Bərdədə mülk davası faciə ilə nəticələnib - PROBLEM

Məhkəmə hakimlərinin himayə etdiyi qadın ailəni yerlə-yeksan etmək istəyir

Azərbaycanda məhkəmə hakimlərinin ədalətsizliyi, qeyri-obyektiv qərarlar qəbul etməsi, məhkəmə hakiminin prosesdə tərəf kimi çıxış etməsi barədə şikayətlər səngimək bilmir. Düzdü, ölkənin məhkəmə sisteminin təkmilləşdirilməsi üçün neçə illərdir ki, ardıcıl və səmərəli nəticə verən addımlar atılır. Son illərdə məhkəmə sistemində onlarla qanunsuzluq edən hakimlər cəzalandırılır, töhmətlər verilib və ya hakimlik fəaliyyətinə xitam verilib. Lakin hələ də bu sahədə bəzi hakimlərin özbaşınalıqları qalmaqdadır. Bərdə şəhər sakini də elə bu cür hakim qanunsuzluğundan şikayətçidir. Bərdə şəhəri,  Gəncə küçəsi ev 81-də yaşayan Nadirova Şəkər Bayram qızı da redaksiyamıza ünvanladığı şikayət məktubunda bu cür özbaşınalığın qurbanı olduğunu, hakim ədalətsizliyindən hətta Azərbaycan vətəndaşlığından ailəlikcə imtina etdiyini bildirir. Şikayətçi bildirir ki,  o ailəsilə birlikdə 7 ildir ki özbaşınalıq qurbanı olub. Bu müddət ərzində hakim ədalətsizliyindən bezib. Hətta məhkəmə özbaşınalığı onun evində faciəyə də səbəb olub. Amma, buna baxmayaraq problem çözülmür.

7 illik mülk mübahisəsi mülkiyyətçinin intiharına səbəb olub

Şikayətçi yazır: "7 ildir ki, bizim ailəmiz  rüşvətxorluğa meyilli ədalətsiz hakimlərin qurbanına çevrilib. Bütün aidiyyati dövlət səviyyəli orqanlara müraciət edirik, lakin nəticəsi yoxdur. Qaynatam Quliyev Elman Qasım oğlu bu cür əcaibliklərə dözməyərək özünə qəsd etdi, qolunu doğradı, öldü. Öz qızı Quliyeva Gülayə Elman qızı 70 yaşında yer xəstəsi olan atası ilə anasını onların mülkünə bütöv yiyələnmək məqsədi ilə boşatdırdı. Atasını 6 il məhkəmələrdə süründürən, hətta  öləndən sonra 3 aylıq meyidini qəbirdən çıxaran, başını bədənindən ayırtdıran qız, atasının yas mərasimində iştirak etməyən ləyaqətsiz vərəsə Gülayə hakimlərin himayədarlığı nəticəsində atadan miras payını alıb".

Şikayətçi deyir ki, Gülayə atası sağ ikən evə köçmə ilə bağlı 6 ildir qüvvədə olan qətnaməni icra etdirməyib. Müəyyən havadarları sayəsində icradan yayınan qadın sonradan atası, qardaşı və onun ailəsinə qarşı digər iddia qaldıraraq evdə mülkiyyət hüququnun qanunsuz tanınmasına cəhd edib: "Indi isə həmin evdə mən, mənim həyat yoldaşım-Gülayənin doğma olan tək qardaşı Kərim Quliyev və qızımız və Gülayə yaşayırıq. Onun yaşamasına mane olan yoxdur. Sadəcə o bizimlə yaşaya-yaşaya mənim oğlum Elvini məhkəməyə verib ki, güya Elvin onu evə yaşamağa buraxmır, ona görə də o, tələb edir ki, anası Sayad bağışladığı hissəyə onun məcburi qaydada köçürülməsinə dair məhkəmə qətnamə çıxarsın. Halbuki Elvin babası Elmanın vəsiyyəti əsasında ona miras qalmış evin mərhum Elmana aid hissəsində yaşayır və Gülayənin evin Sayaddan ona qalma hissəsinə köçürülməsinə dair Elvinin heç bir aidiyyatı yoxdur, çünki evin həmin hissəsində mən, Kərim və qızım  yaşayırıq".

Qanunsuz vərəsə məhkəmə qərarını icradan yayınır

Şikayətçi deyir ki, məhkəmə qətnaməsinə əsasən Quliyeva Gülayə özünə aid hissəyə köçmək üçün qanuni vərəsə Elvin Quliyevə  8 min 433 manat tənasübsüzlük pulu ödəməlidir. Qətnaməyə görə, ödəmə ilə evə köçürülmə eyni vaxtda olmalıdır: "Lakin o və bacısı Südabə ləyaqətsiz vərəsə olsalar da hakimlərin sayəsində əldə etdikləri ataları Elmandan qalan miras paylarının Elvinə saxlanılması ilə Elvinə ödəniləsi 8 min 433 manatdan 5 min 833 manatının əvəzləşdirilməsini, ona isə 2 min 916 manat tənasübsüzlük pulunun ödənilməsini məhkəmə qətnaməsi əsasında rəsmiləşdirmək istəyirlər".

