Bakı “tıxacı”nın əlacı var? - PROBLEM
Yol polisi bütün günahları yenə vətəndaşların üstünə atır
23 Sentyabr 2013 14:55 ProblemBu gün səhər saatlarından başlayaraq Bakıda yenə də dəhşətli "tıxac2 yaşanıb. ANS PRESS-in məlumatına görə, paytaxtın demək olar ki. bütün yerlərində avtomobil sıxlığı sakinləri boğaza yığıb. Bakı-Sumqayıt yolu, Biləcəri, Binəqədi, "20 yanvar", Tbilisi prospekti, "Gənclik" metrostansiyası, Yasamal, Badamdar, Bayıl və bir çox başqa ərazilərdə avtomobil sıxlığından tərpənmək olmayıb. Yollarda xidmət göstərən yol polisləri isə aciz-aciz tıxacı seyr etməkdən başqa, əllərindən heç bir iş gəlməyib.
Yol polisindən "tıxac"ın aradan qaldırılması üçün niyə iş görmədiyini soruşduqa isə yalnız kobud cavab eşidirik. Yol polisi yalnız xəbərdarlıq etmədn yolları bağlamaqla, yaranmış avtomobil sıxlığını daha da gərginləşdirir. Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovla əlaqə saxladıq. Vaqif Əsədov ANS PRESS-ə açıqlamasında bildirdi ki, "tıxac"ın günahkarı vətəndaşlardır.
"Şəhərdə milyondan çox maşın var. Bakıda 630 yol ayrıcı var, lakin yol polislərinin sayı hər yol qırağında dayanmağa yetmir. Paytaxtda yol mədəniyyəti çox aşağıdır. Sürücülər yol polisi olmadan hərəkəti özləri tənzimləyə bilmirlər", - deyə Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, bu gün yağış yağdığı üçün paytaxtın bir çox yerlərində işıqforlar işləməyib. Bununla da mərkəzi küçələrdə avtomobil sıxlığı yaşanıb. "Demək işıqfor olmadan sürücü sərbəst olaraq yolda hərəkət edə bilmir. Əgər yol ayrıcında işıqfor yoxdursa, həmin ərazi nizamlanmayan yola aiddir. Orada hərəkət isə qanunla tənzimlənir".
Bakıda xəbərdarlıq olunmadan yolların bağlanmasına gəlincə isə, yol polisi bunu inkar edib. Vaqif Əsədovun sözlərinə görə, yol polisi xəbərdarlıq etmədn heç bir yolu bağalmır: "Biz televiziya radio və xəbər saytları vasitəsilə hansı yolların bağlanacağı barədə məlumat veririk. Kimlər həmin xəbəri eşitmirlərsə, bu onların öz işidir".
Mövcud vəziyyətdən, xidmətdə olan yol polislərinin kobudluğundan, rəsmilərin isə problemi yalnız vətəndaşlarda görməsindən belə nəticəyə gəlmək olar ki, Bakıda "tıxac" problemi hələ uzun zaman həllini tapmayacaq. Ancaq şəhərin avtomobil sıx olan yerlərində polis nəzarətçilərinin köməkliyi ilə vəziyyəti normal həddə çatdırmaq mümkündür. Bunun üçün şəhərin "tıxac" yaşanan hər küçəsinə bir polis nəzarətçisi qoymaq kifayətdir.