Bakının ilk payız yağışı və problemlər - GÜNDƏM

Evlər və həyətləri su basdı, paytaxt sel sularına təslim oldu

Sentyabrın 23-də Bakıya və bölgələrə yağan güclü və qəfil yağış ölkə sakinlərinə problem yaşatmağa başladı. Payızın ilk güclü yağışı bir daha onu sübut etdi ki, nəinki bölgələr, heç paytaxt Bakı da payıza hazır deyil. Amma, əslində aidiyyəti qurumlar dayanmadan bəyanatlar verirlər ki, Bakı və Azərbaycan ən sərt qışa belə hazırdır. Fakt isə göz qabağındadı. Paytaxtın hətta mərkəz ərazilərindəki bəzi asfalt küçələr də sellə doldu.Tez-tez asfalt örtüyü çəkilən həmin yollarda nahamarlıqdan iri su gölməçələri yarandı, yollarda sel suları avtomobillərin və piyadaların hərəkətinə maneçiliklər törətdi.  Həmin gün yağan leysan yağışlar nəticəsində Bakıda əksər küçələr keçilməz oldu. Gecə saatlarında Bakı küçələrində vəziyyət tam acınacaqlı oldu. Yollar bağlandı, sel suları avtomobillərin hərəkətini tam məhdudlaşdırdı. Paytaxtın Nizami, Nəsimi, Xətai, Yasamal rayonlarında bu proses özünü daha qabarıq biruzə verdi. Binəqədi, Səbael, Nərimanov rayonlarında da avtomobillərin də hərəkətinə  yollardakı sel suları maneçilik törətdi. Bir sözlə, əvvəllər Bakı sərt qışda iflic olurdusa, indi .paytaxt payızın ilk yağışından eyni aqibəti yaşadı. Bakıda sel sularının yaratdığı problemlər təkcə avtomobil yollarındakı vəziyyətlə yekunlaşmadı. Yağışın yağması və qabaqlayıcı tədbirlərin görülməməsi  Bakıda sakinlərə daha ağır problemlər yaşatdı. Bəli, bu daha dəhşətli faktlardır. Redaksiyamıza müraciət edən sakinlər həmin gecədən etibarən küçələrdə gecələdiklərini bildirirlər. Səbəb isə Bakıdakı həyət evlərinin yağış və çirkab sularına qərq olmasıdır. Bəli, həmin gün Bakı sakinləri gecəni suyun işərisində keçiriblər. Hadisə paytaxtın Binəqədi, Nizami, Nəsimi və Xətai rayonları ərazisində daha biabırçı vəziyyətdə baş verib.

Evini su basan jurnalist "Azərsu"ASC-ni məhkəməyə verir

Bakı şəhər sakini, tanınmış jurnalist Məhəmmədəli Qəribli də eyni vəziyyəti yaşayıb. Onun dediyinə görə, həmin gecə yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsindəki evini axşam yağan yağış suları basıb. Jurnalistin ailəsi həyəti və evi gölə çevirən sudan bayıra çıxmağa da çətinlik çəkiblər: "Həyətimizdə suyun səviyyəsi 1 metri keçib. Qalxan su evə daxil olaraq, əşyaları demək olar ki, tam bərbad günə qoyub. Ev çirkab suları ilə dolub. Səbəb ərazidəki kanalizasiya xətlərinin sıradan çıxması və vaxtında təmizlənməməsidir. "Azərsu" ASC-nin yarıtmaz işləri səbəbindən kanalizasiyanın gücü də yetmir ki, sel sularını çəksin. Əksinə, su getdikcə artaraq lap dəhşətli vəziyyət yaratdı".
M.Qəribli deyir ki, vəziyyətlə bağlı ASC-yə və yaşadığı Keşlə qəsəbə icra nümayəndəsinə müraciət edib. Lakin, aidiyyəti qurumlar məsələyə biganə yanaşmaqla yanaşı vətəndaşlara təzyiqlər etmək istəyib: "Dərəbəyliyin həddinə baxın ki, icra nümayəndəsi hərəkət etmək əvəzinə, kobud cavab verir. "Azərsu" və bu qurumun Nizami rayonundakı departamentindən isə zənglərə belə, cavab vermirlər".

