493 nəfər insan alverinin qurbanı olub
20 Sentyabr 2013 15:16 ProblemPrezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Təmiz Dünya" Qadınlara yardım İctimai Birliyi tərəfindən "İnsan alveri və potensial qurbanların effektiv Reinteqrasiya" layihəsi çərçivəsində İnsan alveri qurbanlarına dəyən zərərin qiymətləndirilməsinə dair hazırlanan meyarların təqdimatı olub. Tədbiri giriş sözü ilə açan "Təmiz Dünya" Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova aparılan araşdırmalar zamanı bir çox dünya ölkələrinin təcrübələrindən bəhrələndiyini deyərək bu istiqamətdə qarşılaşdıqları çətinliklərdən söz açıb. M.Zeynalova araşdırmaların əsas istiqamətinin insan alverinin dövlətə vurduğu zərəri aşkarlamaq olduğunu deyərək Azərbaycanda ilk dəfə olaraq reallaşan layihənin gələcəkdə daha da təkminləşəcəyinə söz verib: "Bu layihə Azərbaycanda bir ilkdi. Gələcəkdə də layihəmizi davam etdirməyi düşünürük. Problemləri, onların həlli yollarını araşdıraraq layihəni Milli Məclisin gündəminə təqdim edəcəyik". Layihənin ərsəyə gəlməsində mühüm rolu olan hüquqşünas Ruslan Vəliyev nəticələr haqda məlumat verib. O, insan alverinin dövlətə vurduğu zərərin qiymətləndirilməsini təşkil etmək üçün müxtəlif çətinliklərlə qarşılaşdıqlarını söyləyir: "Araşdırma zamanı insan alverinin dövlətə vurduğu zərəri qiymətləndirmək baxımından problemlər ortaya çıxırdı. İstinad mənbələrimiz müxtəlif idarə və müəssələr oldu. İnsan alverinin qurbanları reabilitasiya dövründə müxtəlif yardımlar alaraq maarifləndiriliblər. Ümumilikdə insan alveri qurbanlarının dövlət müəssələrində sığınacağı üçün 52 min manata vəsait xərclənib. Nəqliyyat xərclərinə görə bir qurban üçün təxminən 20-30 manat, tibbi yardım üçün 200-100 min, psxioloji yardım üçün 200-700, peşə yardımı üçün 100-400 manat xərc tələb olunub. Ümumilikdə isə bu rəqəm 1500-13 min arası təşkil edir". Hüquqşünas tibbi yardım üçün birlik tərəfindən bir neçə qadın məsləhətxanası ilə əlaqə yaradıldığını da söyləyir: "İnsan alveri qurbanları ölkəyə qayıtdıqda səhhətlərində müxtəlif problemlər aşkarlanır. Buna görə, belə şəxslərə kömək etmək məqsədi ilə birliyimiz bir sıra qadın məsləhətxanasıyla əlaqə saxlayıb". Psixoloji yardımla bağlı müxtəlif qurumlara sorğu göndərdiklərini deyən hüquqşünas aztəminatlı və təminatsız ailələrin dövlət tərəfindən pulsuz olaraq vəkillə təmin olunduğunu da diqqətə çatdırıb. R.Vəliyev bir neçə ildir ki, yaranan Kömək Fondu haqda məlumat verərək fondunun səlahiyyətlərinin genişlənməsi təklif ilə çıxış edəcəklərini deyib: "Kömək Fonduna geniş səlahiyyətlərin verilməsini istəyərik ki, sabah məhkəmə prosesində fond hüquqi şəxs kimi dəymiş zərərin ödənilməsini tələb edə bilsin". Hüquqşünas zərərçəkmişlərin təmin olunması üçün müxtəlif üsullara əl atdıqlarını söyləyir: "Zərəçəkmişlərin əl rəsmlərini satışa qoyaraq gələn vəsaiti lazım olan ünvana xərcləmişik".
Qeyd edək ki, 2005-2013-cü illərin statistik nəticələrinə görə 371 şəxs bu cinayəti törədib. Cianyətkarların saxlanılması üçün bir günə görə 1855 manat dövlət büdcəsindən pul xərclənib. Bu illər ərzində 493 nəfərin insan alverinin qurbanı olduğu müəyyən edilib. Bu günədək insan alveri cinayətin qurbanına çevrilən şəxslər ayda 4 milyon 930 çin yardım alıb. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə isə hər il cinayətin qurbanı olan şəxslər üçün dövlət büdcəsindən 500 min ABŞ dolları məbləğində vəsait ayrılır.
Nigar Məhərrəm