Vətəndaş nikahının təbliğinin pərdəarxası məqamları

Belə nikahlar Azərbaycanın ailə modelinin dağıdılmasına hesablanıb

Azərbaycanda qeyri-qanuni nikahların sayı artmaqda davam edir. Maraqlı məqam  ondan ibarətdir ki, qanunsuz nikahlar  cəmiyyətdə tam şəkildə də olmasa, müəyyən mənada qəbul edilməkdədir. Artıq heç kim belə ailələri qınamır, irad tutmur, bir çox qanunsuz ailələr isə özlərini daha çox xoşbəxt hiss etdiklərini dilə gətirirlər. Maraqlı məqam ondan ibarətdir ki, erkən nikahın qarşısını almaq məqsədilə qanunvericilikdə dəyişiklik edilərək qızların nikah yaşı artırıldı. Buna baxmayaraq erkən nikahlar elə hüquq mühafizə orqanlarının gözü qarşısında baş verir, belə nikaha daxil olanlar sırasında onların da yaxınları var və hətta qanun keşikçiləri belə toylarda əl götürüb oynamaqdan belə çəkinmirlər. Demək olar ki, erkən nikahlar respublikanın bütün regionlarında baş verir. Bakıətrafı kənd və qəsəbələrdə, eləcə də ölkənin şimal və cənub bölgələrində belə nikahların sayı kifayət qədər çoxdur. Statistik məlumata görə, hər il ölkədə təxminən yüz minə yaxın  nikah qeydə alınır ki, onlardan yalnız 60-70 faizi nikah müqaviləsi bağlayır. Nəticədə hər il  25-30  minə yaxın  uşaq qeyri-qanunu nikahdan dünyaya gəlir. Təkcə bu faktlar deməyə əsas verir ki, ölkədə qanunsuz nikahların sayı olduqca çoxdur və bu statistika durmadan artmaqda davam edir. Nəticədə Azərbaycanda vətəndaş nikahı ilə yaşamaq istəyənlərin sayı ilbəil artır. Vəziyyət o həddə çatıb ki, erkən nikahların sayının artmasının qarşısını almaq məqsədilə ölkənin təhsil naziri məktəblərdə araşdırma aparılması üçün xüsusi tapşırıq verib. Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu istiqamətdə müvafiq addımlar atmaqdadır.  Yeri gəlmişkən onu da qeyd edək ki, son vaxtlar vətəndaş nikahlarının üstünlüyü təbliğ olunmaqdadır ki, bu prosesin təhlükəli olması hamıya aydındır. Təəssüf ki, ailə həyatı ilə sevgi həyatını tərs salanlar vətəndaş nikahını təbliğ etməkdə davam edirlər. Burada söhbət ailənin qarşılıqlı sevgi üzərində qurulmamasından yox, ailə məsuliyyətindən yayınmaqdan gedir.  Əslində isə erkən nikahla vətəndaş nikahı tamamilə fərqli məsələlərdir. Hər ikisinin nikah müqaviləsinin olmamasına baxmayaraq bunun səbəbləri də müxtəlifdir. Adətən erkən nikahlar sadəcə sevgi hissi yaşamaq üçün deyil, kənar qüvvələrin təsiri olsa da belə ailə qurmaq üçün reallaşdırılır, lakin qızların yaş həddinin aşağı olması nikah müqaviləsinin bağlanmasına imkan vermir. Vətəndaş nikahlarında isə ailə, uşaq, gələcək nəsil üçün məsuliyyət məsələləri arxa plana keçir, müvəqqəti eyş-işrət yaşantısı gündəlik həyat tərzinə çevrilir. Məhz bu səbəbdən dünyaya gələn uşaqlar atalıq ala bilmir, soyadsız yaşamaq zorunda qalır, heç bir məsuliyyət daşımayan ata min bir bəhanə gətirərək aliment ödəməkdən  yayınır, küçələrdə qalmış ananın isə lazımi sənədləri olmadığından ünvanlı dövlət sosial yarım  almaq hüququndan məhrum olur.    

Məlumat üçün qeyd edək ki, ölkədə vətəndaş nikahlarınını sayının artması bir sıra səbəblərlə bağlıdır. Belə ki, cəmiyyətdə mövcud olan sosial problemlər qanunsuz nikahların sayının artmasına təsirsiz ötüşməyib. Bu baxımdan, Azərbaycanda qeyri-qanuni nikahları bir neçə kateqoriyaya bölmək mümkündür. Əvvəla onu qeyd edək ki, ölkə qanunvericiliyi çoxarvadlılığa icazə vermədiyindən adətən

belə ailələr gizli saxlanır. Belə ailələlərə heç nikah müqaviləsi də ehtiyac olmur, çünki onların bölünəsi əmlakları belə yoxdur. Digər kateqoriyadan olanlar erkən nikahlardır ki, belə hallarının sayının azalması qeyri-mümkündür. Çünki bəzi regionlarda hökm sürən ailə adət-ənənələri azyaşlı qızların ərə verilməsi üçün şərair yaradır. Həmçinin ailə qanunvericiliyindəki istisna hallar 16-17 yaşlı qızların da ailə qurmasına imkan yaradır. Məhz bu istisna hallarından sui-istifadə edən  valideynlər qızlarını elə 14 yaşında ərə verməyi üstün tuturlar. Hövbəti kateqoriya dini ənənələrlə  bağlıdır ki, bəzi dini cərəyanların daşıyıcıları molla kəbininə üstünlük verərək VVAQ orqanlarına üz tutmağa ehtiyac görmürlər. Etiraf edək ki, belə insanlar mənəvi baxımdan rahat olsalar da, cəmiyyətə inteqrasiya, xüsusən, sənədləşmə işlərində çətinlik çəkirlər. Bütün sadalananlara baxmayaraq, etiraf edilməlidir ki, qeyri-qanini nikahlar həm ailələrdə, həm də  cəmiyyətdə çoxsaylı problemlərin yaranması ilə nəticələnir.  Ekspertlərin fikrincə, ölkədə baş verən boşanmaların əksər hissəsini qeyri-qanunu nikahlar təşkil edir. Bu zaman isə ən çox itirən qadınlar olur. Çünki, qanunsuz nikahlarda qadınların hər hansı tələbi irəli sürmək üçün hüquqları məhdudlaşmış olur.

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31