Astarada narkoman ərin qadına qarşı ölümcül vəhşiliyi və polis məsuliyyətsizliyi - GÜNDƏM

Çingiz Mehdiyevi himayə etmək polisə niyə sərf edir

Oktyabrın 1-də Astarada baş verən dəhşətli hadisə ölkə əhalisini şoka saldı. Hadisə rayonun Kələdəhnə kəndində qeydə alınıb. Kənd sakini, narkotika aludəçisi olduğu bildirilən 33 yaşlı Çingiz Mehdiyev həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovanın əl-qolunu bağlayaraq ona dəhşətli işgəncələr verib. Hadisə şahidlərinin bildirdiyinə görə, həyat yoldaşının hər zaman ona verdiyi işgəncələrə dözməyən Nisə Xəlilova 9 ay öncə ata evinə gedib. Çingiz Mehdiyev qadının geri qayıtmasına nail olub və ona yenidən işgəncələr verməyə başlayıb. Nisə Xəlilova evə gələndən sonra Ç. Mehdiyev onun əl-qolunu bağlayaraq başını qırxıb, qulaqlarını bıçaqla kəsib, bədəninin müxtəlif yerlərinə çoxsaylı ağır xəsarətlər yetirib. Bu zaman Nisə Xəlilovanın səsini eşidən qonşular onu xilas etməyə cəhd etsələr də, Ç. Mehdiyev onları yaxına gələcəkləri təqdirdə arvadını öldürəcəyi ilə hədələyib. Bunu görən qonşular qızın atasına zəng edərək onu hadisədən xəbərdar ediblər. Bundan sonra Nisə Xəlilova müxtəlif xəsarətlərlə Astara Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxananın cərrahiyyə şöbəsinin müdiri Etibar Cəlilov bildirib ki, N.Xəlilova xəstəxanaya daxil olarkən vəziyyəti çox ağır olub. Onda qapalı beyin travması, burun sümüyündə sınığı, bədənində çoxsaylı bıçaq xəsarətləri aşkarlanıb: "Qadının başının təpə nahiyəsində kəsilmiş yara, sağ qulaq seyvanının  kəsilmiş yarası, sol qulağının arxa səthində kəsilmiş yara, sağ ayağında kəsilmiş yara, hər iki gözaltı nahiyədə iri həcmli hematomalar və bədənin ayrı-ayrı nahiyələrində çoxsaylı qançırlar vardı". N. Xəlilovaya müvafiq tibbi yardım göstərilib. Şok əleyhinə tədbirlər tətbiq olunub. Hazırda vəziyyəti ağır-stabil olaraq qalır. Nisə Xəlilovanın anası Sevda Xəlilova isə baş verənlərlə bağlı bunları deyib: "Qızım 9 ildir ki, ərə gedib, o zamandan bəri bütün bunları çəkirdik. Həmişə vururdu, əzirdi, ancaq belə olmurdu. Savaşırdı, dalaşırdı deyirdim düzələr də, iki övladları var. İçirdi dəli olurdu, pul istəyirdi, nəşə istəyirdi. Sonuncu dəfə də belə oldu".  İşgəncəyə məruz qalan qadının atası Telman Xəlilov isə "içəri girəndə gördüm qızımın əli-ayağı bağlı vəziyyətdədir, sifəti tanınmaz haldadır.  Bədəni  qanın içindədir. Çingiz dedi ki, mən eləmişəm, əcəb eləmişəm" deyib.  Ən maraqlısı odur ki, qadına amansız işgəncə verən Çingiz Mehdiyev saxlanılmayıb. O, istintaqa verdiyi ilkin ifadəsində Nisə Xəlilovanın ona xəyanət etdiyini bildirib.  Zərərçəkmişin yaxınları isə deyilənləri təkzib edərək, bunu Çingiz Mehdiyevin özünü müdafiə etməsi kimi qiymətləndiriblər. Məlumata görə, əslində hadisəyə Çingiz Mehdiyev evdə olan qızıl üzüyü apararkən Nisə Xəlilovanın buna etiraz etməsi səbəb olub. Hazırda faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Narkomana üzük lazımdı, bəs polisə?

