Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində məmur özbaşınalığı
Mərkəzin məsul işçisi Rüstəm Baxşıyev vətəndaşlara divan tutur
17 İyul 2013 16:40 ProblemSon vaxtlar əmək və əhalinin sosial müdafiəsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi vətəndaşlara diqqətin artırılması ilə nəticələnir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahəyə göstərdiyi diqqət nəticəsində mərkəzdə və yerlərdə vətəndaşların süründürməçiliyinə yol verən şəxslər ciddi cəzalandırılıb, bu sahədə özbaşınalıq edənlər hətta məsuliyyətə də cəlb edilib. Görülən tədbirlər nəticəsində vətəndaşlara diqqət artırılsa da, bəzi yerlərdə hələ də qanunsuzluq edən məmurlar qalmaqdadır.
Başçısını itirən ailənin pulu necə mənimsənilir
Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində də bu cür məmurlar qalmaqdadır. Mərkəzdə bəzi məsul şəxslər vətəndaşları süründürməçiliyə salır, onları bezdirir, insanlığa sığmayan hərəkətlər edir. Adıçəkilən mərkəzdə bu cür özbaşınalıqlardan biri ilə də elə mən özüm rastlaşdım. Özü də çox biabırçı vəziyyətdə. Bəli, bu mərkəzdə mənim rastlaşdığım özbaşınalığın dərəcəsini də deməyə çətinlik çəkirəm. Hətta burada mərkəz rəhbəri olmayan adi bir işçinin fironluq etməsi məni dəhşətə gətirdi. Hadisə belə olub. Bu il may ayının 31-də yaxın qohumum qəfil dünyasını dəyişdi və 4 azyaşlı övlad həyat yoldaşı və xəstə bacısı başsız qaldı. Bu barədə iyun ayının 1-də, yəni hadisədən 1 gün sonra Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etdim və ailə başçısını itirdiyi üçün ailəyə aylıq müavinətin təyin edilməsini xahiş etdik.
Mərkəz rəhbəri Rüstəm Baxşıyevin fırıldağına necə don geyindirir
Düzdür, mərkəzin rəhbəri faciəli hadisədən kədərləndi, mənə başsağlığı verdi və dərhal müavinətin təyin edilməsi üçün işlərin sürətləndirilməsi barədə mərkəzin işçisi Rüstəm Baxşıyevə göstəriş verdi. Mənim yanımda mərkəz rəhvəri Rüstəm Baxşıyevə tapşırdı ki, sənədlər iyulun 3-dək hazırlanmalı və aylıq hesabata əlavə olunmalıdır. Çünki, mərhum may ayında dünyasını dəyişdiyi üçün onun ailəsinə müavinət iyun ayından təyin edilməlidir. Bu qanunvericilikdə belədir və mərkəz rəhbəri də qanunauyğun tapşırıq verdi. Həmin Rüstəm Baxşıyev adlı şəxs də rəisə "baş üstə" deyib məni və rəisini arxayın elədi. Rəis məndən xahiş elədi ki, müavinətin təyin edilməsi üçün lazım olan sənədləri iyunun 3-nə kimi Rüstəm Baxşıyevə təqdim edim ki, sənədləşmə gecikməsin. Mən də öz növbəmdə həmin sənədləri yığıb iyunun 2-də, yəni rəis dediyi vaxtdan bir gün əvvəl hazırlayıb Rüstəm Baxşıyevə təqdim etdim. Rüstəm Baxşıyev əvvəlcə məsuliyyətsiz halda sənədləri qəbul etdi və sənədlərə gələn ay baxacağını bildirdi. Ona xatırlatdım ki, mərkəzin rəhbəri, yəni onun rəisi sənədlərin tezləsdirilməsini tapşırıb. Bundan sonra Rüstəm Baxşıyev sənədləri götürüb başı ilə guya sənədləri tezləşdirəcəyini bildirdi. Mərkəz rəhbəri bildirdi ki, təxminən 10 gün müddətinə ailəyə təyin olunan müavinət kartı Azərbaycan Beynəlxalq Bankının Ağsu rayon şöbəsinə göndəriləcək və kart həmin bankdan ailəyə veriləcək.
