görə ki, onlardan doğulan uşaqlar əziyyət çəkir, uşaqlara yiyə durmurlar".
Qızların pis yola düşməsində ailənin "rolu"
Müsahibim bildirdi ki, bəzən azyaşlı qızlar evlərində atası və ya qardaşları tərəfindən o qədər işgəncələrə məruz qalırlar ki, evdən qaçmağa məcbur olurlar: "Onların bir dərdini, problemini dostcasına çözməkdənsə, ata gəlir ki, sən evdən çıxsan səni öldürərəm. Qardaş gəlir ki, mən yolda onun kiminləsə danışdığını gördüm və çölə buraxmıram. Bu da sonunda qızın evdən qaçmasına səbəb olur. Evdən qaçan yeniyetmə qız hara gedəcək? O zaman qorxusundan özünə bir sığınacaq axtarır və gəlir canilərin əllərinə düşür. Ona görə də dünyada olduğu kimi Azərbaycanda da fahişəlik get-gedə yayılır. BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin ləğvi ilə bağlı konvensiyasında bu hal da xüsusi yerini tutur. Adam öldürmə, qətl hadisələri o qədər dünya miqyasında ağır cinayət sayılmır, nəinki fahişəliyə cəlb olunma. Fahişəliyə cəlb edən insanlar. Qadın fahişəliyi kimlərlə edir? Birini cəzalandırsalar, kənardan baxanda öz haqq-hesabını aparar".
Ə.Qurbanovanın sözlərinə görə, hətta biri könüllü fahişəlik edirsə, bu balaca qızlara da təsir edir. Onlar fikirləşir ki, bu bərli-bəzzkli, yaxşı geyimbdə-keçimdədir, deməli yaxşı işdir: "Azərbaycanada çox qəribə bir söz yaranıb. Filankəsi "saxlayırlar", görürsən nə qəşəng geyinir? Bu saxlamaq sözü o qədər insanın canını yandırır, içdən ağrıdır ki, bilmirsən buna daha hansı don geyindirəsən. Adam var deyir ki, uşaqlarımı saxalaya bilmədim. Uşaqlarımı saxlayır, əyin-başımı alır. Bu ifadə kənardan çox iyrənc səslənir. Amma balaca qız nə başa düşür. Ona kənardan parlayan bir paltar və ayaqqabı lazımdır".
Atalar, qızlarınızla dost olun
Qızların pis yola düşməsində ataların çox böyük günahı var. Analardan əvvəl atalar qızları ilə dost olmalıdır. Ə.Qurbanova bu fikirdədir: " Atalar oğlanları, qızları ilə dost olsunlar ki, onlar dərdlərini analada bilsinlər. Niyə dərdini bizə deyən adam bunu evlərində danışmır? Nə qədər insanlar var ki, dərdlərini gəlib bizə danışırlar. Həmin adamlar niyə öz ata-analarına dərdlərini aça bilməsinlər. Ya etibar etmirlər, ya da fiziki işgəncədən qorxurlar. Bu səbəblərdən qızlar valideynlərinə dərdlərini aça bilmirlər.
Azərbaycanın daxilində fahişəlik daha çoxdur
Ə.Qurbanovanın sözlərinə görə, fəaliyyət göstərdikləri təşkilata çox şişirdilmiş rəqəmlərlə satılmış qızlar, yaxud da hansısa ölkədə qalmış, fahişəlik edən qızların sayı haqqında məlumatlar daxil olur: "Mən deyərdim ki, Azərbaycanın daxilində fahişəlik daha çoxdur, nəinki başqa olkələrdə bu işlə məşğul olan qadınlarımız. Hamıya bəllidir ki, imkansız kişi gedib əlavə qadın saxlamaz. Amma imkanlı kişilər, nə yaşından nə başından, nə evdə özünün böyütdüyü qızından, nəvəsindən utanmadan o balaca qızlara "yiyəlik" edir. İslamda dörd arvad almaq məsələsini qabardırlar. Amma onlar doğrudanmı arvad alırlar? Təbii ki, bu belə deyil günün brində başqa bir cavanı tapanda onu məmuniyyətlə atırlar".
Hansı addımlar atılamlıdr
Ə.Qurbanova bildirdi ki, Cinayət Məcəlləsində bu bənd ayrıca ayrılmalıdır: "Konstitutsiyamızda təkaravadlılıdqır. Amma ikinci, üçüncü kiminləsə qeyri-qanuni evlənib-hansı ki mən evlilk saymıram-bu artıq cnayət sayılmır. Niyə sayılmamalıdır? Niyə qadınları fahişəliyə cəlb edən, hansı formada olmasından asılı olamayaraq qadınları fahişəliyə yönləndirən kişilər cəzalandırılmır? Həmin Cinayət Məcəlləsi fahişəliklə bağlı ayrılsa, həm qadınlar, həm kişilər bərabər şəkildə cəzalandırılmalıdır. Biri deyir ki, mən könüllü olaraq getmişəm. Könüllü olaraq getmisənsə, kişinin də adı hallana idi də. Niyə xanımın adı hallanır? Niyə kişi kölgədə qalmalıdır? Niyə kişiyə yazılmamış qanunlar prinsipi ulə hər şey olar. Niyə yükü tək qadınlar çəkir? Niyə kişilər bu yükü daşımamalıdır?".
Aydilək