Bu doğrudan da biabırçı bir faktdır. Əslində bu faktla bağlı tədbir görülməməsi hüquq mühafizə orqanlarının məsələyə məsuliyyətsiz yanaşmasıdır. Hadisədə bir neçə maraqlı faktlar var. Birincisi, bu hadisə hər bir halda işgəncədən gedir. Yəni, konkret cinayətdən. Təsəvvür edin ki, adam həyat yoldaşını kənd sakinlərinin gözü qarşısında amansız işgəncələrlə öldürmək istəvyir və ona öldürücü xəsarətlər yetirir, qonşular hətta bu şəxsin iyrənc işgəncələrinin qarşısını ala bilmir, amma polis kənardan durub prosesi müşahidə edir. Buna yalnız vəhşilik demək olar, başqa heç nə. Ən azından ona görə ki, insanın belə bir hərəkət etməsi, özü də övladlarının anasına ömür gün yoldaşına, bu konkret vəhşilikdir.

Hadisənin nədən baş verməsi məlumdur.  Çingiz Mehdiyevin narkotika aludəçisi olmasını polis də təsdiqləyir. Qonşularla yanaşı, zərərçəkmişin valideynləri də onun bu yolun yolçusu olduğunu və dəfələrlə bunun üstündə ailədə münaqişə olmasını təstiqləyir. Sonuncu hadisənin də səbəbi narkotika almaq üstündə olub. Yəni, Çingiz Mehdiyev  narkotika almaq üçün həyat yoldaşının sonuncu qızıl üzüyünü istəyib. Qadın isə ona etiraz edib və vermək istəməyib. Nəticədə Çingiz Mehdiyev xüsusi amansızlıqla vəhşilik edərək qadının əl-qolunu bağlayıb üzüyü onun əlindən alıb əl-qolu bağlı olan qadını xüsusi amansızlıqla döyüb işgəncələr verib, həyat yoldaşının başını qırxaraq daha amansız təhqir edib və vəhşicəsinə onun qulaqlarını kəsib.

Astara polisi hansı məntiqlə vəhşiliyi seyr edir?

Zərərçəkmişin valideynləri hadisənin şahidi olandan sonra polisə məlumat versələr də polisi hadisəni sadəcə seyr edib. Bax əsl biabırçılıq budur. Azərbaycan polisi xüsusi amansızlıqla törədilən cinayəti, işgəncəni ört-basdır etmək istəyir. Qadına qarşı bu cür zorakılıq edən, daha doğrusu amansız qəddarlıq edən narkomanı müdafiə etməyə başlayıb. Hələ Astara polisi utanmadan açıqlama da verir ki, çinayəti törədən şəxs saxlanılmayıb. Heç polis bu manyak cinayətkarın saxlanmasına cəhd də etməyib. Sadəcə həmin şəxsin nəzarətdə olduğunu deyirlər. Yəni ki, polisin dili ilə desək, bu şəxs bir də belə hadisə törədərsə, həbs olunacaq. Çox maraqlıdır, görəsən, həmin manyak daha hansı ağır cinayəti törətməlidir ki, həbs olunsun? Onun ikinci dəfə belə hərəkət etməsi yəqin ki qadını öldürməsi ola bilər. Yəni, bu amansızlıqdan ağır hadisə yalnız xüsusi amansızlıqla qətl ola bilər. Belə çixır ki, polis gözləyir ki, Çingiz Mehdiyev kimi vəhşi ara sakitləşəndən sonra qadını amansızlıqla öldürsün və yalnız bu həmin şəxsin həbsinə səbəb ola bilər.

Astara polisi manyaka "tərbiyə" verməklə himayə edir

Maraqlı faktlardan biri də odur ki, Çingiz Mehdiyev bu hadisəni törətdiyini polisin gözünün içinə etiraf edib. Hətta kamera qarşısına çıxan Çingiz Mehdiyev açıq-aşkar bəyan etdi ki, bəli, hadisəni o törədib, qonşuların iddiaları düzdür. Bu barədə o polisə ifadə də verib. Amma, ifadədən sonra polis onu görüşüb-öpüşüb yola salıb ki, "get bir az da alçaqlıq elə, əcəb eləmisən". Bəli, prosesin cərəyan eləməsindən yalnız belə qənaət etmək olar. Təsəvvür edin ki, hansısa sürücü yolla gedəndə qəfildən hansısa bir şəxsin toyuğunu maşınla vurub öldürən şəxsi az qalır həbs etsin, amma, bu boyda vəhşilik törədən bir şəxsi sərbəst buraxır ki, get kef elə. Buna hansı adı vermək olar, ay Astara polisi? Hara sığar bu vəhşilik? Demək bu  zonada vəhşilik edənləri polis himayə edir. Belə bir halda isə burda günahı təkcə həmin hərəkətləri edən cinayətkarda deyil, birbaşa polisdə görmək lazımdır. Yəni, belə çıxır ki, Astarada polis vəhşiliyə, cinayətkarlığın "inkişafına" məhz şərait yaradır.