Şəkər Nadirova deyir ki, oğlu Elvin isə mülkiyyətçi kimi qarşılıqlı iddia qaldırıb, qətnamədə ona çatası 11min 667 (17500 manat - 5833 manat) manat pulun Gülayə və Südabə bacıları tərəfindən ona ödənilməsini və bunun nəticəsi kimi özünün mülkiyyət hüququndan onların xeyrinə umtina etməsini tələb edir. Bərdə rayon məhkəməsinin hakimi Mahir Bayramovun sədrliyi ilə keçirilən prosesdə Gülayənin iddiası və Elvinin qarşılıqlı iddia tələbi qanuni əsaslarla araşdırılıb və rədd edilib: "Bu haqq öz yerini ona görə tapdı ki, Gülayənin himayədarının yerlisi Bərdə rayonunun hakimi, İbrahim Fəttahov bizim məhkəmə qətnaməmiz çıxarılan anda məzuniyyətdə olub. Ona görə də Gülayə Bərdədə sonuncu məhkəmə iclasına gəlmədi ki, onsuz da burada sözü keçməyəcək, haqq qalib gələcək, qanun işləyəcək. Məhkəmə qətnaməsini aldıqdan sonra Gülayə mənə dedi ki, onsuz da Gəncə Apellyasiya Məhkəməsində onun himayədarının yerlisi Əsədulla Rüstəmov əvvəllər olduğu kimi pul alıb onun xeyrinə qətnamə çıxaracaq".

Qarşı tərəf ailəni Gəncə  Appellyasiya Məhkəməsi ilə qorxudur

Bundan ehtiyatlanan şikayətçi redaksiyamıza müraciət edərək məhkəmə hakimlərinin qərəzli mövqe nümayiş etdirəcəyindən qorxduğunu deyir: "Prezidentimizin dəfələrlə televiziya ilə dövlət məmurlarına verdiyi tapşırığını eşitmişəm ki, vətəndaşları incitməyin. Bəzi hakimlər Azərbaycanın qanunlarına yox, tamah məqsədi ilə şəxsi marağa  işləyirlər. 7 ildir biz ayaqlanırıq. Bizim işimiz buna sübutdur.  Hakimlər bizim ailəni məcburi cinayətə aparır. Azərbaycanın qanunları bizim ailəyə aid deyilmi? Mülkiyyətçinin ona düşən tam payını qarşı tərəfdən tələb etmək hüququ var. Niyə bu qanun bizim ailəyə şamil edilmir?"            Şəkər Nadirova deyir ki, qətnamə ləğv ediləcəyi təqdirdə o ailəsilə birlikdə Azərbaycan vətəndaşlığından imtina edəcək: "Əgər Gəncə Apellyasiya Məhkəməsi tərəfindən keçirilən prosesdə yenidən qanunsuzluğla, ədalətsizliklə üzləşsək, mənim oğlum Elvinin hüquqları müdafiə olunmasa, həmişəki kimi şəxsi maraq üstə, birtərəfli iş getsə bizə belə vətəndə yaşamaq lazım deyil. Xahiş edirəm səlahiyyətli orqanlardan arayış tələb edılsin  ki, pulsuzların, yüksək vəzifəli adamı olmayanların bu ölkədə yaşamağa haqqı yoxdur. Öz ölkəmdə belə faciələrlə, haqsızlıqlarla yaşamağa dözə bilmirəm. Mənim qaynatamın faciəli ölümü gözümün qarşısında oldu. Ona görə mən gənc oğlumun, həyat yoldaşımın məcburi cinayətkar olmasına yol verməyəcəm. Əks təqdirdə mən bütün xarici dövlət səfirliklərinə müraciət edib ailəlikcə orda yaşamağıma sığınacaq istəyəcəm.

Hörmətli Prezidentimizə və aidiyyatı bütün orqanlara müraciət edirəm, qəbulda da olmuşam, lakin heç bir nəticə yoxdur".

Məmur ədalətsizliyindən bezən şikayətçi son anda problemin ictimailəşməsini istəyir, "OLAYLAR" qəzeti və ölkənin digər aparıcı media orqanlarından yardım istəyir: "Mən ümüd yeri sizi bilib, müraciət edirəm, yalvarıram bir olan Allahın xatirinə mənə köməklik edin.Ailəmizdə faciə yaşanmasına imkan verməyin! 11 sentyabr saat 1430-da Gəncə Apellyasiya məhkəməsinin hakimi Fikrət Mehdiyevin sədriliyi ilə növbəti məhkəmə prosesi keçiriləcək".

Samir Əli

bs

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31