Özbaşınalıq, məsuliyyətsizlik və laqeydlik
9 Mart 2023 15:35 ProblemAbşeron suvarma kanalındakı acınacaqlı durum barədə
Bir vaxtlar( elə indi də) Bakı şəhərinin əhalisini əsas kənd təsərrüfatı məhsulları ilə təmin edən Abşeron rayonunun kənd təsərrüfatı müəssisələrinin və bağlar təsərrüfatlarının suvarma suyu ilə təminatında müstəsna rol oynayan, eləcə də dolayısı ilə Abşeron yarımadasının ekologiyasının və bioloji müxtəlifliyinin qorunmasında mühüm əhəmiyyət kəsb edən Abşeron magistral suvarma kanalı hazırda son dərəcə acınacaqlı vəziyyətdədir. Keçən əsrin 40-cı illərində çəkilmiş, məşhur Samur- Abşeron kanalının davamı olan, mənbəyini Ceyranbatan su anbarından götürərək bütün yarımadanı dolaşan və Gürgan qəsəbəsində Xəzərə tökülən bu kanalın üzunluğu 72 km-dir. Əvvəllər olduğu kimi, kanal indi də Abşeron yarımadasında fərdi bağ və fermer təsərrüfatlarının, yeni yaradılmış zeytun, əncir, badam, üzüm plantasiyalarının, eləcə də yüz hektarlarla yeni salınmış yaşıllıq zolaqlarının suvarılmasında əsas su məmbəyidir. Qeyd etmək lazımdır ki, kanalın təyinatı üzrə müstəsna əhəmiyyəti nəzərə alınaraq, ölkə başçısının tapşırığına əsasən su itkisinin, yarımadada torpaqların şoranlaşmasının, kanalın yatağında və ətrafında gölməçələrin yaranmasının və bataqlıqlaşmanın qarşısını almaq məqsədilə bir neçə il bundan əvvəl kanalın yatağı beton örtüyə alınmışdır.
Hələ, kanal beton əsasa alınmamışdan əvvəl, əsasən Novxanı, Goradıl və digər yaşayış məntəqələrindəki, kanal ətrafında yerləşən bağ evlərində əmələ gələn çirkab və məişət tullantı suları kanala axıdılırdı. Eyni zamanda əhali tərəfindən bərk məişət tullantıları, müxtəlif plastik qablar, heyvan mənşəəli tullantılar da kanala atılır və burada eybəcər bir mənzərə yaradırdı.
Kanal beton yatağa alınan zaman hesab etmək olardı ki, iş prosesində kanal boyu çirkab və tullantı sularını axıtmaq üçün quraşdırılmış borular ləğv ediləcək və bu prosesin qarşısı alınacaqdır. Təssüf ki, belə olmamış, əksinə bu tipli axıntıların sayı çoxlmışdır.
Indi mövsümlə əlaqədar olaraq kanala su buraxılışı dayandırılmışdır.
Lakin kanalda xeyli miqdarda axıntı var . Özü də çikab və tullantı sular axıntısı. Kanalda su olmadığından, müxtəlif ölçülü borularla kanala yüzlərlə mənbəədən çirkab və tullantı suların axıdılması aydın müşahidə olunur və bu hal eybəcər mənzərə yaradır. Fərdi bağ sahiblərnin bu özbaşınalığının qarşısı heç kim tərəfindən alınmır və sanki bu elə belə də olmalıdır. Belə bir təəssürat yaranır ki, bu eybəcərliyi yaradan bizim millətin nümayəndələri deyil. İnsan öz xalqına və millətinə də belə bir ziyanverici münasibət bəsləyə bilərmi?
Təbii ki, Suvarma kanalını İstismar edən qurumlar müvcuddur. Bu, istər Melorasiya və Su Təsərrüfatı ASC olsun, istər onun tabeliyindəki Samur-Abşeron Kanalı İstismar idarəsi və ya başqa bir qurumu. Məgər bu qədər də məsuliyyətsilik, əhalinin bu özbaşınalığına qarşı bu qədər də laqeydlik olar?
Sözsüz ki, bu işlərə nəzarət edən təşkilatlar da vardır. Düşünürəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin,Yerli İcra Hakimiyyəti orqanlarının aidiyyatı strukturları bu sıradan olan nəzarətedici orqanların tam olmayan siyahısıdır. Bu laqeyidlik dözülməzdir.
P.S. Bu yazını hyazırlayanda internet mənbəələrə müraciət etdim və bu kanalla bağlı maraqlı bir həyacan təbilinə rast gəldim. Bir il budan əvvələ "Yerli Vətəndaş Hüquqlarının Müdafiəsi Təşəbbüs Qrupu"adlı təşkilat kanalın antisanitariya vıziiyətini əks etdirən "Kanalizasiya sularını daşıyan Samur-Abşeron Kanalı" adlı videoçəkiliş aparmış, kanalın möcud vəziyyəti barədə reportaj hazırlamış və Youtube kanalında yerləşdirmişdir. Təəssüf ki, həmin reportajın yayımından bir il keçməsinə baxmayaraq heç nə dəyişməmişdir. Hesab edirəm ki, "Olaylar"ın müdaxiləsindən sonra bu özbaşınalığa, məsuliyyətsizliyə və laqeydliyə son qoyulacaq.
Ramiz Göyüş
Publisist, müstəqil araşdırıcı