Xəyanətə görə cinayət törədən məsuliyyətdən azaddır?

Daha bir biabırçı fakt isə Çingiz Mehdiyevin özünü biabırçı bəhanə ilə müdafiə etməsidir. Bu şəxs kamera qarşısında bəyan edib ki, guya həyat yoldaşı ona xəyanət etdiyi üçün ona qarşı bu iyrənc işgəncəni tətbiq edib. Məlum məsələdir ki, bu manyak özünü müdafiə etmək üçün istənilən çamuru atmağa hazırdır. Astara polisi də bu bəhanəni əlində bayraq edir ki, guya belə bir fakt olub.

Birincisi, məlumata görə, qadın 9 ay əvvəl də evində münaqişə olduğu üçün atası evinə gedib və bir müddət orada qalıb. Sonradan Çingiz Mehdiyev onunla barışıb və yenidən geri qaytarıb. Əgər qadın ərinə xəyanət etmişdisə, Çingiz Mehdiyev onu hansı adla yenidən geri qaytardı? Niyə həmin vaxt xəyanət adı ilə onu boşamadı? Demək bu fakt yalandır. İkincisi, lap ən pis halda razılaşaq ki, qadın ərinə xəyanət edib. Belə bir vəziyyətdə hansı qanunvericilikdə var ki, ərinə xəyanət edən qadın işcəncələrlə öldürülməlidir və qatil məsuliyyətdən azad edilməlidir? Belə bir maddə varmı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində? Bəlkə elə bir maddə var ki, xəyanətə görə həyat yoldaşına ölümcül xəsarət yetirən ər məsuliyyətdən azad olunur, ay Astara polisi? Hansı qanunvericilik Astara polisinə icazə verir ki, bu cür cinayətkarı azadlıqda saxlasın və onun digər cinayət hadisələri törətməsinə şərait yaratsın?

Çingiz Mehdiyevin namusdan danışması özü namussuzluqdur

O ki qaldı Çingiz Mehdiyevə, o bu hərəkətilə özünə və Astara polisinə qarşı mənfi obrazı yaratdı. Birincisi, kişi həyat yoldaşını xəyanətə görə öldürsə belə, onu ictimaiyyətə açıqlamamalıdır. Ən azından ona görə ki, həmin qadın onun ailəsi, namusu və şərəfidir. Kişi qadınını xəyanətə görə öldürsə də, ifadəsində başqa bəhanə gətirib ailəsinin şərəfini ləkələməli deyil. Söhbət isə vicdanlı kişidən gedir. İndi isə bu cür kişilər azdır. Ailəsinin namusuna ləkə gəlməkdən qorxan, ehtiyat edən kişilərdən söhbət gedir, bu cür manyak narkotika aludəçisindən və ailəsini belə narkotikaya satan şəxslərdən deyil.

Cənab Ramil Usubov, son ümid sizədir

Sonda isə daxili işlər naziri, Azərbaycanda cinayətə və cinayətkarlığa qarşı amansız müdbarizə aparan, cəmiyyətdə işinə ciddi yanaşan nazir kimi tanınan cənab general-polkovnik Ramil Usubovdan xahiş edirik ki, məsələnin ciddi araşdırılması, narkotika aludəçisinin polislər tərəfindən himayə edilməsinin dəqiq səbəblərinin araşdırılmasını nəzarətə götürsün, Astara rayonu vəhşi manyaklardan və bu vəhşiliyə şərait yaradanlardan təmizlənsin. Azərbaycanda azərbaycanlı qadına bu cür işgəncə verən, əhalini şoka salan cinayətlər törədən şəxslər yəqin ki cənab nazirin göstərişi ilə layiqli cəza alacaq.

Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31