10 günlük iş 50 gündür düzəlmir
10 gündən sonra mərkəzə yenidən müraciət etdim. Mərkəz rəhbəri bildirdi ki, bəs sənədlər həmin gün həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib, həm də Azərbaycan Beynəlxalq Bankına kart sifariş verilib. Dedi ki, artıq kart Azərbaycan Beynəlxalq Bankındadır və onu bankın Ağsu rayon şöbəsindən təhvil almalıyıq. Rəislə sağollaşıb Azərbaycan Beynəlxalq Bankının Ağsu rayon şöbəsinə müraciət etdim. Bankdan bildirdilər ki, müavinət kartı hələ onlara daxil olmayıb. Düşündüm ki, yəqin bank əməliyyatlarında baş verən hansısa problemdən kart bir neçə gün gecikir və həmin müddəti də gözlədim. Təxminən 5 gün sonra yenidən Azərbaycan Beynəlxalq Bankının Ağsu rayon şöbəsinə müraciət etdim. Bankdan bildirdilər ki, prosesdə hansısa ləngimələr olub ki, kart bu qədər gecikib. Məsələ ilə bağlı yenidən Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etdim ki, sənədləşmədə hansısa problem yarandığından banka kart daxil olmayıb. Mərkəz rəhbəri yenidən həmin Rüstəm Baxşıyevi çağırıb məsələ ilə bağlı maraqlandı. Rüstəm Baxşıyev bildirdi ki, guya o sənədləri həmin gün nazirliyə təqdim edib və banka sifariş verilib.
ƏƏSMM rəhbəri 10 günə məmur sifəti aldı
Bundan sonra mərkəz rəhbəri məni yenidən banka göndərdi. Bankdan bildirdilər ki, onların sistemində hansısa bir problemin olması barədə şöbəyə məlumat verilməyib. Bank işçiləri xahiş etdilər ki, bir neçə gün də gözləyək. Mən də xahişi nəzərə alıb yenidən gözləmək qərarına gəldim. Hadisədən sonra düz 40 gün Azərbaycan Beynəlxalq Bankın Ağsu rayon şöbəsi ilə Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yolunda qaldıq. İmkan olanda özüm, olmayanda rayondakı qohumlarım bu iki qurumu hər gün "ziyarət" etdilər. Amma, nə sənədlərdən xəbər çıxdı, nə də kartdan.
Səviyyənə Şükür, Əliyunis müəllim!
Nəhayət, hadisədən 40 gün sonra məsələ ilə bağlı yenidən maraqlanmaq üçün mərkəzin rəhbərinin qəbulunda oldum. Mərkəz rəhbəri Əliyunus adlı şəxs məni əsəbi halda qarşılayaraq banka müraciət etməyimi bildirdi. Rəis sanki bu vaxta qədər mənimlə normal danışan şəxs deyildi. 10 günün içərisində mərkəz rəisi tamamilə dəyişib əsl harın məmur sifəti almışdı. Əsəbi halda mərkəzin həyətində mənim üstümə qışqıraraq "Sənədləri vermişik gedib da, nədi hər gün qaçırsınız üstümə? Gedin bankdan alın kartınızı, çıxın gedin. Mən sizin üçün kart alanam?" deyib məndən uzaqlaşdı. "Səviyyənə şükür" deyib rəisdən aralandım və yenidən banka yollandım. Bankın rəhbərliyindən xahiş etdim ki, məsələni ciddi araşdırsın və kartın bu vaxta qədər niyə banka daxil olmamasının səbəblərini aydınlaşdırsın. Bank rəhbərliyi xahişimi nəzərə alıb kart barədə araşdırma apardı və...
Rüstəm Baxşıyev mərkəz rəhbərinə necə fırıldaq gəlir?
Və məlum oldu ki, hadisədən 40 gün küçməsinə baxmayaraq, Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən onlara belə bir kart sifariş verilməyib və ailə başçısını itirmək haqqında toplanmış sənədlər onlara göndərilməyib. Heç bir sifariş daxil olmadığı üçün də Azərbaycan Beynəlxalq Bankı kart istehsal etməyib.
Məsələni tam dəqiqləşdirəndən sonra bank rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə telefon əlaqəsi saxladı. Mərkəzin baş mühasibi bildirdi ki, bu barədə onlar sifariş verməyiblər. Bundan sonra dərhal mərkəzə qayıdıb qurumun rəisi Əliyunis müəllimlə yenidən görüşdüm və bu barədə ona məlumat verdim. Əliyunis müəllim əvvəlcə"ola bilməz, necə yəni göndərilməyib" desə də, sonradan özbaşınalığının üstünü açıldığını görüb dərhal Rüstəm Baxşıyevə zəng vurdu. Rəis telefonda Rüstəm Baxşıyevə" Ay Rüstəm, bəs deyirsən sənədləri göndərmişəm? Vətəndaş deyir ki sənədlər göndərilməyib, dur gəl idarəyə sənədləri axtar tap göndər" dedi və dərhal avtomobilinə əyləşib hadisə yerindən qaçdı.
