İrandan Azərbaycana ölüm gətirən məhsullar... - AKTUAL
Eyyub Hüseynov: “Qanunlar təhlükəli malların qarşısını almağa icazə vermir”
27 Sentyabr 2013 15:37 Problemİrandan Azərbaycana gətirilən mallar həddindən artıq təhlükəlidir. Bu ölkədən Azərbaycana gətirilən onlarla mal və məhsullar ölkəyə keçirilir, təhlükəli olduğu halda belə tam maneəsiz satışa çıxarılır. Nəticədə ölkə əhalisi arasında müxtəlif təhlükəli xəstəliklər yayılır. Bəs görəsən, bu cür malların Azərbaycana gətirilməsinin qarşısı niyə alınmır? Aidiyyəti qurumlar ölkə əhalisi üçün real təhlükə olan bu malların satışını niyə yasaqlamır?
İran GMO malları ilə fəxr edir
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu problemdən narahatdır. Təşkilat sədri bildirir ki, İrandan Azərbaycana onlarla təhlükəli mal və məhsullar gətirilir və sərbəst satışa çıxarılır: "İrandan Azərbaycana gətirilən qaz sobaları, ərzaq malları, ədviyyat və digər malların böyük qismində problemlər yaşanır. Bu problemlərin bir qismi İran standartları ilə Azərbaycan standartlarının düzgün gəlməməsindən baş verir. Məsələn, İrandan Azərbaycana gətirilən qaz sobaları Azərbaycanda istifadə zamanı bədbəxt hadisələr baş verir. Əslində bu sobalar İran standartlarına tam cavab verir, sadəcə Azərbaycanda əhaliyə verilən maye qaza uyğun deyil. Nəticədə də Azərbaycanda bu sobalardan istifadə hər il onlarla faciə və bədbəxt hadisələrlə nəticələnir. Mən əsasən İrandan gətirilən kənd təsərrüfatı məhsullarına diqqət çəkmək istəyirəm. İranda əsasən bu məhsullar genetik modifikasiya olunmuş (GMO) mallardır. Çünki İranda GMO malları daha çox hazırlanır. Həddindən artıq insan orqanizminə təhlükəli olan bu məhsulların hazırlanması ilə İran fəxr edir. Amma, bu dinəzidd bir addımdır. Əslində insanlar bunun zərərini dərk edib belə mallardan imtina etməlidirlər. Bu cür mallar ya GMO məhsullarıdır, ya da həddindən artıq təhlükəli gübrələrlə yetişdirilir ki, məhsuldarlıq cox olsun. Badımcan, böyük çuğundurılar və sair məhsulların böyük bir qismi İrandan gətirilir. Bir sözlə, İrandan gətirilən kənd təsərrüfatı məhsullarında problemlər var. Bunun səbəbi isə həmin malların GMO məhsulu olması və yetişdirilməsi üçün kimyəvi gübrələrdən həddindən artıq istifadə edilməsidir. Bu məhsulların tərkibi ciddi yoxlanılmır və sonda həmin məhsullar Azərbaycan bazarlarına yol açır".
İrandan gətirilən malların 80 faizi saxtadır
Şirniyyat, su və digər malların Azərbaycana gətirilməsindəki problemə gəlincə isə Eyyub Hüseynov bu prosesdə Azərbaycan qanunvericiliyinə məhəl qoyulmadığını deyir. Onun sözlərinə görə, həmin mallar Azərbaycana gətirilərkən ölkədə nəzarət edilmədən satılır: "İrandan Azərbaycana gətirilən malların 80 faizi milli dildə markalanmır. Bunlar Azərbaycan qanunvericiliyinə zidd olaraq markalanır. Ən əsası bu prosesdə Azərbaycan istehlakçısının mal haqqında məlumat almaq hüququnu məhdudlaşdırır. Bu mallar hamısı xarici dildə markalanır və bu cür də Azərbaycanda satışa çıxarılır və əhalinin məlumat almaq hüququnu pozur. Markalanma ilə bağlı ən ciddi problemlərdən biri də budur. Təəssüflər olsun ki, İranda istehlakçı hüququnu qoruyan müstəqil təşkilat yoxdur. Dəfələrlə mən Azərbaycanın İrandakı səfirliyi ilə əlaqə saxlamışam ki, orada bu cür təşkilat yaradılsın və belə neqativliklərin qarşısı alınsın. Amma, səfirlik bu barədə heç bir tədbir görməyib".