M. Qəribli bildirir ki, məsələ ilə bağlı "Azərsu" ASC-ni məhkəməyə verəcək: "Evimizin, əşyalarımızın bu vəziyyətə düşməsi, bu qurumun yarıtmaz fəaliyyətinin nəticəsidir. Əgər hüquqi dövlətdə yaşayırıqsa, o zaman məhkəmə belə işləri ədalətli araşdırıb, dəyən zərəri ödənilməsini təmin etməlidir!".

Şikayətçinin dediyinə görə, onların yaşadığı ərazidəki bütün evlər bu şəraitdədir. Həmin evlərin hamısı sel sularına qərq olub, mənzillərdə suyun səviyyəsi bir metrdən çoxdur.

Binəqədidə kanalizasiya xətti mənzillərə axdı

Paytaxtın Binəqədi rayonunun bəzi hissələrində də mənzillər su ilə dolub. Rayonun Binəqədi qəsəbəsi, 3-cü mədən əraizisində yaşayan Ağarəsul Məhərrəmov da ailəsi ilə birlikdə mənzilinə daxil ola bilmir. Onun sözlərinə görə, axşam saatlarında qəfil yağan yağış nəticəsində yaxınlıqdakı kanalizasiya xətti daşıb. Kanalizasiya xəttinin daşması onun mənzilini neft çirkab suları və kanalizasiya suları ilə doldurub: "Axşam saat 10 olardı. Evdə oturmuşduq. Qəfildən güclü yağış başladı. 15-20 dəqiqədən sonra pəncərədən baxanda gözlərimə inanmadım. Həyətimizdə su pilləkən səviyyəsinə qalxmışdı. Sel suları get-gedə artdı və nəticədə mənzilimiz su ilə doldu. Suyun qarşısını almaq üçün küçəyə çıxanda gördüm ki, yaxınlıqdan keçən kanalizasiya xətti partlayıb və kanalizasiya suları buruq sularına qarışıb. Yolda suyun səviyyəsi bir metrdən artıq idi. Bütün küçənin sakinləri gecəni həyətdə keçirmişik. Neft buruqlarından çıxan çirkab suları da kanalizasiya sularına qarışıb bütün küçəni bürüyüb. Evlərin zirzəmiləri, zirzəmisiz mənzillərin isə içərisi su ilə doludur. Səhərə qədər suyun içərisində qalmışıq. Evin bütün əşyaları suyun içərisindədir. Yorğan-döşək, stol-stul, soyuducu, paltaryuyan, bir sözlə bütün məişət əşyalarımız, paltarlarımız çirkab sularının altında qalıb. Bilmirik neyləyək? Bu ziyanı bizə kim ödəyəcək? Kimə mütraciət edirik, deyirlər evin sığortası yoxdur. Bu da bizə rəsmi qurumlardan cavab".

Xətaidə həyətləri sel basdı

Paytaxtın Xətai rayon sakinlərinin  də mənzillərinə su dolub. Qəsəbə sakinləri deyirlər ki, həmin gecəni bütün həyət evlərinin həyətyanı sahələrini su basıb. Suyun səviyyəsi bu ərazidə də 70 sm-1 metr səviyyəsində olub. Sakinlər deyirlər ki, bəzi ailələr hələ də evdən çıxa bilmirlər. Həyətyanı sahələrdə suyun su mühərrikləri ilə çəkilməsinə baxmayaraq, bəzi həyətlərdə hələ də hərəkət mümkün deyil. Hazırda həmin ərazidə həmin həyətlərdən suyun çəkilməsi prosesi davam edir. Həyətlərdə hələ də suyun 20-30 sm hündürlüyündə qaldığı deyilir. Bu ərazidə sel suları çəkildikcə həyətləri üfunət iyləri bürüyür. Artıq bəzi sakinlər evlərini atıb şəhərdəki hansısa yaxın adamlarının bina evlərindəki mənzillərinə pənah gətirmək məcburiyyətində qalıb.

Bəli, bu da Bakı payızı. Elə payızın ilk yağışı Bakını və Bakı sakinlərini çaşbaş saldı. Həyətlər, evlər su ilə doldu, yollar, küçələr keçilməz oldu. Bakı küçələrində dəhşətli mənzərələr yaşandı. Aylarla, bəlkə də illərlə təmizlənməyən kanalizasiyaların qəfil tutulması, nisbətən güclü yağışın yağması  Bakı sakinlərini imtahana çəkdi.

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31