Qeyrət, namus üstündə qadını mütləq öldürməkmi lazımdır?
“Qadınlara qarşı belə münasibət orta əsrlərdə qaldı”
8 Oktyabr 2013 15:48 ProblemSon vaxtlar ölkədə məişət zorakılığı ilə bağlı cinayət hallarının sayı artıb. Ailələr, yaxın qohumlar, ər-arvad, övlad-valideyn münasibətlərində yaranan gərginlik hətta ölümlə nəticələnir. Ailə üzvlərinə qarşı şiddət, hədə-qorxu, fiziki və psixi təsir adi hala çevrilib. Ailə münaqişəsi zəminində baş verən hadisələr müxtəlif səbəblərdan gerçəkləşsə də onun kökündə emosiya və cılız hisslərin dayandığı gün kimi aydındır. Axır zamanlar xəyanət səbəbindən baş verən cinayət halları daha təhlükəli həddə çatıb. Çünki, belə hallarda xüsusən kişilər üçün emosiyaların cilovlanması deyildiyi qədər də asan məsələ deyil. Digər tərəfdən, spirtli içki və narkotik aludəçisi olan şəxslərin belə hərəkətlərinin qarşısını hansısa qanunla almaq mümkün deyil, sadəcə onların müalicəyə ehtiyacları var ki, bu da Azərbaycan reallığında mümkünsüz bir məsələdir. O ki qaldı xəyanətə, bu zaman qanun insanlarda yaranan ani emosiyaların qarşısının alınmasında aciz görünür. Pis vərdişləri özlərinə peşə seçən insanların vaxtında müalicə edilməməsi nəticəsində ailə üzvləri mütəmadi olaraq məişət zorakılğının qurbanına çevrilirlər. Vəziyyət o həddə çatıb ki, aılədaxili münasibətlər milli-mənəvi dəyərlərə söykənmədiyindən cəmiyyətdə yataqda həyat yoldaşının videosunu çəkib şantaj edən, öz qız uşaqlarına təcavüz edən "kişilər" peyda olub. Son vaxtlar ailələrdə baş verən hadisələr demək olar ki, heç bir mənəviyyata, adət-ənənəyə sığmır. Təsəvvür edin ki, iki uşağın anası ailəsini, iki uşağını evdə qoyaraq internetdə tanış olduğu oğlanın yanına gedir, Ana öz uşağına ağlasığmaq üsullarla işgəncə verir, kişi arvadının əl-qolunu bağlayaraq başını qırxır, ürəyi bununla soymayaraq qulağını da kəsir. Telekanallarda verilən ailə dramları isə ölkədə ailə modelinin məhv olması qənaəti yaradır. Azərbaycanın Astara rayonunda törədilən dəhşətli işgəncə faktı dediklərimizi bir daha sübut edir. Belə ki, rayonun Kələdəhnə kənd sakini, narkotik aludəçisi olduğu bildirilən 33 yaşlı Çingiz Mehdiyev həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovanın əl-qolunu bağlayaraq ona dəhşətli işgəncələr verib. Hadisə şahidlərinin bildirdiyinə görə, həyat yoldaşının hər zaman ona verdiyi işgəncələrə dözməyən Nisə Xəlilova 9 ay öncə ata evinə gedib. Çingiz Mehdiyev qadının geri qayıtmasına nail olub və ona yenidən işgəncələr verməyə başlayıb. Nisə Xəlilova evə gələndən sonra Ç. Mehdiyev onun əl-qolunu bağlayaraq başını qırxıb, qulaqlarını bıçaqla kəsib, bədəninin müxtəlif yerlərinə çoxsaylı xəsarətlər yetirib. Məlumat üçün qeyd edək ki, bir müddət öncə Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib. Belə bir qanunun qəbul edilməsi asan başa gəlməsə də onun müəllifləri insanları inandıra bildilər ki, bu qanun cəmiyyətdəki neqativ halların, xüsusən ailədaxili problemlərin qarşısının alınmasında mühüm rol oynayacaq. Lakin etiraf edilməlidir ki, sözügedən qanun ailədaxili münaqişələri səngitmək əvəzinə, belə halların daha intensivləşməsilə nəticələnib. Belə də sözügedən qanunun tətbiqi mümkün olmaqdığından elə kağız üzərində qalıb.
Millət vəkili Gövhər Baxşəliyeva qeyd edib ki, son vaxtlar ailə münaqişəsi zəminində baş verən qətllərin sayı artıb. Xüsusən kənd və rayonlarda qadınlara qarşı ağlasığmaz zorakılıq faktları baş verir. Bir qayda olaraq belə zorakılıqların qurbanı qadınlar olur. Ər arvadına, qardaş bacısına, ata qızına qarşı zorakılıq nümayiş etdirir: "Bu orta əsrlər mentalitetinin təzahürüdür. Qeyrət, namus üstündə qadını mütləq öldürməkmi lazımdır? Mütləq onun başınımı kəsmək lazımdır? Biz belə hallara qarşı mübarizə aparmalıyıq. İnsanlarla maarifləndirmə işləri aparılmalıdır ki, belə münasibət orta əsrlərdə qaldı. 21-ci əsrdə 10-7-ci əsrin metodları ilə münasibət qura bilmərik". Millət vəkilinin sözlərinə görə, belə halların davam etməsi cəmiyyəti narahat etməkdədir: "Son vaxtlar qız uşaqlarının abort edilməsi halları da müşahidə olunur. Qız uşaqlarını hələ hamiləlik dövründə abort edərək məhv etmək yolverilməzdir. Çünki, belə hallar bir növ qadınlara qarşı diskriminasiyadır. Adətən abort halları hamiləliyin üç aylığında baş verir. Bu zaman isə uşaqlar artıq insan kimi formalaşır, onun cinsi məlum olur. Yəni, döl artıq insan olur. Belə halda uşağın tələf edilməsi vəhşiliyin bir növüdür. Biz belə hallara qarşı qəti şəkildə mübarizə aparmalı, ən kəskin tədbirlər görməliyik".
Onun sözlərinə görə, bu kimi halların nəticəsidir ki, Azərbaycanda demoqrafik müvazinət pozulur. Yəni qızlarla oğlanların sayı arasında tarazlıq pozulur: "Məlumdur ki, son zamanlar daha çox oğlan uşaqları doğulur. Buna səbəb də hamıya aydındır. Belə halların qarşısının alınması məqsədilə qanunvericilk bazası möhkəmlənməlidir. Çünki, zaman gözləmir, hər itirilən gün, ay bu sahədə tarazlığın pozulmasını daha da artırır. Cəmiyyət bilməlidir ki, qız uşaqlarına qarşı belə soyqırımın aparılması qəbuledilməzdir. Hələ İslamdan əvvəl yeni doğulmuş qız uşaqlarını torpağa basdırırdılar. Peyğəmbərimiz birmənalı şəkildə bunu vəhşilik adlandıraraq qadağan etdi. Cəmiyyətə izah edilməlidir ki, əgər kimsə ailədə oğlan uşağı istəyirsə, peyğəmbərin nəsli qız nəvə, nəticələrinin vasitəsilə davam edib".
Alim