Deputatlar erkən nikahlarla bağlı statistikadan narazıdır

Azərbaycanda erkən nikahların sayının ötən illərə nisbətən azaldığı qeyd edilsə də, bu kimi faktlara hələ də bir sıra bölgələrdə, xüsusilə Cənub zonasında az təsadüf edilmir. Lakin Cənub bölgəsinin deputatları bununla razılaşmırlar.
74 saylı Lənkəran kənd seçki dairəsindən seçilən deputat Hadı Rəcəbli Modern.az-a açıqlamasında bildirib ki, Cənub bölgəsi erkən nikahla bağlı statistikada dördüncü yerdə dayanır.
"Rəsmiyyətdə bu heç vaxt ola bilməz, çünki rəsmi nikah üçün yaş 18-dir. Dini tərəfdən də bununla bağlı addım atılıb. Bütün mollara tapşırlıb ki, dövlət nikah sənədi olmadan molla kəbini kəsilməsinə icazə verilmir. Bundan əlavə, cəmiyyət buna qarşı mübarizə aparmalıdır. Kənd yerində kimin uşağının necə yaşı olduğunu hamı bilir. Toy edirlər, bunu həkimi, müəllimi, ziyalısı görür və o adamı onlar heç olmazsa məzəmmət etsinlər. Belə halların sayı get-gedə azalır. Bizdə də artıq o mədəniyyət formalaşcaq ki, bu məsələlər öz həllini tapsın".
71 saylı Masallı kənd seçki dairəsindən seçilən deputat Elmira Axundova erkən nikahların daha çox əvvəllər müşahidə edildiyini qeyd edib. Onun sözlərinə görə, artıq buna həm dövlət, həm dini tərəfdən ciddi nəzarət var.
"Bir dəfə seçicilərimlə görüşdə bir qrup qadın yaxınlaşıb mənə qızlarını ərə verə bilməməkdən şikayətləndilər. Deyirdilər ki toy ediblər, amma nikah bağlanmadığı üçün qızı verə bilmirlər. Mən bunu çox pislədim və onlara dedim ki, gözləmələri lazım idi və indi qoy gölzəsinlər. Bu göstəriri ki, qızlarını tez ərə vermək üçün toy etsələr belə, erkən nikahları rəsmiləşdirə bilmirlər".
E. Axundova bildirib ki, bu sahədə vəziyyət indi nisbətən yaxşılaşıb.
"Düzdür, adamlar var ki, qanunlara baxmır, riayət etmirlər, amma onlar da ciddi müqavimətlə rastlaşırlar. Kasıbçılıqdan belə şeylər olur və onlar bunların fəsadlarını da yaşayırlar. Bununla bağlı seçicilərimlə görüşdə də deyirəm. Sentyabr ayında rayonda olan məktəb açılışlarında deyirdim ki, 1-dən 5-ci sinifə qədər nə qədər qız uşağı təhsil alırsa, arzu edirəm ki, onlar 11-ci sinfi də bitirsinlər. Valideyinlər onları 9-10-cu sinifdən götürüb ərə verməyə tələsməsinlər. İcra Hakimiyyəti bununla ciddi mübarizə aparırır. Amma insafsız adamlar var. Bununla bağlı ictimai qınaq olmalıdır ki, onlara belə şey etməməyi desinlər. Bizdə cəmiyyət, xüsusən kənd yerlərində insanlar qızların 16-17 yaşında ərə getməsinə normal baxır. Ona görə bununla bağlı təbliğat işləri aparılmalıdır ki, belə neqativ hallar aradan qalxsın".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31