Yasamal məhkəməsinin hakimi Abbas Rzayev saxtakar qadına vəkillik edir

Rizvan Vahabovun qayınanasına görə 9 mülkiyyətçi küçələrdə qalıb

Azərbaycan məhkəmələrinin qanunsuz qərar çıxarması barədə dəfələrlə məlumatlar dərc etmişik. Ölkənin məhkəmə sistemində islahatların aparılmasına baxmayaraq bəzi hakimlər hələ də müəyyən maraqları hesabına əsassız və ədalətsiz qərarlar qəbul etməklə vətəndaşlara qarşı amansız mövqe nümayiş etdirir. Redaksiyamıza bir qrup vətəndaş adından daxil olan müraciətdə də məhkəmə haqsızlığı göstərilib.
Bakı şəhəri T. Əliyev 67/71 ünvanında yerləşən "Volbak" MMC nin rəhbərliyi və vətəndaşlar Kazımov Adil Arif oğlu, Alıyev Əhliman Məhəmməd oğlu, Əliyev Ruslan Əzizər oğlu, Babayeva Vüsalə Nazim qızı,  Əsədov Anar Vahid oğlu, Əhmədov Zamik Gürşad oğlu, Hüseynova Təranə Həbib qızı və Rəcəbova Sevinc Neymət qızı tərəfindən daxil olan müraciətdə həmin şəxslərin məhkəmə özbaşınalığı ilə üzləşdikləri iddia edilir. Şikayətçilər bildirirlər ki,  Qoloveşkina Anna Sergeyevna adlı qadın Yasamal Rayon məhkəməsi vasitəsilə onların mülkiyyətlərinə qanunsuz həbs qoydurub. Məhkəmə hakimi ilə birləşən həmin qadın sahibkarlara əməlli başlı divan tutub. Müraciətdə deyilir ki, həmin qadın Yasamal rayon məhkəməsində bir il öncə saxta idda qaldıraraqindiyə qədər onların mülkiyyət hüquqlarını pozur: " Əlində heç bir hüquqverici sənədi olmayan bu qadının əsasssız ərizəsi və vəsatətləri əsasında bir ildir ki, bizim mülkiyyətimizə həbs qoyulmuş və bunun nəticəsində  mülkiyyət hüququ ilə bizə məxsus olan əmlaklarımız üzərində sərəncam verə bilmirik. Bu bir il ərzində Yasamal rayon Məhkəməsinin hakimi Abbas Rzayev bizim heç bir ərizəmizi, vəsatətlərimizi, etirazlarımızı qəbul etmir. Faktiki olaraq, bu hakim həmin qadına vəkillik etməklə məşğuldur. Bizim heç bir vəsatətimizi təmin etməyən hakim öz təşəbbüsü ilə həmin qadına sübutlar toplamaqla məşğuldur. Həmin qadın keçmiş Yanacaq komitəsinin sədri Rizvan Vahabovun qaynanasıdır. Həmin Rizvan Vahabovla hakim həmyerli olduğundan faktikii olaraq hakim işi bir tərəfli araşdırır". Şikayətçilər deyirlər ki, aprelin 9-da hakim mülkiyyətçilərə daha biabırçı zərbə vurub. Onların sözlərinə görə, bir illik məhkəmə çəkişməsindən sonra hakim Abbas Rzayev iddiaçının saxta iddiasını təmin etmək istəyib. Biabırçı məhkəmə prosesinə dözməyən mülkiyyətçilər məcbiuriyyət qarşısında zalı tərk etməli olub. Hakimin gözləmədiyi halda mülkiyyətçilərin zalı tərk etməsi isə onu pərt edib və hakim prosesi yenidən aprelin 16-a təxirə salıb: " Bütün bunlara bəlkə də dözmək olardı.  Amma aprelin 9-da keçirilən məhkəmə iclası olmasaydı. Həmin məhkəmə iclasında hakim faktiki olaraq, bütün hüquq normalarını aşkar və kobud surətdə pozaraq, Hakim etikasına heç cür sığışmayan  bir hərəkət etdi. Təsəvvür edin, bir il ərzində işi mahiyyəti üzrə araşdırmayan, tərəfləri dindirməyən, bir il ərzində yalnız qarşı tərəfə saxta və dolayısı sübutlar toplamaqla məşğul olan hakim birdən birə işin yekunlaşdığını elan edir! Hakim bununla çəkişmə prinsipini pozaraq bizim məhkəmədə özünü müdafiə hüququmuzu kobud surətdə pozdu. Nə bizi, nə də bizim vəkillərimizi dinləmədi. Biz hakimin bu qərəzli hərəkətinə etiraz olaraq məhkəmə zalını tərk etdik. Bunu görən hakim işi 16.04.2012-ci il tarixinə təxirə saldı.
Bütün bunlar onu göstərir ki, hakim bizə qarşı qərəzli mövqe tutur. Belə olmasaydı, Abbas Rzayev Mülki Prossesual qanunvericiliyə uyğun olaraq  İşdə olan sübutları araşdırardı. Bu isə ona sərf etmir, çünki qarşı tərəfin məhkəməyə təqdim etdiyi kserosurətin qarşısında bizim mülkiyyət hüququmuzu təsdiq edən reyesterdən çıxarışlar dururdu. Bu isə o deməkdir ki, hakim həmin əssassız iddianı rədd etməlidir".
Şikayətçilər deyirlər ki, onlar cavabdeh kimi iddia ərizəsinə etiraz bildirməklə, həmin iddianın tam əsassız  və saxta olduğu qənaətindədirlər. Bu iddianın saxta olmasının  gec-tez üzə çıxacağını deyən şikayətçilər hüquqlarının bərpası üçün sonadək mübarizə aparacaqlarını bildirirlər: "Biz  xahiş etmirik ki, kimsə bizə yardım etsin və məhkəmənin işinə müdaxilə etməklə bizim xeyrimizə qətnamə qəbul edilsin. Sizdən qanunla bizə verilən hüquqların bərpa edilməsinə köməklik etməyinizi xahiş edirik. Biz məhkəmədə sözümüzü demək istəyirik, sənədlərimizin araşdırılmasını hakimdən tələb edirik. Biz özümüzü müdafiə etmək istəyirik. Biz hakimdən buna imkan verilməsini istəyirik. Ola bilər ki, hakim bizim əleyhimizə qətnamə qəbul etsin, amma bizi dinləsin, qanuni sənədlərimizə baxsın, məhkəmə sistemində analoqu olmayan qanun pozuntusuna yol verməsin".

Samir Güləliyev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31