Millət vəkili aidiyyati orqanlara müraciət etdi
26 Mart 2024 20:22 ProblemAutizm spektr pozuntusu olan şəxs zorakılığıa məruz qalıb
Milli Məclisin deputatı, Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədova "Gənclik Mall" ticarət və əyləncə mərkəzində autizm spektr pozuntusu olan Kənana qarşı edilən zorakılıq hərəkətinə reaksiya verib. "Olaylar" xəbər verir ki, millət vəkili günahkar şəxslərin cəzalandırılması üçün müvafiq orqanlara müraciət edib: "Autizmli şəxsləri öz ətrafına toplayan "Birgə və Sağlam" ictimai birliyinin sədri Aytən Eynalovanın instagram sosial şəbəkə profilindəki paylaşımından çox təsirləndim. Autizm spektr pozuntusu olan Kənanın "Gənclik Mall" ticarət və əyləncə mərkəzində zorakılığa məruz qalması və hadisə ilə bağlı bu günə kimi hər hansı bir tədbir görülməməsindən dərin təəssüf hissi keçirdim.
Nə qədər insanlıqdan uzaq olasan ki, əlilliyi olan şəxsə qarşı bu cür vəhşiliyi törədəsən? Nə qədər alçaq, şərəfsiz bir məxluq olasan ki, müdafiəsiz birinə əl qaldırasan? Heçmi vicdanı sızlamadı demək istəyirəm, amma məgər belələrində vicdan olur? Belələri insanlıqdan kənarda qalmış məxluqlardır... Müdafiəsiz birinə, övladın belə olsa əl qaldırırsansa ya sənin psixikan yerində deyil, ya da adam deyilsən!
Xüsusi qayğıya ehtiyacı olan şəxslərə və əlillərə dövlətimizin, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın diqqət və qayğısının, dəstəyinin ən yüksək səviyyədə olduğunu hər birimiz yaxşı bilirik. Və bu kateqoriyadan olan şəxslərə diqqət göstərmək, onların ailələrinin yanında olmaq hər birimizin borcudur.
Milli Məclisin deputatı və Azərbaycan Autizm Assosiasiyasının prezidenti olaraq müvafiq dövlət qurumlarının rəhbərlərindən xahiş edirəm ki, baş vermiş hadisəyə hüquqi qiymət verilməsini və günahkar şəxslərin cəzalandırılmasını təmin etsinlər".