Qarabağ müharibəsi veteranı polis və məhkəmə hakimlərinin oyununa gəlib
Asif Rüstəmov: “Pərvaz və Rüstəm Rüstəmovlar məhkəmədə qələbə çalacaqlarını əvvəlcədən bilirdilər…”
24 Aprel 2012 17:16 ProblemAprelin 24-də Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ müharibəsi veteranı Arif Rüstəmov mətbuat konfransı keçirdi. Bildirdi ki, erməni qəsbkarlarının doğma torpaqlarımıza hücumundan sonra Naxçıvan MR-nın Şərur rayonunun Kərki kəndindən məcburi köçkün düşüb. Bakı şəhəri Suraxanı rayon məcburi köçkünlər şöbəsində qeydiyyata düşəndən sonra Hövsan qəsəbəsində yaşayıb. Bir müddətdən sonra qızı üçün Hövsan qəsəbəsi Oktay Şabanov küçəsində yerləşən zibilliyi təmizləyərək orada 3 otaqlı ev tikib. Problem də evin tikilməsindən sonra başlanıb. Belə ki, ev hazır olandan sonra həmin ərazinin sahə müvəkkili Azər Nəsirov və Nərimanov rayon polis idarəsinin 17-ci polis bölməsinin baş əməliyyatçısı, hazırda narkotika satışı ilə əlaqədar həbsdə olan Nəbi Bayramovun başçılığı altında N.Bayramovun bacısının əri Pərvaz və onun oğlu Rüstəm Rüstəmovlar tərəfindən təhdidlərlə üzləşib. A.Rüstəmov deyir ki, Pərvaz və Rüstəm Rüstəmovlar evə gələrək həmin torpağın babalarına aid olduğunu iddia edib. Bunun müqabilində ondan 4 min manat məbləğındə pul tələb edib. Əlacsız qaldığından Rüstəmovların istədiyi məbləği onlara verdiyini qeyd edən A.Rüstəmov müəyyən zaman keçdikdən sonra Pərvaz və Rüstəm Rüstəmovların ondan yenidən pul tələb etdiyini bildirdi: "Pərvaz və Rüstəm Rüstəmovlar məndən pul tələb edəndə mən onlara 1000 ABŞ dolları məbləğində pul verdim. Lakin onlar bu pulu götürmədilər. Pulun azlığını bəhanə edib ərazidən uzaqlaşdılar. Bu hadisədən sonra polisə müraciət etməli oldum. Lakin elə bu zamanda Rüstəmovlar qızımın evinə basqın edib mənə, qızıma və oğlanlarıma biçaqla xəsarət yetirdi". Bütün baş verənlərlə bağlı Suraxanı rayon məhkəməsinə müraciət etdiyini bildirən A.Rüstəmov Məhkəmənin ədalətsiz qərar çıxardığını bildirdi: "Suraxanı rayon məhkəməsinin hakimi Mütəllim İsayev 13 aprel 2011-ci il tarixli hokmü ilə Pərvaz və Rüstəm Rüstəmovlara müvafiq olaraq CM-nin 221.2.1 və 221.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətində " azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ancaq əsassız olaraq CM-nin 70-ci maddəsi tətbiq edilərək cəzaları şərti hesab edilib". Suraxanı rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verdiklərini bildirən zərərçəkmiş Bakı Apeliyasiya Məhkəməsində də haqsızlıqlarla üzləşdiyini vurğuladı. Ümumilkdə məhkəmə prosesləri zamanı Pərvaz və Rüstəm Rüstəmovun hərəkətləri barəsində danışan zərərçəkmiş bildirdi ki, sözügedən şəxslər məhkəmədə qələbə çalacaqlarını daha öncədən biliblər. Tədbirdə çıxış edən vəkil Elçin Sadıqov bildirdi ki, məhkəmə proseslərində çıxarılan qərarlar zərərçəkmişi günahlı, günahlını isə günahsız duruma salıb. Vəkilin sözlərinə görə, Bakı Apeliasiya Məhkəməsində hakim Camal Ramazanov ciddi əsas olmadan bir neçə məhkəmə prosesini təxirə salıb. Sonradan isə hakimin verdiyi qərar sözün həqiqi mənasında gülüş doğurur: "Hakimin çıxardığı qərarda Rüstəmovlara cəza təyin edilməyib. Qərarda göstərilir ki, A.Rüstəmov Pərvaz və Rüstəm Rüstəmovla evin tikintisi zamanı şərikli addım atıb". Vəkil onu da qeyd etdi ki, məhkəmə instansiyalarında baş verən özbaşınalıqlar, çıxarılan ədalətsiz qərarlar daha ali instansiyalara müraciət etmək üçün zəmin yaradır.
Ədil