Efirdən evlərimizə yağdırılan zəhərli güllələr - AKTUAL
İnsanların dərdlərinə çözüm, yoxsa dərdlər üzərindən reytinq?
4 Oktyabr 2013 16:45 ProblemOtaqdan gələn ətürpədən musiqi səsi adamda əməlli-başlı vahimə yaradır. Səsə yatan uşaqlar diksinir, bir güncdə qıvrılan pişik də kənara sıçrayır. Yaşlı və ya xəstə biri deyil, normal insanlar da bu əsəb gərən səsdən sarsıntı keçirir. Üstəlik yarım saatdan bir təkrar olunur. Nə baş verir? Sualın cavabı sadədir. Televiziyada "insan taleyini həll edən" , ailə problemlərini "çözən", dinclik arayışında olan verilişlərin reklamı gedir. Proqramların hələ reklamında bu cür hay-küy qopursa, efirə verilən səslə evlərin hüzuru qaçırsa, yayımlananda nə baş verir? Əsl şou, üstəlik də insanların sinirlərini korlayan.Bu tipli proqramların tamaşaçılarının belə proqramlardan hansı zövqü aldığını və yaxud daha doğru şəkildə ifadə etsək, problemlərinə çözüm tapmağa çalışanların nəyə nail olduğunu demək çətindir.
Amma bu cür proqramlar Azərbaycan cəmiyyətinin, veriliş görmək istəyən tamaşaçının nəinki zövqünü korlayır, hətta əsəblərini də tarıma çəkir. Bu tipli proqramlar guya sosial problemlərin həllinə, insanların taleyinin qaranlıq, düyünlü nöqtələrinin açılmasına istiqamətlənib.
Amma əksinə elə verilişləri diqqətlə izləyəndə məlum olur ki, onlar çözüm yox, şou arxasınca qaçırlar. Veriliş içində yaradılan şounun qəhrəmanları da çox zaman həqiqətən də həyatın zərbələrini yeyən insanlar deyil, proqram müəlliflərinin aktyorları olur. Məsələn, proqramların birində bir insanın öz qohumunu on ildən çox müddətdə zirzəmidə saxlamasından bəhs olunur. Uzun-uzadı reklamlardan, əcaib musiqi sədaları altında gedən anonslardan sonra nəhayət, illərlə zirzəmidə qalan insan "ortaya çıxır". Xalanın bəzəyi yerində. Dırnaqları manükürlü şəkildə. Bir sual ortaya çıxır. Soruşmaq ayıb olmasın, axı necə olub ki, illərlə əziyyət verilən, insan içinə çıxmasına icazə verilməyən bir insan bu cür bəzəkli şəkildə olur? Bəlkə onu orada saxlayan insan xanım kimi baxıb? Yox belə deyilsə, niyə müəlliflər tamaşaçıları aldadırlar? Bununla nəyə nail olmaq istəyirlər? Tamaşaçının aldadılması bir tərəfə dursun, daha vacib bir məsələ insanların əsəblərinin tarıma çəkilməsidir. Həftə ərzində reklamı gedən bir məsələnin altından sonunda bu cür oyun ortaya çıxır.
