Azadlıq prospektindəki işıqfor sakinlərin rahatçılığını əlindən alıb
Sakinlər hər gün ölüm təhlükəsilə üzləşirlər
15 İyul 2013 14:48 ProblemAzadlıq prospektindən Yusif Vəzir Çəmənzəminli küçəsinə dönən yolda quraşdırılan işıqfor sakinlərin rahatçılığını əlindən alıb. Hazırda sakinlər işə, məktəbə, xəstəxanaya getmək üçün böyük bir maneəni dəf etmək zorunda qalıblar. Hələ gün ərzində dükan-bazara bir neçə dəfə getməli olan sakinləri demirik. Azadlıq prospekti 149, mənzil 93 ünvanda yaşayan Sevil Süleymanova redaksiyamıza müraciət edərək bildirib ki, sözügüdən ünvanda demək olar ki, hər gün sakinlərin həyatı üçün təhlükəli anlar yaşanır. Mövcud vəziyyətlə əlaqədar aidiyyati orqanlara dəfələrlə müraciət edilməsinə baxmayaraq lazımi tədbir görülməyib. Dövlət Yol Polisi, siqnal və işıqfor idarələri vətəndaşın müraciətinə baxaraq müvafiq tədbir görmək əvəzinə ötür-ötür oyunu oynayırlar. Belə ki, sözügedən idarələrdən bildirilib ki, işıqforun harada və hansı qaydada quraşdırılması ilə bağlı onlara belə göstəriş verilib. Lakin göstərişin hansı orqan və hansı vəzifəli şəxs tərəfindən verilməsi sirr olaraq saxlanır. S. Süleymanova bildirib ki, əvvəllər həmin işıqfor normal vəziyyətdə işləyib. Artıq bir ilə yaxındır ki, işıqfor fasiləsiz olaraq birtərəfli qaydada işləyir. Yəni işıqfor yalnız əks istiqamət üçün işlədiyindən sakinlər yolu keçməkdən ötrü həyatlarını təhlükə altına atmalı olurlar. Ərazidə piyada keçidi üçün zolaqlar olmadığından vətəndaşların yolu keçmələri qalıb sürücülərin vicdanına. Əgər sürücü xoş xasiyyətli olsa, insanların yolu keçməsi üçün şərait yaradır, əks halda saatlarla dayanıb keçid üçün məqam gözləmək lazım gəlir. Onun sözlərinə görə, bu ərazidə dəfələrlə insanların həyatı üçün təhlükəli anlar yaşanıb. Xüsusilə, məktəb vaxtlarında uşaqlar maşınların arası ilə yolu keçməli olurlar. Bu isə insan həyatı üçün olduqca təhlükəli vəziyyət yaradır: "Sürücülərin hamısı eyni xasiyyətli deyil. Biri uşaqlara yol verəndə digəri maşını daha da sürətlə idarə edir. Azadlıq prospektindən Yusif Vəzir Çəmənzəminli küçəsinə keçid o qədər təhlükəlidir ki, siniflərdə oxuyan şagirdlər valideynsiz məktəbə gedə bilmirlər. Lakin bu da sakinləri həmin ərazidə hansısa bədbəxt hadisənin baş verəcəyindən sığortalamır". Məlumat üçün qeyd edək ki, bu ərazidən təkcə orada yaşayan sakinlər deyil, gün ərzində minlərlə şəhər sakini istifadə etmək məcburiyyətindədir. Vəziyyət o dərəcədə acınacaqlıdır ki, hətta çağırışa gələn təcili tibbi yardım maşını yolu keçmək üçün xeyli vaxt itirməli olur: "Uşaq xəstə olduğundan sahə həkiminə çağırış etmişdim. Lakin həkim həmin yolu keçməkdən ötrü xeyli gözləməli olduğundan çağırışa vaxtında çata bilmədi. Belə hallar demək olar ki, hər gün təkrarlanmaqdadır. Təkcə mən yox, məhəllənin bütün sakinləri eyni əziyyəti çəkməkdədir. Sakinlərın dəfələrlə aidiyyatı orqanlara müraciət etmələrinə baxmayaraq heç bir tədbir görülməyib". Məlumat üçün qeyd edək ki, mövcud vəziyyətə aydınlıq gətirilməsi məqsədilə dəfələrlə rəsmi orqanlara müraciət etsək də elə bir tutarlı cavab ala bilmədik. Problemin aradan qaldırılmasına görə müraciət etdiyimiz dövlət orqanlarından məsələnin nə vaxt və hansı qaydada həll olunmaq imkanı barədə sorğumuz şablon cavablardan o tərəfə keçmədi. Başa düşmək olmur ki, işıqforun fasilə ilə işləməsini təmin etmək nə dərəcədə mürəkkəb məsələdir ki, bu işi heç bir orqan öz üzərinə götürmək istəmir.
Xatırladaq ki, aidiyyati orqanların insanların rahat hərəkəti üçün şərait yaratmaları əvəzinə maneələr törətmələri barədə faktlar dəfələrlə dərc edilib. Dayanacaqların, yeraltı və yerüstü keçidlərin, işıqforların insanların kompakt yaşadıqları və daimi istifadə etdikləri ərazilərdə deyil, tamamilə kənar bir yerdə tikilməsi vətəndaşların haqlı narazılığı ilə qarşılanır. Çünki belə seçimlər insanların rahatlığına deyil, hərəkətin daha da çətinləşməsilə nəticələnir. Məhz bu səbəbdən paytaxtın mərkəzindəki əksər dayanacaqlar istifadəsiz qalıb, insanlar keçidlərdən deyil, dəmir maneələri aşmaqla yolu keçməli olurlar. Nəzarət və xidmət orqanları isə yol hərəkət qaydalarını tənzimləmək əvəzinə, vətəndaşlar üçün əlavə problem yaradırlar. Qeyd edək ki, yol polisləri, eləcə də post patrul xidmətinin əməkdaşları öz hərəkətləri ilə qəza vəziyyəti yaratmış olurlar. Belə ki, onlar səlahiyyətlərindən sui-istifadə edərək istənilən yolda, istənilən anda xidməti istifadəsində olan avtomobili əks istiqamətə yönəldirlər ki, bu da küçələrdə hərəkətin məhdudlaşması ilə nəticələnir. Yaxud, piyadaların keçidlər və yolun müəyyən olunmuş hissəsindən keçməsini tənzimləyən polislərin hərəkətləri açıq-açığına vətəndaşların cərimələnməsinə hesablanıb. Belə ki, polislər keçid üçün nəzərdə tutlan ərazilərdə dayanaraq vətəndaşları yol hərəkəti qaydalarına riayət etmələrinə istiqamətləndirmək əvəzinə ağacların, yaxud dayanacaqların arxasında dayanaraq qaydaları pozmuş vətəndaşları cərimələməklə məşğuldur. Bu kimi faktlar bir daha göstərir ki, bir sıra dövlət orqanları vətəndaşların rahatçılığını təmin etmək əvəzinə öz fəaliyyətləri ilə mövcd vəziyyəti daha da mürəkkəbləşdirməklə məşğuldur.
Alim