Rəisin hərəkətlərindən belə çıxdı ki, o özü də məsələdən məlumatlıdır və sənədləri müəyyən maraqlarına görə saxlayıb.
Rüstəm Baxşıyev: "Nazirə demirsən lap get Prezident Aparatına de"
Təxminən 15-20 dəqiqədən sonra Rüstəm Baxşıyev adlı şəxs mərkəzə gəlib mənimlə əsəbi halda danışmağa başladı. Sanki, priosesdə mən günahkaram, bu yox. Ondan soruşdum ki, 40 gündür ki, bizi banka göndərməklə başımızı aldatmısınız, sənədləri niyə göndərməmisiniz? Rüstəm Baxşıyevin mənə dediklərini əlavə şərh vermədən oxuculara təqdim edirəm: "Sən vobşe kimsən, nə istəyirsən? Demişəmsə onda göndərmişəm da. Elə bil nazirlikdən-zaddan gəlmisən, nə tələb edirsən məndən? Mən öz işimi yaxşı bilirəm, mənə ağıl öyrətmə, dayan çöldə, baxım görüm nə məsələdi".
Rüstəm Baxşıyevin məmura yaraşmayan, bu cür səviyyəsiz cavabından sonra kabinetdən çıxıb gözlədim. O otağında sənədləri vərəqləyib "Yoxdu, göndərmişəm, get bankdan tələb elə" deyib otağından çıxdı. Mən isə ona bildirdim ki, mərkəzin baş mühasibi banka məlumat verib ki, sənədlər heç bir yerə göndərilməyib, kart sifariş verilməyib.
Bundan sonra həmin şəxs yenidən mühasibin yanına gedib sənədləri ondan soruşdu. Mühasib bildirdi ki, həqiqətən də o banka kart sifariş verməyib. Çarəsiz qalan Rüstəm Baxşıyev sənədləri yenidən vərəqlədi və məlum oldu ki, sənədlər onun səhlənkarlığından göndərilməyib. Bu vaxt isə o " Yeri get, gələn ay göndərərəm" deyib qapını bağladı. Ona bildirdim ki, səhlənkarlığı barədə yuxarı təşkilatlara müraciət edəcəm. O isə əsəbi gülüşlə" Get hara istəyirsən şikayət elə. Nazirliyə yox e, lap Prezident Aparatına de. Yaxşı eləyirəm, mənim işimi mənə məcburi gördürə bilməzsən. Bura mən təyin olunmuşam, mən də bildiyim kimi hərəkət edəcəm. Heç kimdən də qorxmuram. Burda öz xoşuma oturmamışam ki məni kiminləsə qorxudasan. Mən sifarişlə, tələblə işləmirəm, cavan oğlan. Sənin kimi çox oğlanlar xod gedib, amma axırda yenə mənə yalvarıblar".
"Get İlham müəllim sənin işini həll etsin, o kimdi ki sən ona məndən şikayət edirsən"
Rüstəm Baxşıyevin bu özbaşınalığına dözməyib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri İlham Məmmədliyə zəng vurub məsələ ilə bağlı məlumat verdim. İlham Məmmədli dərhal məsələni araşdırıb mənə məlumat verəcəyini bildirdi.
Elə bu vaxt Rüstəm Baxşıyev mənə yaxınlaşıb: "Zəng vurdun, rahatlaşdın? İndi get həmin danışdığın İlham müəllim sənin işini həll etsin, görüm bu şəxs kimdi ki sən ona məndən şikayət edirsən" deyib qapını örtdü və yoxa çıxdı.
Təxminən 10 dəqiqədən sonra Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində çaxnaşma düşdü. Bayaq mənə ağız büzüb idarədən çıxıb gedən mərkəz rəisi 10 dəqiqədən sonra tələsik idarəyə gəlib mənim verdiyim sənədləri axtarmağa başladı. Məlum oldu ki, İlham müəllim rəisə zəng vurub və məsələnin araşdırılmasını tapşırıb ki, bunlar bu cür əl-ayağa düşüblər.
Bəli, mərkəzdə mən bu cür özbaşınalıqla rastlaşdım və hələ də problem həll edilməyib. Amma, inanıram ki, əmək və əhalinin sosial müdafiəsi naziri cənab Füzuli Ələkbərov məsələnin ciddi araşdırılmasına göstəriş verəcək və Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindəki bu cür özbaşına məmurlar barədə ciddi ölçü götürəcək.
Samir Əli