Yaxud bu verilişlərin başqa bir məqamı-proqrama gətirilən əzablı taleyin qurbanlarının bütün həyatında olub-bitənlərin açıq şəkildə 9 milyonun qarşısında sərgilənməsidir. Bəzən elə məqamlar açılır ki, bunaların efirdən verilməsi heç bir qayda-qanuna sığmır. Verilişlərin birində bir gənc xanım öz əmisi qızının onun həyat yoldaşı ilə gəzməsindən danışır. Xanım sübut kimi ərinin telefonunu studiyaya gətirib və həmin telefondan xanımın əmisi qızının açıq-saçıq şəkildə çəkilmiş şəkilləri bütün Azərbaycan əhalisinə göstərildi. Üstəlik aparıcı bu şəkillərin hələ daha betərlərinin olduğunu, insanı şoka salan görüntülərin olduğunu vurğulayır. Şəkillərin açıq-saçıq olanlarını burda sərgiləmədiyini deyir. Proqrama ekspert qismində qatılan mütəxəssislərdən biri "namusu-qeyrəti olmayan atalar həmişə belə qızlarını müdafiə edirlər"-deyə qışqırır. Bir başqası "bu şəkilləri sox da əminin gözünə" deyə əri tərəfindən aldadıldığını iddia edən xanıma məsləhət verir. Sərgilənən görüntülər, işlədilən ifadələr o qədər səviyyəsiz şəkildədir ki, ora baxan insanın və yaxud orda çözüm axtaranların taleyini kimlərə həvalə etdiyi sual altına düşür. Üstəlik proqramlar insanların taleyini bütünlüklə açıb-tökür. Amma ortada heç bir çözüm yoxdur. Həftələr sonra problem eynidir. Bəlkə də hələ verilişdən sonra daha da kəskinləşir. Əgər doğrudan da ortada da bir problem varsa təbii.Digər bir məqam. Verlişlərin biri"Adam içində" proqramı Astaranın kəndində döyülən, qulaqları kəsilən xanım haqqında süjet verir. Efirə uyğun olmayan görüntülər, xanımın dəhşətli sifəti, qançır-qançır olmuş bədəni olduğu kimi sərgilənir. Sual olunur bu nəyə lazımdır? İlk növbədə bu danışmağa belə heyi olmayan, onsuz da dünyası yıxılan, sağlamlığı, xoşbəxtliyi əlindən alınan, əxlaqsız adı alan gənc bir xanımın hüquqlarına ziddir. Bütün Azərbaycan cəmiyyəti niyə onu bu vəziyyətdə görməlidir? Bu onun problemini həll edəcəkmi?. Bu insanın körpələri var, ətrafı var. Efirdən sonra onun körpələri hansı hissləri yaşayacaq? Digər bir məqam. Tamaşaçılar arasında xəstəsi var, uşaq var. Bu görüntüləri izləməyi qaldıra bilməyən insanlar var. Ən azından bir az qapalı şəkildə sərgilənməlidir. Halbuki çözüm o xanımın indiki vəziyyətini sərgiləmək yox, o və onun kimi yüzlərlə xanımların illərlə hansı səbəbdən ər evində işgəncə görməsini araşdırmaqdan keçir. Vaxtında müdaxilədən gedir. Bir acı taleyin qulpundan tutub bütün Azərbaycan tamaşaçısının əsəblərini tarıma çəkmək çözüm yox, insanların açıları üzündən reytinq və pul qazanmaqdır. Bir ekspert arvadına bu işgəncələri verən insanın vəhşi olduğunu deyir, aparıcı əlini başına aparıb onun başdan xarab olduğunu iddia edir. Bir tərəfdən də xanımın əri efirdən 9 milyona xanımı bir taksidən düşən yerdə gördüyü üçün bu günə saldığını danışır. Bu hansı əxlaq qaydalarına sığar? Madam ki, adamın başı doğrudan xarabdır, o zaman hansı əsasla başı xarab insanın iddiası efirdən verilir? Azərbaycan ictimaiyyətinin psixologiyasını yaxşı bilirik. Artıq bütün dünyanın vəkilləri yığılsa da, beyinlərdən həmin xanımın əxlaqsız olması ilə bağlı fikirləri silə bilməyəcək. Niyə insanlara çözüm əvəzinə damğa vurulur, o zaman.Bu cür proqramlarda başqa açınacaqlı məqamlardan biri də mütəmadi falçıların efirə çağrılması və insanda vahimə yaradan görüntlərin yaradılmasıdır. Məsələn, 19 ildir oğlunu itirən anaya falçı oğlunun sağ olduğunu deyir. Ağbirçək qadın özündən gedir, aparıcı su dalınca qaçır. Axı nə baş verir? Tamaşaçı niyə bu səhnələri görməlidir? Birincisi falçılar bu yolla təbliğ olunur, onların yanına gedənlərin sayı daha da artır. Bu proqramlar insanlara çözümdən çox problem yaradır. Danışıqda, hərəkətlərdə hec bir etik normalar gözlənilmir. Tamaşaçı yalançı şoularla vahimə və əsəb sarsıntısı keçirir. Normal müzakirələr yox, qışqır-bağırla tamaşaçının gözü boyadılır. Baş verənlər o qədər vahiməli musiqi altında nümayiş olunur ki, ürəyi zəif olanların bu görüntülərdən sağlam çıxacağı şübhə altına düşür. Bir sözlə, bu proqramlar əhaliyə xeyirdən çox ziyan vurur. Peşəkar səviyyədə müzakirələrə yox, küçə savaşlarına, arvadların deyişməsinə baxmağa məcbur edir. Ortada qalan isə Azərbaycan tamaşaçısı və ümüd gözləyən dərdlinin dərdlərinin daha da çoxalması olur.
Aygün