“Binə” Ticarət Mərkəzinin sökülməsi aldadılan sahibkarları yenidən ayağa qaldırdı
1 Avqust 2013 17:03 Problem"Binə" ticarət mərkəzinin bir hissəsinin sökülməsi bazarda ticarətlə məşğul olan sahibkarların narahatçılığına səbəb olub. Ticarət mərkəzinin 4 sırasının söküləcəyi xəbəri sahibkarlar arasında çaxnaşma yaradıb.
Xatırladaq ki, Xocahəsənə gedən ikinci dairəvi yolun "Binə" ticarət mərkəzinin içindən keçəcəyi barədə məlumatlar yayılıb. Bu məqsədlə də yolun tikintisi üçün həmin bazarın 4 sırası sökülməlidir. Məlumata görə həmin yolla bağlı plan təsdiqlənib və bir neçə gündən sonra işə başlanılacaq.Məsələ burasındadır ki, Kəbirə Məmmədova ticarət mərkəzinin birinci dörd sırasının yerləşdiyi ərazinin ikinci dairəvi yolun tikintisinə aid olduğunu əvvəlcədən bilsə də həmin ərazini zəbt edib və küllü miqdarda vəsaitə sahibkarlara satıb. Mənbə bildirir ki, Kəbirə Məmmədova birinci dörd sıra söküləcəyi təqdirdə sahibkarların pulunu qaytarmayacaq.Xatırladaq ki, bir müddət əvvəl "Olaylar" qəzeti ikinci dairəvi yolun tikintisinin məhz bu əraziyə düşəcəyini qeyd etmişdi.
Məlumat yayılandan sonra sahibkarlar həmin sıralarla bağlı "Binə" ticarət mərkəzinə müraciət edib və hüquqlarının bərpasını tələb ediblər. Bunu redaksiyamıza "Binə"dəki sahibkarlar məlumat verib. Sahibkarlar deyirlər ki, "Binə" Ticarət Mərkəzi inşa olunanda bu barədə söhbət gedib. Lakin, ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova sahibkarları aldadaraq Bakı 2-ci Dairəvi Yolun layihəsinin dəyişdirildiyini, yolun "Binə" Ticarət Mərkəzinin 50-70 metrliyindən tikiləcəyini bildirib. Buna inanan sahibkarlar da həmin sıralarda yer almağa başlayıblar: "İndi də deyirlər ki, söküləcək. Biz bilmirik neynəyək? Kəbirə Məmmədova bizi aldadıb pulumuzu alıb, indi yenə yalan danışır. Biz nə edək, bilmirik?"
Kəbirə Məmmədova aradan çıxıb?
Sahibkarlar deyirlər ki, bu barədə məlumat yayılandan Kəbirə Məmmədova ticarət mərkəzinə gəlmir. Qadın "bazarkom" hara gedib bilinmir. Sahibkarlar məsələ ilə bağlı Kəbirə Məmmədova ilə görüşmək istəyib. Məlum olub ki, o hadisə ilə bağlı aradan çıxıb: "Bizə birinci gün dedilər ki, guya Kəbirə Məmmədova İsmayıllıda bazar açır, ora gedib. Guya səhərigün qayıtmalı idi. Amma, bir neçə gündür ki ümumiyyətlə bazara gəlmir. Bizi burda onun müavini Dilşad Əliyeva qəbul edir, O da deyir ki, guya mərkəzdə heç bir yer sökülməyəcək. İndi də Dilşad bizi aldadır. Özü də deyir ki, məsələ ilə bağlı heç kim narazılıq etməsin, narazılıq edənlər bazardan qovulacaq".
Sahibkarlar nəzarətə götürüldü
Sahibkarlar deyirlər ki, artıq həmin sıralardakı sahibkarlar ticarət mərkəzinin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Hazırda həmin sahibkarların bir yerə toplaşmasına mane olurlar: "Kəbirə Məmmədovanın göstərişi ilə bizi nəzarətə götürüblər. Bilirlər ki, nəsə çaxnaşma olacaq. Ona görə də, indi bizi elə-belə söhbət etməyə də imkan vermitrlər. Ticarət mərkəzinin qoçuları o saat gəlib dayanırlar başımızın üstündə ki, kim nəsə bu barədəı danışsa, onu susdursunlar. Kəbirə sahibkarları əməlli-başlı sıxışdırır. Deyirlər ki, guya sıralar sökülməyəcək, amma, yuxarılardan bu barədə göstəriş gəldiyini bilirik. Bilirik ki, Kəbirə Məmmədova yenə əvvəlki kimi yalan danışır. Dairəvi yolun tikintisi dövlət əhəmiyyətli layihədir, Kəbirə bu layihəni heç cür dəyişdirə bilməz. Bu barədə əvvəl də Kəbirə Məmmədovaya xəbərdarlıq olunmuşdu. Amma, yolun tikintisinin nə vaxt başlanacağı məlum olmadığından Kəbirə Məmmədova müəyyən himayədarlarının hesabına həmin ərazini zəbt elədi və orada 4 sıra artırdı. Həmin sıraları isə Kəbirə Məmmədova ən çox alver gedən sıraya çevirdi. Biz də həmin sıradan inanıb mağazalar aldıq. İndi də belə oldu".
Kəbirə yenə sahibkarları aldadır
Sahibkarlar deyirlər ki, bu barədə artıq "Binə" Ticarət Mərkəzinin rəhbərinə məlumat verilib və bildirilib ki, həmin sıralar tezliklə sökülməlidir. Artıq sentyabr ayında Bakı Dairəvi Yolunun tikintisinə başlanacağı da bildirilir. Ona görə də yaxın vaxtlar da bazarın bir hissəsi söküləcək. Məlumata görə, Kəbirə Məmmədova əvvəlcə sıraların sökülməməsinə cəhd edib və bunun üçün bütün əlaqələrindən istifadə edib. Amma, bu cəhdləri baş tutmadığından məlumatı gizli saxlayıb. Sahibkarlar mətbuatdan bu barədə məlumat alandan sonra isə Kəbirə Məmmədova bazara gələ bilməyib. Bazarda onunla sahibkarlar arasında qarşıdurma yaranacağını zənn edən bazar müdiri ticarətçilərdən qaçmağa qərar verib. Hazırda onun Azərbaycanı tərk etdiyi bildirilir. Çarəsiz qalan sahibkarlar dərdlərini deməyə yer tapmırlar. Əvvəlcə Kəbirə Məmmədovanın müavini Dilşad Əliyeva ilə görüşən sahibkarlar sonradan yenidən aksiya keçirmək qərarı veriblər. Sahibkarlar deyirlər ki, onlar yenidən aksiya keçirməsələr, Kəbirə Məmmədova onlara dəymiş ziyanı ödəməyəcək: "Bu şəxs aksiya olmasa bizə heç nə verməcək. Çünki bu vaxta qədər nə yanan yerlərə görə, nə dağılan mağazalara görə, heç bir sahibkara kompensasiya verilməyib. Bu da elə olacaq. Səsimizi çıxarmasaq, bizə heç kim nə mağaza verəcək, nə pul. Yenə ziyan çəkən biz olacağıq. Kəbirə Məmməıdova burda heç nə itirməyib. Çünki, oradakı mağaza və köşklərin hamısını sahibkarlara satıb, artıqlaması ilə xərcini çıxarıb. Biz isə verdiyimiz pulun heç dörddə birini çıxarmamışıq. Mağazalarımız sökülsə, biz hamımız ailəliklə acından öləcəyik".
Samir