Zorla ərə verilən 11 yaşlı qız: "İnsan olmaq istəyirəm"

Yəməndə ailəsi tərəfindən zorla ərə verildiyi üçün evdən qaçan 11 yaşlı qızla bağlı qalmaqal qopub.
Milli.Az AA-ya istinadən bildirir ki, Səudiyyə Ərəbistanında yaşayan bir yəmənli 5-ci sinifdə oxuyan Nəda əl Əhdala elçi düşmüşdü. Qızın valideynləri "hə" deyiblər və balaca Nədanın nişanı olub.
Ertəsi gün isə 11 yaşlı Nəda yaşadıqları kənddən qaçıb, avtobusa oturaraq 250 km aralıdakı paytaxt Sənada yaşayan dayısının yanına yollanıb.
İki gün sonra Nədanın valideynləri Sənaya yollanıblar və qızı dayısının əlindən alaraq başqa evə aparıblar.
Qızın atası bildirib ki, 4 gün sonra toy olacaq.
Nəda yenidən dayısının yanına qaçıb.
Belədə qızın valideynləri polisə şikayətlənərək "Nədanı dayısı oğurlayıb" deyiblər.
Qızın dayısı Əbdussəlam əl Əhdal bundan xəbər tutan kimi polisə yollanıb, bacısının sonbeşiyi Nədanın valideynləri tərəfindən zorla ərə verildiyini deyib.
Polis də Nədanı Hüdeydə şəhərindəki böyük bacısının evinə yollayıb.
Qızın mütləq şəkildə ərə veriləcəyini anlayan Əbdüssəlam balaca Nədanı Sənadakı insan haqlarının müdafiəsi təşkilatlarından birinin ofisinə aparıb.
Sonucda Yəmən Daxili İşlər Nazirliyi nəzdindəki Ailə Mühafizəsi idarəsi qızın problemləri ilə maraqlanıb və istintaqa başlayıb.
Məhkəmə olub, Nədanın ata-anası valideynlik hüquqlarından məhrum olunub, qız da dayısına verilib.

"Atamla anam məni zorla ərə vermək istədilər. Mən istəmirəm. İnsan olmaq istəyirəm. Əl çəksinlər məndən, uşaqlığımı yaşamaq istəyirəm", - Nəda deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31