Lökbatandakı meyvə-tərəvəz bazarı laboratoriya yaratmaq istəmir
Eyyub Hüseynov bildirir ki, aidiyyəti qurumların bu məsələ ilə bağlı araşdırma aparıb tədbir görmək hüququ məhduddur və buna görə də, ölkə bazarlarında belə bir biabırçı vəziyyət yaranıb: "Lökbatan qəsəbəsində, "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında meyvə-tərəvəz bazarı var. Bu bazarda əvvəldən bu günə qədər laboratoriya olmayıb və indi də yoxdur. İrandan Azərbaycana gətirilən meyvə-tərəvəz ora yığılır və həmin bazardan satışa paylanılır. Biz dəfələrlə bu obyektin rəhbərliyinə orada laboratoriya yaratmaq üçün kömək də təklif etdik. Lakin, bazar rəhbərliyi bu təklifimizi rədd etdi. Biz uzun müddət Səhiyyə Nazirliyi, Respublika Baytarlıq Xidməti, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə ora getsək də, bu qurumların əməkdaşlarının bazara buraxılmasına imkan vermədilər. Eşitdiyimə görə, son vaxtlar orada laboratoriya yaradılıb. Amma, hələ bu günə qədər həmin laboratoyanın analiz nəticələri, ekspertiza rəyi açıqlanmayıb".
Azərbaycan bazarı qorunmur
Eyyub Hüseynov bildirir ki, Azərbaycan bazarı qorunmadığından belə hallar baş verir. Azərbaycanda malların normal ekspertizası üçün qanunlarda dəyişikliklər edilməlidir ki, istehlakçı hüquqları normal qorunsun. Azərbaycanda hazırda sahibkarların hüquqları qorunduğundan istehlakçı hüquqlarının qorunma səviyyəsi çox aşağıdır. Əslində sahibkar hüququ ilə istehlakçı hüququ eyni səviyyədə qorunmalıdır. Amma, bu belə deyil. Azərbaycanda sahibkarlarin fəaliyyətinə maneəçilik tam aradan qaldırıldığından sahibkarlara heç bir irad tutulmur. Bu , Azərbaycan qanunvericiliyinə ziddir. Azərbaycan qanunvericiliyinə görə, sahibkarın fəaliyyətinə maneələr törətmək olmur. Bu da sahibkarın əlinə fürsət salır ki, o istənilən malı maneəsiz Azərbaycana gətirib bazara daxil edir. Yəni, dövlət ekspertiza monopoliyasından əl çəkmək istəmir. Mən hələ görməmişəm ki, Azərbaycan ekspertizasının nəticəsi ölkələrə nümunə olsun. Azərbaycan ekspertizası bütün dünya ekspertizasının arxasınca sürünür. Hələ bir dəfə də olsun eşitməmişik ki, Azərbaycan ekspertizası nəyisə birinci etsin və başqa ölkələr bu təcrübədən yararlansın".
Təhlükəli malların qarşısının alınması üçün görülən tədbirlərə gəlincə, Eyyub Hüseynov bildirdi ki, bu tədbirlər operativ həyata keçirilmir və qanunlar buna imkan vermir. Yəni, hansısa bir ərazidə təhlükəli mal barədə ictimai təşkilatlara məlumat daxil olursa, həmin vaxt təşkilat aidiyyəti dövlət qurumuna məlumat verirsə, həmin dövlət qurumları dərhal bu faktı araşdıra bilmir. Bu qurumların qanunla belə bir operativ tədbir keçirmək səlahiyyəti yoxdur.
Samir Əli